Afrikalı “sehrbaz” məhkəmədə danışdı: “Məmməd 20 min dolları Lumaya verdi...”

Bakı Ağır Cinayətlər Məhkəməsi hansısa Afrika ölkəsindən gəlib Azərbaycanda asan yolla varlanmaq istəyində olan tamahkarları tələyə salan, onları hansısa sehrli üsullarla kağızdan dollar düzəltməyə, yaxud bir dollar banknotundan ikincisini “çıxarmağa” inandıran daha bir dələduzun işinə baxılır. Virtualaz.org xəbər verir ki, bu dəfə məhkəmə qarşısında Bakı sakini Məmməd Məmmədovu aldadaraq 20 min dollarını 40 min dollara çevirmək adı altında ondan almaqda və mənimsəməkdə ittiham olunan Qana vətəndaşı Vanbu Aureli dayanıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Vanbu Aurelie ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, zərərçəkmiş Məmməd Məmmədovu əvvəlcədən tanıyırdı və onun mənzilində kirayədə yaşayırdı: "O, pulu mən yox, mənim yerlim Luma Kables alıb. Məmməd pulu Lumaya verib və o da bu ilin yanvar ayından Bakıdan getdi. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı. Mən onunla Bakıda həmyerlim kimi tanış olmuşdum".

V.Aurelienin sözlərinə görə, ona 20 min dollar verilməyib: "İttihamda yazılanları mən etməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi. 4 yaşında övladım var, mənə rəhminiz gəlsin".

Məhkəmənin növbəti prosesi iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş A.Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib. A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar