BİŞKEKDƏ AZƏRBAYCAN RÜSVAYÇILIĞI - Səfir və diaspor rəhbərinin park davası

Nüsrət Məmmədov: "Mitinq zamanı təkcə Yaqub Eyyubovun yox, həm də Azərbaycanın Qırğızstandakı səfiri, Yaqub Eyyubovun züy tutanı Hidayət Orucovun da portretlərini etiraz olaraq yandıracağam"

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bir sıra Azərbaycan KİV-lərinə içərisində bir sıra maraqlı məqamlar olan məktub ünvanlayıb. Məktubda Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun və baş nazirin birinci müavini Yaqub Eyyubovun ünvanına kifayət qədər sərt ittihamlar səsləndirilir. Press24.az-a istinadən həmin məktubu dərc edirik:

“Mən, Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə çağırılmışam. 2 saata yaxın DMTK-da dindirilmişəm. Mənim QR DMTK-ya çağrılmağıma səbəb Azərbaycanın həmin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun bu quruma yazdığı şikayət ərizəsi olub.

Belə ki, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov vəzifə səlahiyyətlərini icra etməyə başladığı ilk gündən fondun fəaliyyətinə maneələr yaratmağa çalışır. Səfir Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun keçirdiyi tədbirlərdə iştirak etsə də, qurumun uğurlarına qısqanclıqla yanaşır. O, bütün görüşlərində Fondu aşağılamağa çalışır, hər kəsi bizimlə əlaqə qurmamağa çağırır.

Səfir Hidayət Orucov ulu öndər Heydər Əliyev adını daşıyacaq parkın salınması üçün Fondun aldığı torpaq sahəsinə sahiblik etmək istəyir. Hər kəsdə parkın salınmasında mənim şəxsi marağımın olduğu fikrini formalaşdırır. Mən parkın salınması və abadlaşdırılması məsələsini öz üzərimə götürdüyüm halda hansı şəxsi maraqdan söz gedə bilər? Görüşdüyümüz zaman hətta Hidayət Orucovdan ona yaxın hər hansı bir adamın Fonda təhkim olunmasını və birgə işləməyimizi təklif etdim ki, arada olan xoşagəlməz söz söhbətlər aradan qaldırılsın. O isə mənim həmin təklifimi başqa cür yozaraq rəsmi qurumları parkın salınmasında şəxsi maraqlarımın olduğuna inandırmağa çalışır. Axı mən şəxsən maliyyələşdirdiyim bir işdə nə maraq güdə bilərəm?

Onu da qeyd edim ki, Hidayət Orucov bu işdə tək deyil. Ona dəstək verənlər arasında Azərbaycanın rəsmi dairələrindən olan yüksək vəzifəli məmurlar da var. Onların əsas məkrli planı Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyən xaricdəki diaspor təşkilatlarını məhv edərək prezidentin mövqeyini zəiflətməkdir. Ulu Öndər Heydər Əliyevin irsini, İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti öz vəsaiti hesabına təbliğ edən, şəxsi maliyyə imkanları hesabına ulu öndərin adını daşıyacaq park salmaq istəyən bir insanın nə marağı ola bilər? Belə dezinformasiyalarla Fondu aşağılamağa çalışan Hidayət Orucovun fikri əslində aydındır. Bu yersiz ittihamlar səfirə yaraşmayan və Azərbaycanı aşağılayan bir hərəkət, eyni zamanda cənab prezidentimizin seçkiqabağı imicinə xələl gətirməkdir. Buna başqa ad verə bilmirəm - görünən kəndə nə bələdçi. Hər şey gün kimi aydındır. “Hörmətli” səfirimizin başqa nə marağı ola bilər? Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Bişkekdə 29 kitabxanada eyni vaxtda sərgi keçirmişik. 29 kitabxanaya ulu öndərimiz Heydər Əliyev və İlham Əliyevin apardığı uğurlu xarici və daxili səyasəti özündə əks etdirən kitablar hədiyyə etmişik. Neçə illərdir xalqımızın ləyaqətli oğullarını Orta Asiyada tanıtmaq üçün çox işlər görmüşük. Bir sözlə, bu yolda can-başla xidmət edirik. Buna dəyər vermək əvəzinə səfir Qırğıızstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə məndən şikayət edir. Əhsən vallah, belə qardaşlığa, belə millətçiliyə, belə vətənpərvərliyə!

Mənim dəfələrlə cənab prezidentimizlə, akademik Ramiz Mehdiyevlə görüşüm olub. Onlar Fondun gördüyü işləri yüksək qiymətləndiriblər. Amma çox təəssüf ki, səfir H. Orucov öz şəxsi mənafeyini üstün tutaraq məni və rəhbərlik etdiyim qurumu ittiham edir. O, öz üstündəki çamuru atsa da, o çamur mənə yapışmaz. Mən kiminsə vəsaiti ilə yox, öz vəsaitimlə tədbirlər keçirir, kitablar nəşr etdirib yayıram. Hər hansı qurumun pulunu mənimsəmək üçün müxtəlif saxta sənədlər toplamıram. Mən hesabatı ancaq özümdən özümə verirəm.

Mənim QR DMTK-ə çağrılmağıma gəlincə, buna səbəb öz hüquqlarımı qorumaq istəyərkən park üçün torpaq sahəsinin əlimdən alınmasına etiraz olaraq bəzi sözlər işlətməyimdir. Belə ki, Yaqub Eyyubov Qırğızıstan Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri olaraq 29-30 aprel 2012-ci ildə Bişkekdə olub. Həmin il aprelin 6-da artıq park üçün torpaq sahəsi Fondun ərizəsi və maliyyə dəstəyi ilə ayrılmışdı. Qırğızıstan Azərbaycan hökumətlərarası komissiyanın protokolunda Bişkekdə Heydər Əliyev adına Parkın salınması öz əksini tapmışdır. Amma Yaqub Eyyubov Azərbaycanın rəsmi qurumlarına məruzə edir ki, park üçün torpaq sahəsini o, həll edib. Qırğızıstan tərəfinin həmsədri ilə görüşü zamanı “Hansısa bir fondun" lazım olmadığını bildirib. Bu, Qarabağa iddialı ermənilərin Azərbaycana qarşı işlətdikləri taktikaya bənzəmirmi? DMTK-də izahat verərkən hüquqlarımın bərpa olunanadək qanun çərçivəsində mübarizə aparmaqda davam edəcəyimi dedim. Dinc mitinqlərin keçirilməsi üçün Bişkek şəhər rəsmi qurumlarına müraciət edəcəm. Mitinq zamanı təkcə Yaqub Eyyubovun yox, həm də Azərbaycanın Qırğızstandakı səfiri, Yaqub Eyyubovun züy tutanı Hidayət Orucovun da portretlərini etiraz olaraq yandıracağam.

Hazırda hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmişəm. Azərbaycanın Qırğızıstandakı səfirliyi prosesdə tərəf olmadığı halda QR MİD-inə növbəti notanı verib. Hidayət Orucovun mənə qarşı nota verməkdən başqa bir işi yoxdur? Hidayət Orucov kimi adamlarımız olan yerdə, vallah, bizə düşmən lazım deyil. Məhkəmənin ilkin qərarında mənim tələbim təmin edilməsə də, park üçün torpaq sahəsinin bizim müraciətimiz nəticəsində ayırıldığı qeyd olunur. Bundan başqa, Bişkek şəhər meriyası da iddiaya yazdığı təkzibində park üçün torpaq sahəsinin bizim müraciətimiz əsasında ayrıldığını etiraf edir. Bişkek şəhəri Munisipial Mülkiyyət İdarəsi də analoji fikri bildirir. Amma çox təəssüflər olsun ki, Hidayət Orucovun verdiyi notaya cavab olaraq məhkəmə “Çar Solomon”un qərarını verir. İndi qarşımızda apellyasiya və beynəlxalq məhkəmələrə çıxmaq durur.

Hidayət Orucov mənə hədə-qorxu gəlir. Ətrafımı seyrəltməyə çalışır, Azərbaycanda çox yüksək təbəqələrdə əlaqələrinin olduğunu deyir və mənim başıma olmayan oyunlar açacağını vurğulayır. “Sifarişçi” Röya Osmanova ittihamlarına cavab olaraq demək istəyirəm ki, get dərslərini oxu. Çox gözəl bilirəm ki, Hidayət Orucovun mənə qarşı sifarişini yerinə yetirirsən. Digər “sifarişçi” Əsəs Həsənov mediaya açıq müraciət edərək mənə şər-böhtan atır. Hətta diplomumun saxta olduğunu deyir. Bu ittahama bir cümlə ilə cavab vermək istərdim: Qırğızıstanın hazırkı baş prokuroru Aida Salyanova ilə tələbə yoldaşı olmuşam!

Sonda əlavə edim ki, rəsmi dəvətim olduğu halda Hidayət Orucov Türkdilli dövlətlərin diaspor rəhbərlərinin birinci qurultayından məni çıxartdırdı. Qırğızıstanın DMTN-ə məndən şikayət yazdı. Onun hədələrinə görə xarici dövlətlərdən siyasi sığınacaq istəməyə qərar vermişəm. Təhlükəsizliyim təmin olunduqdan sonra yenə də mübarizəmi davam etdirərək Hidayət Orucovun üzündəki maskanı yırtacaq və onun əsl üzünü xalqa göstərəcəyəm. Mən bundan sonra da cənab prezidentimiz İlham Əliyevin apardığı bütün işlərə dəstək verəcəyəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar