İLHAM ƏLİYEV BİZİ HARA APARIR?

(Geosiyasətə aid bəzi qeydlər)

Alqış Həsənoğlu

Şimal dövlətin Ali Məhkəməsi Ümumrusiya azərbaycanlıları konqresinin qeydiyyatını ləğv edib.

İlk baxışda bu, kəşfiyyat təsiri bağışlayır; mümkündür ki, bizim, daha doğrusu hakimiyyətin əsəblərini yoxlamaq istəyirlər.

Soyuqqanlılığı qoruyub saxlamaq vacibdir: qaşınmayan yerdən qan çıxarmağa nə ehtiyac? Qaşınan yer varsa da, onu qaşımaqla “müalicə” etməyin perspektivi görünmür.

Əsl gerçəklik nədən ibarətdir?

Birmənalı mühakimə yürütməyə tələsməyək…

Ümümrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi həm də geosiyasi müzakirələrə yenidən xəfif bir təravət gətirir. Azərbaycan hansı məkanı seçməlidir: Avroatlantik, yoxsa Avrasiya?

Ölkəmiz təcrid dönəmlərini yaşayıb.

“Vaşinqton Post” qəzetinin 1992-ci il saylarından birində dərc edilmiş karikatura təsəvvürümüzə yardımçı ola bilir: ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə məsul əməkdaşı arvadlyla telefonla danışır. Bu vaxt onun köməkçisi gəlib Azərbaycanla bağlı yeni xəbərləri məruzə edir.

Köməkçi otağı tərk dəndən sonra məsul əməkdaş arvadından soruşur: əzizim, deyə bilməzsən, Azərbaycan harada yerləşir?

Bu həqiqətdir, bizi tanımırdılar, tanımaq istəmirdilər.

Hakimiyyətinin ilk illərində Heydər Əliyev Azərbaycanın xəritəsi əlində Avropanı qarış-qarış, addım-addım gəzirdi... Artıq dünya bizi tanıyır. Həm də çox yaxşı. Və tanımaqla kifayətlənməyib bizi tədqiq edir, öyrənir. Özü də cikimizə-bikimizə qədər. Yaxşı tərəflərimiz məlum: müstəqil dövlətik, insan potensialımız, ötürücü çoğrafiyamız, zəngin təbii sərvətlərimiz var...

Pis tərəfimiz nədir?

Etiraf edək ki, biz azərbaycanlılar birləşmək, bir məxrəcə gəlmək naminə bəzən on illər, hətta əsrlər boyunca ortaq dəyərlər axtarırıq, cəhdlərimiz heç bir səmərə vermir. Amma bir günün içində yüz yerə, min yerə parçalanmaq üçün bəhanələri, səbəbləri çox asanlıqla tapa bilir və çox asanlıqla parçalanır, bölünürük.

Burası ən ağrılı və ən çılpaq yermizdir...

Bu gün dünya bizi yaxşı tanısa da, biz dünyanı yaxşı tanımırıq. Dünya (qonşularımız, strateji və qeyri-strateji tərəfdaşlarımızla bir yerdə) bizim tanıyıb-bildiyimizdən daha hiyləgər, riyakar, çevik, ağıllı, sürüşkən, sərt amansız, qəddar, çox üzlüdür...

Şimal qonşumuz bizi müstəqil dövlət kimi tanıyır.

Eyni zamanda, ölkəmizi postsovet ərazisi qismində özünə məhrəm bilir. Hardasa anlaşılan və başa düşüləndir. Və hərdən bu məhrəmlik cazibəsinə o qədər alışır ki, Azərbaycanın müstəqil dövlət olduğunu yerli-dibli unuda bilir. Təbii-tarixi güvənc yeri sandığımız Türkiyə bizə dəstək verir. Öz imkan və maraqları çərçivəsində.

Bu gün Ermənistanla sərhədləri qapaması qardaş dövlətin özəl hədəflərinə uyğundur. Sabah hansı mövqe sərgilənəcək, heç kim təminat verə bilməz.

Baxmayaraq ki, biz “bir millət iki dövlətik”!

Mən bu fikrin bəsit şüar səviyyəsində dərkinə tərəfdar deyiləm. Bir millət olsaq da, fərqli coğrafiyası, fərqli övqatı, fərqli gəlir-çıxarı olan iki dövlətimiz var… Qərbin postsovet ölkələri ilə davranışı müəmmalı və ziddiyyətlidir.

Düzdür, qərb əməkdaşlıqda həvəslidir; ardıcıl və ciddi səylər nümayiş etdirir, konkret addımlar atır. Amma Qərb post sovet ölkələrini müstəqil coğrafiyalar statusunda qavrayır və görür. Qərbə, Amerikaya post sovet ölkələrinin dövlət institutları yox, ərazisi, (ucuz xammal və sərfəli satış bazarı kimi) lazımdır.

Sübut: Ukrayna təcrübəsi.

Ukraynanın coğrafiyası Amerikanın, Qərbin siyasi-iqtisadi-hərbi maraqlarını təmin edən əlverişli platsdarmdır. Ukrayna dövlətçiliyinin bütövlüyü isə kimsəni narahat etməz…

Qərbin “öz adamı” hesab etdiyi şəxslərlə rəftarı da ibrətamizdir. Ortada Saakaşvili nümunəsi var.

Gürcüstanın sabiq prezidenti hazırda “cəlayi vətən” dir. Demokratikləşdirdiyi, rüşvətin kökünü kəsdiyi ölkəsində yaşamaq ona yasaq edilib.

Aqibəti nə olacaq? Demək çətindir…

Üzləşdiyimiz problemlərdə “erməni barmağı” axtarmaqda haqlıyıq. Təəssüf ki, erməni sadəcə bir barmaq deyil. Prezidentin siyasi leksikonumuza daxil etdiyi “forpost” yarğısı münaqişənin mahiyyətinə köklü- köməcli dəqiqlik gətirir. Ermənistan adlı dövlət yox; alətdir, mexanizmdir…

İtkilərimizə rəğmən mən Azərbaycanı bu savaşın (əlbəttə ki, birinci mərhələsinin) qeyd-şərtsiz qalibi sayıram.

Hansı məntiqlə?

Bir neçə il əvvəl “Bukinist”də 18 il Sovetlər Birliyinin lideri olmuş Leonid İliç Brejnevin 75 illik yubiley foto-albomuna rast gəldim.

Kitabı evdə vərəqləyərkən xeyli təəccübləndim; Brejnevin bütün respublika rəhbərləri ilə birlikdə şəkilləri vardı, Heydər Əliyevdən savayı. Bu necə ola bilərdi? Axı Brejnev Azərbaycana və onun başçısına isti münasibət bəsləyirdi.

Səbəbini axtarıb tapdım. Nəşrin axırıncı səhifəsində, kiçik hərflərlə yazılmışdı: Şəkillər Brejnevin şəxsi fotoqrafı Xaçaturyan tərəfindən təqdim edilmişdır.

Fotoqraf vəzifəsi xırda söhbət kimi görünə bilər. Ancaq imperiya rəhbərinin qulağının dibinə, az qala ağzının içinə qədər gedib çıxmaq sıradan bir məsələ deyil.

Belə xırda vəzifə sahibləri yüzlərlə idi və “böyük” məqsədlərə canla-başla qulluq göstərirdilər. Vaxtilə Zuğulbada mühafizəçi işləmiş bir zabit tanışım deyir ki, o zaman “dövlət daçası” adlanan bu istirahət mərkəzində ərzaq saxlanan anbarın müdiri erməni qadın idi.

Ərazinin səliqə-sahmanı erməni bağbanların nəzarətində imiş.

Təqaüddə olan zabit onu da xatırlayır ki, həmin bağbanlar hərdən bəzi yüksək vəzifəli azərbaycanlıların həyat yoldaşlarıyla xısın-xısın söhbətləşərdilər…

Hər yanda, hər yerdə erməni vardı.

70-ci illərin əvvəlindən başlayaraq bu səssiz-sözsüz, topsuz-tüfəngsiz “mənimsəmənin” qarşısı alındı.

Təsadüfi deyil ki, 1987-ci ildə Siyasi Bürodan istefa vermiş Heydər Əliyevi ermənilər Azərbaycanı ermənisizləşdirməkdə ittiham edirdilər.

“Ermənisizləşdirilmiş” maddi-mənəvi ərazilərimizin miqyasını işğal olunmuş rayonlarımızla müqayisə etsək, ermənilərin böyük hesabla uduzduğu aydınlaşır...

Savaş isə bitməyib, davam edir

Planetimizi və qonşularımızı dəyişmək səlahiyyətimiz yoxdur…

Müstəqil və rasional yanaşma yeganə şansımız olaraq qalır.

Azərbaycan prezidentinin regional və qeyri-regional mənbələrdən gələn risklərdən qorunmağa hesablanmış müstəqillik modeli məhz rasional düşüncə üzərinə köklənibdir. İlham Əliyev bu gün regionun ən uca boylu dövlət başçısıdır.

Mən əsla fiziki üstünlükləri nəzərdə tutmuram. Azərbaycan liderinə boy verən onun müstəqil xarakteridir. Liderin xarakteri ölkənin yönəldilməsində xüsusi önəm daşıyır və bu xarakter bir qayda olaraq zamanında inşa edilən layihələrdə, binalarda, abidələrdə öz əksini tapır.

Bakıda Şah İsmayıl Xətainin heykəli var. AXC hakimiyyətinin təşəbbüsü ilə qoyulmuş bu abidə Şah babamıza layiq deyil.

Küçənin ortasında oturmuş yorğun-arğın, ümidsiz döyüşçü sərkərdə İsmayıla heç cür oxşamır. Abidənin görkəmi daha çox 1992-93-cü illər iqtidarının və iqtidar sahibinin məğlub durumunu ifadə edir.

Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanın müstəqilliyini heç kimə və heç nəyə güzəştə getməyən və gələcəyinə hesablanan dəmir məntiqin əyani təzahürü və marşrutudur.

İstiqamət və yol bəllidir. Dəmir yolun tikintisi başa çatmaq üzrədir. Gizli və aşkar əngəllər yaradılır.

Şübhə yox ki, müstəqil imicimizi qaralayan Qəbələ RLS-nı ləğv etməyi bacarmış iradə sahibi dəmir yolun qarşısına çıxan maneələri də keçə biləcək .

Heç bir həyəcan doğurmadan, ajiotajsız-filansız. Bakı-Tiflis-Qars projesi həm də dünyanı yaxşı tanımağımız üçün alternativsizdir. Avrasiya məkanı maraq doğuran istiqamət olaraq aktuallığını saxlayır.

Amma necə? Hansı yolla?

Napoleon Bonapart deyirdi ki, Rusiyada ancaq istiqamət var. Yol yoxdur...

635x100

Şərhlər

NURəddin 2017-05-25 01:32:30

BU QƏZET MATERİALIDIR? GUYA Kİ, ANALİTİK YAZIDIR? BU ADAMA KİM DESİN Kİ, ARTIQ MÜASİR QƏZETÇİLİKDƏ BU CÜR NAFTALİN İYİ VERƏN JANRLARDAN İSTİFADƏ OLUNMUR.TƏBİİ Kİ, HEÇ KİM ÖZ VAXTINI İTİRİB BU CÜR SERİALLARI OXUMUR VƏ MƏN DƏ OXUMADIM.QƏZETÇİLİYİN ÇAĞDAŞ STANDARTLARA GÖRƏ BİR QRANKADAN ARTIQ MƏTN OXUCUYA HÖRMƏTSİZLİK KİMİ DƏYƏRLƏNDİRİLİR. ƏLİMDƏ İMKAN OLSAYDI BU KÜNTÖY VƏ KİRLİ PALAZI NEFTÇİLƏR BAZARININ GİRİŞ QAPISINA SƏRƏRDİM.

Son yazılar