Tədris ili artırılsın, yoxsa azaldılsın? -  Ekspert rəyi

cesaret_vTəhsil Nazirliyi tədris ilinin artırılmasını təklif edib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur.

Nazirlik rəsmisi xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: “Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.

“Adını nə qoyuruqsa qoyaq, təki başlayaq. Ancaq bəri başdan əminliklə deyə bilmərəm ki, “daha 2 həftə çox öyrənmək istəyirik” adı bir çoxlarının ürəyindən olsun – irəli sürülən təklifə münasibət bildirərkən tanınmış təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspertin sözlərinə görə nazirlik yetkilisinin “Əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin sayına görə geri olan ölkəmizin tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik” iradı ilə hardasa razılaşmaq olar. Ancaq məsələ burasındadır ki, sovet dönəmində bizdə də illik tədris həftəsi 34-35 həftə civarında olub. Sonralar, 6 günlükdən 5 günlüyə keçid və bir sıra yerli –yersiz bayram günlərinin məktəblərə də şamil edilməsi, illik tədris həftəsinin 32-yə endirilməsinə gətirib çıxardı. Bu isə tədris planlarında müəyyən yüklənmələrlə müşayət olundu. Bu yüklənməni aradan qaldırmaq üçün çıxış yolunu dərs ilini iyun ayının 14-nə dək uzatmaqla 2 əlavə həftə qazanmaqda gördük.

mekteb-shagirdler-dersdeLakin gəlin görək bu neçə ildə bunun hər hansı bir nəzərəçarpacaq effektini görə bilirikmi? Təkcə dünya təcrübəsinə istinad etməklə daha əlavə 2 həftə artırırıqsa, ilk öncə bundan bir müddət əvvəl artırdığımız əlavə 2 həftənin təhsilimizə nə verdiyinin geniş təhlilini ortalığa qoymalıyıq. Hələ heç mayın sonu çatmamış dərs proqramı bitirsə və ya tədris ili yekunlaşmamış buraxılış imtahanları keçirilirsə, daha 2 həftə əlavə edib, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var.Digər bir məsələ, əgər əsas narazıçılıqlar və narahatçılıqlar dərs ilinin iyun ayının ortalarınadək çəkilməsinə görədirsə və əlavə iki həftə ayın axrına gedib çıxacaqsa, bu vəziyyətin necə qarşılanacağı qabaqcadan bəllidir. Bir də ki, tez-tez müraciət etdiyimiz dünya təcrübəsində o qədər götürüləsi nümunələr var ki,...

Hesab edirəm və təcrübə də gostərir ki, müddət təhsilin keyfiyyətinin yüksəlməsində əsas və həlledici amil sayıla bilməz. Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər? Deməli, yanaşma dəyişməlidir, məsuliyyət artırılmalıdır, səmərəli metodikalar işlənib hazırlanmalı və tətbiq olunmalıdır.

Çıxış yolunu isə Cəsarət müəllimin təklif etdiyi kimi, “tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldurmaqda”- yəni, daha iki həftə artırmaqda yox, əksinə, nisbətən daha optimal sayıla biləcək, şagirdlərin dərs yükünün azldılmasında, başqa sözlə təhsil proqramlarında və dərsliklərdə olan 2-ci, 3-cü dərəcəlı lazımsız materialların ixtisarı və sıxışdırılması yolu ilə uşaqları fiziki və psixoloji gərginlikdən azad olunmasında görürəm.

O ki, qaldı təklif olunan varianta, yəni Təhsil Nazirliyi əlavə 2 həftənin tətbiqində israrlı olacaqsa, bu o halda mümkün ola bilər ki, buraxılış və qəbul imtahanları birləşdirilərək, vahid təkpilləli imtahan sisteminə keçilsin, yəni buraxılış və qəbul imtahanları arasındakı interval tənzimlənsin, aralıq məsafə götürülsün. Baxmayaraq ki, bir çox dünya ölkələri bu sistemə keçib və biz də bununla bağlı dəfələrlə vədlər vermişik. Bir də ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsili hədəfləmişik. Əgər bu keçid baş tutarsa, təhsil müddətinin 1 il artırılması imkanlarından da səmərəli istifadə edə bilərik.

Hər halda problemin hansı şəkildə həll olunub, olunmamasından asılı olmayaraq, Təhsil Nazırliyinin təklif xarakterli bu təşəbbüsü, ictimai rəyə önəm verərək, bu vacib məsələni müzakirəyə çıxarması və ümumi rəyi öyrənmək cəhdi təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, aşkarlıq və şəffaflığın təmin olunması baxımından təqdirəlayiqdir və yalnız alqışlana bilər.

Təhsil Nazirliyi daim belə mövqe sərgiləsə, ictimai müzakirələr yolu ilə rəy və təklifləri öyrənib, ümumiləşdirib qərarlar qəbul etsə, əlbəttə bu ümumi işimizin xeyrinə olar. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə sırınan “İş dəftərləri”nin məcburi olmaması barədə gec də olsa, qərara gəldik, necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki, Qanun layihəsindən çıxarmaq istədiyimiz maqistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik, necə ki, dərsliklərimizin bərbad vəziyyətdə olması barədə ictimai qınağı nəzərə alıb, ümumu müzakirəyə vermişik, – deməli bu məsələyə də yenidən baxıb, optmal bir ortaq məxrəcə gələ bilərik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar