GÖZƏL BAYRAMLIYA HÖKM OXUNDU - 3 ay müddətinə... + FOTOLAR

AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi başa çatdı. İstintaqın təqdimatı ilə məhkəmə Gözəl Bayramlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verdi. Qərar barədə məhkəmənin önündə toplaşanlara Gözəl Bayramlının vəkili Elçin Sadıqov məlumat verib.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail məhkəməsinə gətirilib. Barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimata baxılır.

"AzPolitika" azadlıq.info-ya istinadən xəbər verir ki, G.Bayramlını məhkəməyə DSX-nın bir neçə avtomobildən ibarət kortejlə maska və zireh geymiş silahlı əməkdaşları gətirib!

 

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi AXCP sədrinin müavini Gözəl Bayramovanın saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri Dövlət Sərhəd Xidməti tərəfindən uğurla davam etdirilir: “25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi açılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Bildirib ki, G.Bayramlı hazırda Şəmkirdədir. Onun Bakıya gətirilməsi gözlənilir

***

“Gözəl Bayramlını DTX əməkdaşları dindirir”.

"AzPolitika" xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb: “Gömrük Keçid Məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları “çıxarıblar”. Hazırda onu Dövlət Töhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək qeyri- mümkündür”, – Oqtay Gülalıyev bildirib.

***

Gözəl Bayramlı Qazax gömrük məntəqəsində saxlanılıb

"AzPolitika.info"nun məlumatına görə bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat yayıb: "Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar"

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar