Şeyxülislamın Ramazan qadağaları

trend_allahshukur_pashazade_170913_mainQMİ sədrinin Ramazan fətvası ilə birlikdə mollalara tövsiyə və yasaqlarının səbəbləri

Xəbər verdiyimiz kimi, mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətvada Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək və bu tarixdən etibarən Ramazan ayının başlayacağı qeyd olunur.

Hər il olduğu kimi, Qazılar Şurasının toplantısında QMİ sədri Allahşükür Paşazadə bir sıra məsələlərə toxunub. İlk növbədə də uzun illərdir mübahisə və müzakirə olunan məsələlərdən olan fərqli təqvim məsələsinə toxunulub. Fətvada hər il olduğu kimi, bu il də QMİ və Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının başlaması, namaz vaxtları, gündəlik duaları, eləcə də bayram tarixini müəyyən edib. QMİ din xadimlərini bu ortaq təqvimə əməl etməyə çağırıb, eyni zamanda müvafiq hökumət qurumlarını bu məsələdə köməyə çağırıb.

Bundan başqa, QMİ sədri axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrdən danışmamağı tapşırıb. Şeyx din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib.

O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə diqqətli olmalıdır: “Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”.

Qeyd edək ki, bu açıqlamanın səbəbi Azərbaycanda bir sıra məscidlərdə xarici ölkələrdə baş verənlər, xüsusən də Yaxın Şərqdə yaşanan olaylara toxunulur, əksər hallada axund və imamlar ABŞ, İsrailin bölgədəki fəaliyyətləri bir çox hallarda kəskin şəkildə tənqid olunur. Görünür ki, bu barədə artıq müvafiq ölkələrdən Azərbaycan tərəfinə bildirilib. Digər tərəfdən, QMİ rəhbərliyi bu cür siyasi çağırışların son illərdə məzhəb ayrılığını daha da dərinləşdirəcəyindən narahatdır. Çünki bir qayda olaraq Yaxın Şərqdə son illərdə məzhəb üzərindən bölünmə dərinləşib və hər iki məzhəb üzərindən ciddi ittihamlar irəli sürülür. Şeyx bu cür qarşılıqlı ittihamların Azərbaycan məscidlərində yayılmasından narahatdır.

Eyni zamanda Şeyx Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirməsi etməyi yasaqlayıb. Hətta bunu edənlərin müvafiq orqanlar tərəfindən cəzalandırılacağını bildirib.

QMİ sədrinin ən çox mübahisə doğuran açıqlamalarından biri də mollaların Ramazan ayı boyunca məclislərdə iştirakına qadağa qoyması olub. Şeyx bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır. Sitat: “Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimisiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda, belə qərar verəcəyəm”.

Xatırladaq ki, Şeyxülislam daha əvvəl də bu barədə din xadimlərinə xəbərdarlıq edib. Bu göstəriş daha çox dini hökmlərlə əlaqəlidir. Məsələ ondadır ki, Azərbaycanda din azadlığı olmasına və ölkə əhalisinin böyük qisminin müsəlman olmasına baxmayaraq, bəzən Ramazan günlərində yemək məclisləri təşkil olunur. Dini baxımdan istisnalar (səfərdə, xəstə olan və sair üzürlülər - K.R.) xaric, yemək məclislərinin təşkil olunması qadağandır. Xüsusən də belə məclislərin təşkil olunması və burda din xadimlərinin iştirakı paradoksaldır. Çünki bu məclislərdə həm də insanlara dini bilgilər verilməlidir.

Lakin məsələ ondadır ki, Azərbaycan cəmiyyətində bu qaydalara bir qayda olaraq az riayət olunur. İnsanlar əsasən toyları dayandırsalar da, yas mərasimləri keçirilir və təbii ki, əksər hallarda ehsan süfrələri açılır. Bu isə dini baxımdan yasaqdır. Ancaq Şeyxin bunu qadağa ilə nizamlamağa çalışması, din xadimlərini hədələməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları bunu dini tolerantlığa zidd addım olaraq görür, bu cür qərarların, məclislərin təşkilinin insanların özlərinin ixtiyarına verilməsinin daha doğru olduğunu, Şeyxin yasağının qanunsuz olduğunu düşünür. Ancaq qeyd etdiyimiz kimi, bu daha çox dini göstərişdir və QMİ sədri bunu dini qayda olaraq irəli sürür. Bu isə inananlar üçün məsuliyyət gətirir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar