"ÖLKƏNİ XARİCİ TƏHLÜKƏLƏRDƏN QORUMALIYIQ" - İlham Əliyev

Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.Tədbirdə çıxış edərək, prezident İlham Əliyev bildirib ki, Azərbaycan Demokratik Respublikasının qurulması Azərbaycan xalqı və bütün dünya üçün tarixi hadisədir, belə ki, müsəlman dünyasında ilk dəfə demokratik respublika yaradılmışdı.

“Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaradıblar. Biz, təbii ki, bununla fəxr edirik. Məhz bizdən sonra demokratik respublikalar digər müsəlman dövlətlərində qurulmağa başlayıb. Azərbaycan xalqı və dövləti Azərbaycan Demokratik Respublikasının qurucularına daim böyük hörmətlə yanaşıb, onların xatirəsini qəlblərində yaşadırlar. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası qısa müddətdə mövcud olub. İki ildən sonra respublika süqut edib. Bu bir daha onu gözləyir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”, - prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, 1991-ci ildə bərpa edilmiş müstəqillik böyük tarixi şans, böyük nailiyyət olub.

Prezident qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk iki ili formal xarakter daşıyıb, belə ki, o zaman ölkəni idarə etmiş şəxslər tarixi şansdan istifadə edə bilmədilər.

Dövlət başçısı əlavə edib ki, bu qüvvələr ölkəni vətəndaş müharibəsi girdabına sürükləyiblər.

Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur – risklər xaricdən qaynaqlanır. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq”, - prezident bildirib və əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək: " Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaq. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq. , Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır.

Bununla bərabər, Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaq"

“Dünyada bizə hörmət edirlər və əməkdaşlığa can atırlar. Azərbaycanın heç bir ölkə ilə problemi yoxdur, Ermənistan istisna olmaqla”, - İlham Əliyev deyib. Prezident islam ölkələri ilə münasibətləri xüsusi qeyd edib, bildirib ki, islam dünyası Azərbaycanın Qarabağ məsələsində mövqeyini müdafiə edir.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətləri var və bu təşkilatlarda fəal rol oynayır: "Mən onların içərisində, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Azərbaycan bu təşkilatın fəal üzvüdür. Bu təşkilat erməni təcavüzü ilə bağlı keçən il Kontakt Qrupu yaradıb. Erməni təcavüzü, ötən ilin aprel ayında onların törətdikləri təxribat hadisələri İslam Əməkdaşıq Təşkilatı tərəfindən pislənildi. Azərbaycan dövlətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə daim dəstək göstərilir.

Eyni zamanda, Azərbaycan bu təşkilat çərçivəsində ikitərəfli əlaqələri də genişləndirir. Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak edib. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirib və təqdirəlayiq haldır ki, ABŞ prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o deyib ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir.

Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar, onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq.

Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar