UNEC-in MAGİSTRLƏRİNƏ UNİKAL İMKAN YARADILDI - Həm Azərbaycanın, həm Avropanın diplomu...

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) son illər həyata keçirilən cəsarətli islahatlar ölkə ictimaiyyətinin, xüsusilə də elm və təhsil cameəsinin diqqətini bu ali təhsil müəssisəsinə cəlb edə bilib. UNEC-də idarəçilikdə, tədrisdə, professor-müəllim heyətinin elmi fəaliyyətində və sair məsələlərdə Azərbaycan üçün inqilabi sayıla biləcək dəyişikliklər həyata keçirilib. Bunun sayəsində UNEC yalnılz Azərbaycanda və MDB məkanıda deyil, bütün dünyada nüfuzlu universitetlərdən biri kimi tanınmağa başlayıb. Təsadüfi deyil ki, UNEC Avropanın və dünyanın bir çox tanınmış universitetləri ilə qarşılıqlı müəllim və tələbə mübadiləsinə, eləcədə, birgə elmi tədqiqatların aparılmasına dair müqavilələr imzalayıb. Bu günlərdə aparılan işlərin davamı olaraq daha böyük bir addım atılıb.

Belə ki, Universitetinin rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə UNEC nümayəndə həyəti Litvanın paytaxtı Vilnüs şəhərində olub. Səfər çərçivəsində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb.

Bu razılaşmanın UNEC magistrlərinə hansı üstünlüklər qazandıracağı, əməkdaşlığın hansı formada inkişaf etdiriləcəyi, eləcədə, Universitetdə həyata keçirilən bəzi digər işlərlə bağlı Litvaya səfər edən nümayəndə həyətinin üzvlərindən biri, “İqtisadiyyat” fakültəsinin dekanı, dosent Asiman Quliyevin fikirlərini öyrəndik. Onun “AzPolitika.info”ya müsahibəsini təqdim edirik.

- Asiman müəllim, bu günlərdə UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Litvada səfərdən olmusunuz . Səfər çərçivəsində Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti ilə müqavilə imzalanıb. Bu səfərdə məqsəd nə idi. Mikolos Romeris Universiteti ilə bağlanmış müqavilə UNEC-in tələbə və magistrləri üçün hansı üstünlükləri vəd edir?

- İlk növbədə Universitetimizdə gedən proseslərə diqqət yetirdiyiniz üçün “AzPolitika.info” saytına təşəkkür edirəm. Bəli, ötən həftə UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə Litvaya səfər edərək, bu ölkənin paytaxtı Vilnüs şəhərində yerləşən və Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivlərini müzakirə etmişik. Müzakirələrin nəticələrindən biri kimi, mayın 29-da UNEC ilə Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Qeyd etməyi lazım bilirəm ki, bu razılaşma həm Azərbaycanın təhsil sistemi, həm də İqtisad Universitetinin fəaliyyəti üçün çox önəmi sazişlərdən biridir. Belə ki, bu saziş Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in tələbələri, xüsusən də magistrləri üçün çox böyük imkanlar açır. Hansı imkanları?

Bilirsiz ki, Azərbaycan hökuməti tərəfindən xaricdə yüksək ixtisaslı mütəxəssislərin hazırlığı məqsədilə uzunmüddətli Dövlət Proqramı həyata keçirilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində çoxlu sayda Azərbaycan gəncinin xarici ölkələrin, o cümlədən Avropanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradılıb.

Ancaq hazırda Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və mütəxəssis hazırlığında universitetlərin rolu artırılıb, üzərlərinə daha yüksək vəzifələr qoyulub. Bu da Azərbaycan universitetlərindən xarici ölkələrin nüfuzlu təhsil müəssisələrilə əlaqələri genişləndirməyi, mütəxəssis hazırlığında tanınmış təhsil ocaqlarının təcrübəsindən, imkanlarından istifadə edilməsini tələb edir. Bu baxımdan hörmətli rektorumuz Ədalət müəllimin rəhbərliyi ilə çox böyük işlər görülüb. Litvaya etdiyimiz səfər çərçivəsində də bu işlərin davamı olaraq daha bir əhəmiyyətli addım atıldı.

Qeyd etdiyim kimi, UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Bu razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Yəni, bu ildən İqtisad Universitetinin magistraturasına qəbul olunanlar həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin magistr diplomunu əldə edə biləcəklər. Başqa sözlə, həm Azərbaycanın, həm də Avropanın diplomuna sahib olmaq imkanı qazanacaqlar. Bu da, əlbəttə, UNEC-in magistraturasında oxuyanlar üçün unikal imkanın yaradılması deməkdir. Azərbaycan universitetləri arasında ilk belə addımdır ki, UNEC-in rəhbərliyi tərəfindən atıldı. Əlbəttə, biz bununla qürur duyuruq və bu işin təşkilatçılarına, reallaşdıranlara təşəkkür edirik. Bu, bizim gələcək magistrlərimiz üçün böyük töhfədir.

Qeyd edim ki, UNEC London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə də əməkdaşlıq edir. Tələbələrinə həmin universitetlərin də diplomunu əldə etmək imkanı verən müqavilələr imzalayıb. Ancaq Mikolos Romeris Universiteti ilə bağlanmış müqavilə UNEC-in magistrlərinə daha böyük imkanlar yaradır.

- UNEC-in magistraturasına qəbul olunanlar Mikolos Romeris Universitetinin də diplomunu əldə etmək üçün nə qədər müddət Litvada oxumalı olacaqlar? Və bunun üçün nə qədər maliyyə tələb olunacaq? Bilirik ki, Avropada təhsil haqqı yüksəkdir. Proqramda iştirak edən magistrlərə hansı güzəştlər olacaq?

- Qeyd edim ki, UNEC ilə Mikolos Romeris Universiteti arasında imzalanan magistratura səviyyəsində ikili diplom sazişinə əsasən, cari ilin sentyabr ayından başlayacaq müvafiq proqram həyata keçiriləcək. Həmin proqram çərçivəsində bu ildən UNEC-ə qəbul olan magistrlər birinci ilin ilk semestrini UNEC-də başa vuraraq, ikinci semestrini Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti 3-cü və 4-cü semestr isə yenidən təhsillərini UNEC-də davam etdirəcəklər.

Bu ikili diplom proqramı UNEC magistrlərinə universitetimizin professorları ilə yanaşı Mikolos Romeris Universitetinin professorları ilə elmi-tədqiqat işlərini yerinə yetirmək imkanı da verəcək. Hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlər isə həm UNEC kimi nüfuzlu ali təhsil müəssisəsinin, həm də Avropada yüksək prestijə malik Mikolos Romeris Universitetinin diplomunu əldə edəcəklər. Azərbaycan gəncləri, onların ailələri üçün bundan böyük töhfə nə ola bilər. Bu hər bir gənc üçün böyük fürsətdir. Mən magistraturaya sənəd verən hər bir gənci bu fürsətdən istifadə etməyə çağırıram.

Qeyd edim ki, Mikolos Romeris Universitetində təhsil almaq imkanı əldə etmək də asandır. UNEC-in magistraturasına daxil olan tələbələr ilk semestrdə - 6-7 ay ərzində ingilis dili üzrə bacarıqlarını bir qədər artırmaqla bu proqramda iştirak etmək imkanı əldə edəcəklər. Həmin Universitetdə oxuduğu 1 semestri müvəffəqiyyətlə başa vurmaqla isə, həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomunu almaq imkanı qazanacaqlar.

Maliyyə məsələsinə gəlincə, qeyd edim ki, elə də böyük vəsait tələb olunmayacaq. Bilirsiniz ki, Azərbaycandan olan tələbələr xaricdə magistraturada oxumaq, Avropa ölkələrinin magistr diplomunu əldə etmək üçün xeyli vəsait və uzun müddət vaxt sərf edirlər. UNEC-in bu proqramda iştirak edəcək magistrlərı isə həm vəsaitlərinə, həm də vaxtlarına qənaət etməklə, Avropanın nüfuzlu Universitetinin diplomunu alacaqlar. Proqramda iştirak edən magistrlərə Mikolos Romeris Universiteti tərəfindən, təxminən 50 faiz güzəşt olacaq. Və eyni zamanda magistrlər 1 ilin 2-ci semestrini Mikolos Romeris Universitetində oxuyarlarsa, həmin semestr üçün UNEC-ə ödəyəcəkləri təhsil haqqından azad olunacaqlar. Fərq o qədər də böyük olmayacaq. Yəni, çox da böyük olmayan bir məbləğdə təhsil haqqı (təxminən, 1000-1500 avro) ödəməklə, əlavə olaraq Avropanın nüfuzlu universitetlərindən birinin diplomunu əldə edəcəklər. Hansı ki, bu diplom onlara Azərbaycanla yanaşı Avropa Birliyi ölkələrinin də əmək bazarının qapılarını açacaq. Avropada da rahat iş əldə etmək imkanları yaradacaq.

Eyni zamanda qeyd edim ki, Universitetin çox sakit və yaşıl guşədə böyük bir kampusu var. Biz Universitetin maddi-texniki bazası, tədris imkanları ilə tanış olduq. Qalmaq üçün yataqxanası, keyfiyyətli təhsil üçün hər bir şəraiti mövcuddur. Həyat tərzi də münasibdir, qiymətlər baha deyil.

Eləcə də, proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb.

Orada oxuyan azərbaycanlı tələbələrlə də söhbət etdik. Yeri gəlmişkən qeyd edim ki, Mikolos Romeris Universitetində UNEC-in 1 magistr, 3 bakalavrı “ERASMUS” proqramı çərçəvəsində təhsil alır. Hörmətli rektorumuz Ədalət müəllim onlarla görüşüb, söhbət etdi. Onlar da universitetdəki şəraitdən və təhsilin səviyyəsindən razılıq etdilər.

Elə Mikolos Romeris Universitetinin rektoru, professor Algirdas Monkevičius də UNEC-in orda təhsil alan tələbələrindən razılıq etdi. Bildirdi ki, sizdən gələn tələbələr təhsil proqramını çox uğurla mənimsəyirlər.

Bir sözlə, Mikolos Romeris Universitetilə bağlanmış saziş UNEC-in gələcək magistrləri üçün gözəl imkanlar yaradır. Bağlanmış müqavilə kifayət qədər səmərəli, tələbələr üçün qənaətçil və yaxın gələcəkdə böyük effekt verəcək bir layihədir. Məm inanıram ki, çoxlu sayda magistrimiz bu proqramdan yararlanaraq, yüksək ixtisaslı mütəxəsis kimi ölkəmizə öz töhfələrini verəcəklər.

Qeyd edim ki, UNEC rəhbərliyi, hörmətli rektorumuz, professor Ədalət Muradov bu istiqamətdə əməkdaşlıq edəcəyimiz ali təhsil müəssisələrinin sayını artırmaq niyyətindədir. Yaxın gələcəkdə Avropanın digər nüfuzlu universitetləri ilə də əlaqələr qurularaq, daha az vəsaitlə, xaricdə daha az zaman oxumaqla, onların da diplomlarının alınması, 2-li, 3-lü diplomların əldə edilməsi üçün müvafiq addımlar atılır.

- Asiman müəllim, hazırda universitetlərə qəbul prosesi gedir. Artıq birinci mərhələ yekunlaşıb. Bilirik ki, İqtisad Universiteti hər zaman abituriyentlərin ən çox müraciət etdiyi universitetlərdən biri olub. Bu il vəziyyət necədir? Müraciət edənlərin sayı, bal səviyyəsi artıbmı?

- İqtisad Universiteti bu sahədə də müəyyən işlər həyata keçirib. UNEC-in saytına baxsanız görərsiniz ki, aprel-may aylarında bizim professor-müəllim heyətimiz Bakının, regionların məktəblərinə mütəmadi səfərlər edərək, gələcək abituriyentlərə universitetimiz haqda məlumat vermişdi. Bu zaman yüksək nəticələr göstərən məktəblərə daha çox diqqət yetirilmişdi. Bu yaxınlarda UNEC-də 600-dən çox bal toplayan tələbələrlə görüş keçirilib. 700 bal toplayan tələbələr universitetlə tanış edilib. Bütün bunlar təbii ki, təsirsiz ötüşməyəcək. İnanıram ki, İqtisad Universitetinin müxtəlif ixtisaslarına ən yüksək bal toplamış abituriyentlər müraciət edəcəklər. Çünki universitetimizdə aparılan işlər ictimiyyət tərəfindən də diqqətlə izlənir, qiymətləndirilir. Təbii ki, abituriyentlərin seçiminə də təsir edir. Ona görə də, universitetimizə müraciət edən abituriyentlərin balları ildən-ilə artır. Bizdə elə ixtisaslar var ki, orada 600–dən aşağı bal toplayan tələbə yoxdur. Keçən il 600-dən çox bal toplayan 291 abituriyent, 1 nəfər də 700 bal toplayan abituriyent İqtisad Universitetini seçmişdi. Bu il bu rəqəmlərin daha da artacağı qənaətindəyik. Əsas odur ki, bu yüksək bal toplayaraq tələbə olan gənclərə yüksək təhsil verək. Bu məqsədlə də bir çox işlər həyata keçirilir. Məsələn, dekanı olduğum “İqtisadiyyat” fakültəsində birinci kursun 1-ci semestrində kollokviumlarda ən yüksək bal toplayan tələbələr üçün olimpiada təşkil olunur. Onlar bir də biliklərini bu olimpiadada sınaqdan keçirirlər, sertifikatlar, birinci və ikinci dərəcəli diplomlar alırlar. Digər tərəfdən, hər tədris ilini uğurla başa vuran tələbəni qrup birincisi elan edir və sinif nümayəndəsi təyin edirik. Bundan əlavə universitet səviyyəsində tələbələrin daha yüksək biliklər əldə etməsi üçün tədbirlər həyata keçirilir. Gələn tədris ilindən tələbələrin öz ixtisaslarına daha dərindən yiyələnmələri təmin etmək üçün onların bir semestr – 14 həftə istehsalat təcrübəsi keçməsinə nail olunacaq. Bununla bağlı Universitetdə ayrıca şöbə yaradılıb. Elmi Şurada bu məsələ müzakirə olunub, dekanlıqların, kafedraların qarşısında konkret tələblər qoyulub. Gələn ildən başlayaraq bütün tələbələr öz ixtisaslarına uyğun istehsalat təcrübəsindən keçəcək, həmin müddətdə Əmək kitabçaları ilə təmin olunacaq, UNEC-də əldə etdikləri nəzəri bilikləri təcrübədə daha da dərinləşdirəcəklər. Bu çox çətin iş olsa da, əminəm ki, öhdəsindən gələcəyik. Bu günə qədər İqtisad Universitetində həyata keçirilən islahatların uğurla nəticələnməsi də belə deməyə imkan verir.

İsmayıl İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar