Yol polisi rəisinin maşını evakuatorla aparılıb cərimələndi

Dərc olunub: 12/06/2014 - 18:27

51479_res_01Bu gün saat 16:50 radələrində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisində yerləşən cərimə meydançasında maraqlı olay baş verib.

Avtosfer.az saytının əməkdaşı olayan canlı şahidi olub. Ağ rəngli “Mercedes ML” markalı nəqliyyat vasitəsi evakuasiya edilərək cərimə meydançasına gətirilib. Az sonra avtomobilin sahibi də cərimə meydançasına gələrək maşını götürmək istəyib.

Saytın əməkdaşı həmin şəxsin İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Əhməd Cəlilov olduğunu öyrənib. Ə.Cəlilov özünü polis əməkdaşı kimi təqdim etməyərək avtomobili cərimə meydançasından çıxarmaq üçün cərimə ödəyib. O, cərimə meydançasında pul yığmaq işinə baxan yaşlı kişidən nə qədər ödəməli olduğunu soruşduqda ondan 40 manat tələb olunub.

Əhməd Cəlilov əsəbi halda pulu ödədikdən sonra həmin kişidən qəbz və ya avtomobili cərimə meydançasından çıxardığına dair hər hansı sənəd tələb edib. Lakin cərimə meydançasının rəisi, polis serjantı Cahangir Ağayevin otağının qapısı önündə oturan həmin şəxs “heç bir sənəd vermirik, sadəcə burada bir kağıza imza atıb maşını apara bilərsiniz” deyə cavab verib.

Əhməd Cəlilov bundan əsəbiləşərək “haramları olsun” deyib və kağıza imza atıb. Sonra isə qəbz tələb edib. Lakin yenə də dayanacaqda pul yığan kişi bildirib ki, qəbz vermək üçün inzibati protokol açılmalıdır. Bu zaman sürücü həmin protokolla banka gedib cərimə ödəməlidir. Ödəniş qəbzinin sürətini onlara gətirib verdikdən sonra avtomobili cərimə meydançasından çıxara bilər: “Bu da uzun işdir. Siz narahat olmayın, özümüz aparıb ödəyəcəyik”.

Polis rəisi Əhməd Cəlilov isə “axı necə ödəyəcəksən, qəbzi mənə necə gətirib verəcəksən” deyə sual etdikdə isə həmin kişi qəribə cavab verib: “Qəbzi neynirsən ki?! Maşını götür, yaxşı yol”.

Əhməd Cəlilov isə ona heç bir cavab vermədən maşina minərək cərimə meydançasını tərk edib.

Yeri gəlmişkən, sözügedən cərimə meydançasının rəisi, serjant Cahangir Ağayev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərovun qaynıdır.








loading...


Fikrinizi bildirin