Quşbaz qonşusunu göyərçinə görə öldürdü - Ailəsi ilə barışıb...

Bakıda qonşusunu göyərçinə görə öldürən şəxs apellyasiya şikayəti verib. O, 14 illik cəzasının azladılması üçün məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, qətl törətməkdə təqsirləndirilən 1976-ci il təvəllüdlü Kərimov Qüdrət Şahin oğlu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verib.

Törətdiyi əmələ görə 14 il azadlıqdan məhrum edilən Q.Kərimov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Apellyasiya şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Qüdrət Kərimov həbs edilmədən iki il əvvələ qədər göyərçin quşlarını saxlamaqla məşğul olub. Onun uçub gedən göyərçinlərindən biri geri qayıdıb. Qonşusu Kamran Babayev də həmin göyərçini Qüdrətdən istəyib. Bu zaman qonşular arasında münasibətləri pozulub və bir neçə dəfə bu məsələyə görə mübahisə ediblər.

Sonuncu dəfə onlar arasında yaşadıqları Saray qəsəbəsindəki məhəllələrində yenə mübahisə düşüb. Bu mübahisədən sonra K.Babayevi qəsdən öldürmək qərarına gələn Q.Kərimov uzun müddət ərzində yaşadığı evində qanunsuz olaraq əldə edib, gizli olaraq saxladığı “Makarov” tipli tapança ilə qonşusunu vurub.

Kamran Babayevin yaşadığı evin qarşısına gələn Q.Kərimov qonşusunu avtomobilində güllələyib və hadisə yerindən qaçıb.

Təqsirləndirilən Q.Kərimovun vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, cinayət əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, əxlaqsız əxlaqsız davranışı ilə əlaqədar yaranmış psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Vəkil apellyasiya şikayətini əsaslandırarkən deyib ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən müəyyən olunub ki, mübahisənin baş verməsinin təşəbbüskarı mərhumun özü olub. Müdafiəçi deyib ki, mərhum təqsirləndirilən şəxsi qonşuların gözü qarşısında nalayiq söyüşlərlə təhqir etdikdən sonra daş parçası ilə onu vurub, xəsarət yetirib.

“Bundan sonra Qüdrət Kərimov hadisənin səhəri günü mərhumla yenidən görüşərək ondan üzr istəməsini tələb edib. Amma mərhum yenidən onu təhqir edib. Bu söyüşlər Qüdrət Kərimova pis təsir göstərib və əsəbiləşərək onu vurub. Müdafiə etiyim şəxsdə güclü ruhi həyəcan vəziyyəti yaranıb. Ekspertiza rəyi də birbaşa dediklərimi təsdiq edir. Həmin rəydən görünür ki, Qüdrət Kərimov qıcığa qarşı tez reaksiya verən, kinli, inadkar, hirsli, qəzəbli şəxsdir. Mərhumun hüquqazidd əməlləri onu özündən çıxarıb. Mərhum dəfələrlə məhkumluq həyatı yaşadığından və təhlükəli şəxs olduğundan Qüdrət hər ehtimala qarşı özünü müdafiə etmək məqsədilə silah götürüb. Qüdrət özü polisə təslim olub. Hadisə yerindən qaçmasının səbəbi isə qorxması olub. Bütün bunların nəzərə alaraq müdafiə etdiyim şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edirəm”- deyə vəkil çıxışında söyləyib.

Vəkil onu da qeyd edib ki, mərhumun yaxınları ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilib. Bu da yünügülləşdirici hal kimi qiymətləndirilməlidir.

İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin apellyasiya şiakyəti ilə bağlı qərarında qeyd edilir ki, qətli törədən şəxsin həmin vaxt affekt vəziyyətdə olması öz təsdiqini tapmayıb.

Qərara görə işin faktiki hallarından müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərcəkmiş şəxsə ağır xəsarətlər yetirdikdən sonra onu köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Yalnız polis tərəfindən axtarışda olduğunu bildikdən sonra polis bölməsinə gedərək təslim olub.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi cinayət əməlini 120.1-ci maddəsi ilə düzgün tövsif etsə də, ona həmin maddə ilə nisbətən sərt cəza təyin edib.

Məhkəmədə Qüdrət Kərimovun əvvəllər məhkum olunmamasını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını nəzərə alaraq qeyd edib ki, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmayıb.

Kollegiya Q.Kərimovun əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq onun cəzasını azaldıb.

Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətini qismən təmin edərəl Q.Kərimovun cəzasını 14 ildən 13 ilə endirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar