Gültəkin Hacıbəylini susdurmaq ücün qondarma cinayəti işi açılır

Keçmiş deputatla mübarizədə əsəbləri dözməyən hakimiyyət biri-birindən daha iyrənc addımlar atır

Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin təqibləri ara vermir. Bu xanıma qarşı yeni, artıq üçüncü məhkəmə çəkøişməsi başlayıb. Hakimiyyətin maşası rolunda yenə də Gültəkin Hacıbəylinin doqquz il öncə ayrıldığı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və ailəsi çıxış edir.

Xatırladaq ki, bu ilin 17 may tarixində Mahmud Mehdiyev mətbuat konfransı keçirərək oğlunun anasını prezidenti sevməməkdə, hakimiyyətə qarşı nankorluqda, korrupsiyada, reketçilikdə, dövlət büdcəsini talamaqda və s. ağır cinayətlərdə ittiham etmiş, ona qarşı çoxsaylı böhtan və təhqirlər səsləndirmişdi. Gültəkin Hacıbəyli isə böyüklük göstərərək susmuşdur. Az sonra Nəsimi rayon məhkəməsi faktiki olaraq Gültəkin Hacıbəylinin doqquz yaşlı uşağını iradəsinə zidd olaraq onu böyüdən anasından alınaraq heç üzünü belə görmədiyi “ata”sına verilməsi ilə bağlı absurd bir qətnamə qəbul etdi. Daha sonra Mahmud Mehdiyevin təqaüdçü anası Məmmədova Nəhayətin yadına saldılar ki, o, on il əvvəl “maddi imkanı olmayan” gəlininə 50 min dollar borc verib. Bu, heç bir qanuni əsası olmayan, heç bir fakta söykənməyən iddia əsasında Nəsimi rayon məhkəməsi Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoydu.

* * *

Mülki iddialarla Gültəkin Hacıbəylinin iradəsini sındıra bilməyən rejim ona qarşı repressiyaları daha da ağırlaşdıraraq cinayət təqibi müstəvisinə keçirir.

24 sentyabr 2013-cü il tarixində Yasamal rayon məhkəməsinin icraatına Mehdiyev Mahmud Lətif oğlunun və onun bacısı Mehdiyeva Aynur Lətif qızının Gültəkn Hacıbəylinin Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətləri daxil olmuşdur. Mehdiyevlər məhkəmədən Gültəkin Hacıbəylinin həbsini tələb edirlər. Məhkəmə zəruri sənədləri Gültəkin xanıma çatdırmadığı, o cümlədən hüquq və vəzifələri haqqında bildiriş belə təqdim etmədiyi səbəbindən 01 oktyabr tarixdə keçirilən hazırlıq iclasını 07 oktyabradək təxirə salıb.

Tamamilə böhtan və uydurma xarakterli bu işin siyasi sifariş olması və Gültəkin Hacıbəylini Milli Şuradakı aktiv fəaliyyətindən çəkindirmək, cəzalandırmaq məqsədi daşıması heç bir şübhə doğurmur və seçki öncəsi MŞ-ya qarşı aparılan repressiyaların tərkib hissəsidir.

Belə ki, 13.06.2013-cü il tarixində DIN-in rəsmi saytı DIN-nin Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yaymışdı. O zaman bir çox iqtidaryönlü KIV-lər Aynur Mehdiyevanın tutulması, saxlanması xəbərini “Filippinli qadını evində zor gücünə işlədən Bakı sakini tutuldu”, “Bakıda Filippin vətəndaşını qul kimi işlədən qadın saxlanıldı” başlıqları ilə manşetə çıxarmışdılar. Mehdiyevlərin Aynur Mehdiyevanın tutulması və saxlanması faktını yayan və ilkin mənbə rolunda çıxış edən heç bir KIV-i yox, bu faktı öz müsahibəsində iki ay sonra xatırladan öz keçmiş gəlinlərini məhkəməyə verməsi, özü də buna görə cinayət işinin başlanmasını tələb etməsi hüquq adına nonsensdir.

* * *

DIN-nin iki idarəsinin birgə keçirdiyi bu əməliyyat tədbirinin detalları bugünədək ictimaiyyətdən gizlədilsə də, DIN rəsmiləri, o, cümlədən, DIN-nin rəsmi sözçüsü Ehsan Zahidov dəfələrlə mətbuata verdikləri açıqlamalarında Aynur Mehdiyevanın “işinin istintaqının davam etməsini, onun əməllərinə hüquqi qiymət veriləcəyini və Aynur Mehdiyevanın törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verəcəyini” bildiriblər. Bu məsələni diqqətdə saxlayan, zərərçəkmiş kimi tanınan filippinli qadının hüquqlarının müdafiəsini təmənnasız olaraq öz üzərlərinə götürən və vaxtaşırı onun saxlanıldığı sığınacağa baş çəkərək durumu ilə maraqlanan “Miqrantlara Hüquqi Yardım” Ictimai Birliyinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev də əvvəlcə, mətbuata açıqlamasında onda olan məlumata görə artıq istintaqın yekunlaşaraq məhkəməyə göndərilmə mərhələsində olduğunu söyləmişdi. Daha sonra isə Ə.Əliyev mətbuata bildirmişdi ki, istintaq ona məlum olmayan səbəbdən uzanır və gələn həftə özü şəxsən filippinli qadına baş çəkəcək, istintaqın gedişiylə maraqlanacaq:ÿ"Biz həmin Filippin vətəndaşına hüquqi yardım göstəririk. Onun Aynurə Mehdiyevaya qarşı iddiası var. Həmin Filippin vətəndaşı bununla bağlı Insan Alverinə Qarşı Mübarizə idarəsinə ərizəylə müraciət edib. Biz isə təşkilat olaraq ona yardımçı olmağa çalışırıq".

Indi isə Mehdiyevlər Aynur Mehdiyevanın heç vaxt polis orqanları tərəfindən saxlanılmadığını, hər hansı istintaq orqanı tərəfindən şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini bildirirlər. Əgər saxlanma faktı olmamışdırsa, əksəriyyəti hakimiyyətyönlü fərqli media quruluşları niyə bu barədə eyni zamanda məlumat yaymışdır və bu məlumatlar bugünədək təkzib edilməmişdir? Əgər Aynur Mehdiyeva istintaqa cəlb edilməmişsə, DIN-nin rəsmi sözçüsü mətbuata açıqlamasında niyə onun istintaqının davam etməsini, əməlinə hüquqi qiymət veriləcəyini və törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verəcəyini yazmışdır. Burada kim yalan danışır- Mahmud və Aynur Mehdiyevlər, yoxsa Ehsan Zahidov? Mehdiyevlər ilkin mənbə rolunda məlumatı yayan DIN-i niyə məhkəməyə vermirlər? Yekunlaşaraq məhkəməyə göndərilmə mərhələsində olan istintaq işi birdən-birə hara qeyb oldu? Iki idarənin birgə həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Filippin vətəndaşının bir ildən artıq müddətdə sənədlərini götürməklə və zor tətbiq etməklə əməyini istismar etməsi əməli ifşa olunan Aynur Mehdiyeva barəsində istintaq tədbiri aparılmırsa və o, məsuliyyətə cəlb olunmursa, DIN-nin iki idarəsi birgə əməliyyat tədbirini nə məqsədlə həyata keçirib və bu barədə rəsmi məlumatı niyə yayıb? Və nəhayət, ən maraqlısı, bütün bunların Gültəkin Hacıbəyliyə nə aidiyyəti var?

* * *

Bütün ölkənin gözü qarşısında oğlunun anasına qarşı biabırçı mətbuat konfransı keçirərək ona böhtanlar atdığı, buna görə ictimaiyyətin ağır qınağına tuş gəldiyi və Gültəkin xanımın ona kişilik dərsi keçərək susduğu halda Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı yenidən hücumunun səbəbi nədir?

Biz, hakimiyyətin Aynur Mehdiyevanın xilası müqabilində Mehdiyevlər ailəsindən hələ çox istifadə edəcəyi barədə ehtimalımızı irəli sürmüşdük. Təəssüf ki, Azadlığın ehtimalı özünü doğrultmaqdadır. Güman ki, Gültəkin Hacıbəyliyə qarşı bu həbs tələbinin qarşılığında Mehdiyevlər ailəsi Aynur Mehdiyevanın azadlığını əldə edib. Istənilən halda, bu məhkəmə prosesi, DIN-nin ciddi-cəhdlə sirr pərdəsi altında saxladığı Aynur Mehdiyeva və onun qurbanı olan Filippinli qadın işinə işıq salmaq üçün bir fürsət olacaqdır. Azadlıq olaraq biz bu analoqu olmayan məhkəmə prosesini geniş işıqlandıracağıq.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar