"MÜAYİNƏ ZAMANI ÜRƏYİ DAYANIB..." - Nazirin səhhəti ilə bağlı yeni məlumatlar (Yenilənib)

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, iyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.

Xəstəxanaya daxil olandan 5 saat sonra Natiq Əliyev Kardio-reanimasiya şöbəsinə yerləşdirilib. Həmçinin vəziyyətlə bağlı yerli və xarici mütəxəssislərdən ibarət konsilium təşkil edilib. İyunun 4-də qərara alınıb ki, nazir Türkiyədə ixtisaslaşmış xəstəxanaya göndərilsin. Dünən günorta saatlarında xüsusi təyyarə və bütün hazırlıq tədbirləri yekunlaşdırılıb. Lakin mövcud riskləri də nəzərə alaraq onun səhhətinin bir qədər də normallaşması, həmçinin, özünün də rəyinin alınması lazım bilinib və bir qədər gözləmək qərara alınıb. İyunun 5-nə keçən gecə Natiq Əliyev Türkiyəyə yola salınıb.

***

Ötən gün səhhətində problem yaranan energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında nazirin ailəsi onun müalicəsini davam etdirmək üçün Türkiyəyə aparıb.

Qeyd edək ki, ötən gün ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Onun ürəyinə stendlər qoyulub.

***

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

 

***

Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.

AzPolitika.info Lent.az saytına istinadla bildirir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan N.Əliyev xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiqləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar