«MAAŞIM DOLANIŞIĞIMIZA BƏS EDİR...» - "Əli Nağıyevin də müsbət cəhətləri var"

"Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam. Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər". Keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Modern.az saytına müsahibəsində belə deyib.

Sabiq nazir müsahibədə bir çox məsələlərdən danışıb. Məsələn, müvafiq suala cavab olaraq bildirib ki, aldığı maaş onun normal yaşayışına, hətta xaricdə istirahətinə bəs edir. Sitat: "Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam. Ailəmdən, övladlarımdan çox razıyam. Hər gün onlarla danışıram, nəvələrimi soruşuram. İşə gələndən sonra həyat yoldaşımla bir neçə dəfə telefonda danışıram..."

"AzPolitika" sabiq nazirlə müsahibənin bir hissəsini təqdim edir:

- Bu il istirahət üçün hansı ölkəni seçəcəksiniz?

- Əsas Azərbaycan olacaq. Amma eyni zamanda Allah qismət etsə, 10 gün Türkiyədə, 10 gün də Berlində istirahət etmək fikrim var. Bundan başqa, mən İsmayıllıda da olacağam. Orada mənim evim var. Novxanıda da bağda olacağam.

- Qərbi Azərbaycandansınız. Heç oraların xiffətini çəkirsiniz?

- Zaman-zaman fikirləşirəm. Mən orada doğulub, orada orta məktəbi bitirmişəm. 1988-ci ilə qədər bizim ora ilə daimi əlaqəmiz olub. Ancaq indi, uzun müddət vaxt keçib. Hərdən yadıma düşür, yuxuma girir, keçənləri xatırlayıram. Arzumuz budur ki, ərazi bütövlüyümüz təmin olunsun, gələcəkdə o torpaqlara da getmək imkanlarımız olsun.

- Nazir olanda o dövrün əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aranızda mübahisələriniz olub. Bu gün Əli Nağıyevlə əlaqələriniz varmı?

- Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var.

- Ümumiyyətlə, keçmiş nazirlərlə münasibətləriniz qalıb?

- Müəyyən tədbirlərdə görüşürük, səmimi söhbətlərimiz olur.

- Hobbiniz nədir?

- Hər gün təxminən 3 saat havada gəzintidə oluram. Əsas hobbim budur. Yayda hava yaxşı olanda dənizə gedirəm. Dənizdə üzməyə, dəniz kənarında gəzməyə maraqlıyam. Başqa bir hobbim yoxdur.

- Mütaliəyə vaxt qalır?

- Hazırda 4-5 kitabın üzərində işləyirəm. Vaxtım olanda bədii ədəbiyyat da oxuyuram. Son vaxtlar xalq yazıçısı Elçinin “Baş” əsərini oxumuşam. Bu, çox ciddi, tarixi romandır. Lap son günlərdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı “Yalama” əsərini oxumuşam. Demək olar ki, birnəfəsə oxudum. Mən Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatları ilə maraqlanıram. Riyaziyyatçı alimlərimizin həyatından oxuyuram.

- Nə zamansa Azərbaycan öz Eynşteynini yetişdirə biləcəkmi? Proqnozunuz nədir?

- Bu proqnozu səsləndirmək çox çətindir. Ancaq hər halda onun şahidiyəm ki, Azərbaycanda elm inkişaf edir. Bu gün azərbaycanlı alimlər var ki, Eynşteyn olmasalar da, onlarla hesablaşırlar. Bizim fəxr olunası alimlərimiz var.

- Biz Lütfi Zadəni özümüzünkü saymaqda haqlıyıq?

- Əlbəttə ki, Lütfi Zadəni öz alimimiz saya bilərik. O, orta məktəbi burada - Bakıda oxuyub. Sonra buradan İrana, oradan da Amerikaya gedib. O, özünü tam azərbaycanlı sayır. Bir tərəfi yəhudi olsa da. Mən onunla bir neçə dəfə telefonla danışmışam. Amerikaya zəng edib onun doğum günlərini təbrik etmişəm.

Biz Lütfi Zadəni tam azərbaycanlı hesab edirik və onunla fəxr etməliyik.

- Maraqlıdır, telefonda nə barədə danışırdınız?

- Biz rus dilində danışırdıq. Onu təbrik etdim. Lütfi Zadə də burada oxuduğu illəri xatırladı. Durub telefonda elmi müzakirələrə aparası deyildik ki! Onun məşğul olduğu sahə tamamilə fərqlidir. Hətta dünyanın bir çox yerlərində onun qeyri-səlis məntiq nəzəriyyəsini qəbul etməyənlər var. Mən durub bu barədə sual verib danışa bilməzdim. Sadəcə xoş arzularımı, təbriklərimi çatdırmışam.

- Cəmiyyət arasına çıxdıqda yəqin ki, sizə çox adam yaxınlaşır.

- Mən həmişə hörmət görmüşəm. Bu illər ərzində cəmiyyətdə mənə çox böyük hörmət, ehtiram görmüşəm. Buna görə də, hesab edirəm ki, keçmişdə çəkdiyim zəhmətlər hədər getməyib. Hər yerdə, uşağından böyüyünə qədər mənə hörmət edirlər. Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır. Hətta yolda maşınla gedəndə yol polislərindən, müfəttişlərdən həmişə hörmət görmüşəm. Bu baxımdan mən özümü xoşbəxt sayıram.

- Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir çox nazirliyə “qarmaq” atdığı deyilir. Siz nazir olarkən, Təhsil Nazirliyini də “ilişmək” istəmişdilərmi?

- Xeyr, heç zaman belə söhbət olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar