Azərbaycanı Rusiyadan qorumaq modeli hazırlanır

Avropa Birliyi ilə iqtidar arasında danışıqlarının şok sirri

Ermənistanın xüsusilə Naxçıvanla sərhəddə daha da fəallaşmasının arxasında Kreml durur

Qərblə Rusiya arasında dünyanın yenidən nüfuz dairələrinə bölüşdürülməsi uğrunda başlayan mübarizə (əslində müharibə) Ukraynanın timsalında necə təhlükəli bir yön aldığını göstərdi. Rusiyanın qaz şantajı qarşısında Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan imtina edən Ukrayna Krımı itirdi və indi Şərq regionunda da faktiki müharibə vəziyyətidir. Amma hər şey sanki yenidən başlayır, bu dəfə təhlükə Azərbaycan üzərindədir!

Qərb keçmiş sovet respublikalarını Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” çətiri altında toplamaq istəyindən əl çəkmir. Bu ayın sonunda Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı yekun sənəd imzalamalıdır. Avropa Komissiyasının prezidenti Joze Barrozo assosiativ müqavilənin imzalanması məsələlərini müzakirə etmək üçün Moldovadadır. Sabah, iyunun 14-də isə Barrozo Bakıya gəlir. Məlumata görə, Barrozonun səfərində əsas məqsəd Azərbaycan və Avropa Birliyi münasibətlərini müzakirə etməkdir.

Rusiya da Ukrayna böhranından sonra yeni həmlə edərək mayın 29-da Astanada Qərbin “yeni SSRİ” kimi damğaladığı Avrasiya İqtisadi İttifaqını təsis edib. Rusiya artıq Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət də göndərib. İyunun 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov, onun ardınca isə Kremlin keçmiş sovet respublikaları üzrə strateqi, baş nazirin müavini Dmitri Roqozin də Bakıya gələcək. Yeri gəlmişkən, Roqozin Bakı səfərinin ümumi konturlarını 12 iyun - Rusiya günü ilə bağlı maraqlı tvitlə paylaşıb. “24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır” deyə, Roqozin bildirib.

Rəsmi Bakı Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun dili ilə Avrasiya İqtisadi Birliyinə qoşulmaq niyyətində olmadığı bəyan edib, amma bir “hələ ki...” zaman zərfi əlavəsi ilə. Bu, “hələ ki” Azərbaycan iqtidarının Rusiyanın basqısı altında olduğunun Qərbə diplomatik mesajdır. Artıq belə məlumatlar var ki, son günlər Ermənistan hərbi birləşmələrinin xüsusilə Naxçıvan Muxtar Respublikası ilə sərhəddə daha da fəallaşmasının arxasında Rusiya durur. Siyasi təhlilçilərin fikrincə, Kreml Ukraynanın itirilməsindən sonra yeni yaratdığı birliyə Azərbaycanı cəlb etməkdə israrlıdır və Rusiyanın rəsmi Bakının Avrasiya Birliyinə açıq dəvəti bu niyyətdən xəbər verir. Rusiya rəsmi Bakının Avrasiya İttifaqına üzv olmaq istəmədiyindən xəbərdar olsa da, birliyə dəvət göndərməkdən, yəni sözünün geri çevrilməsindən ehtiyatlanmaması ciddi narahatlıq doğurur.

Çünki gözümüzün qarşısında Ukraynanın acı nümunəsi var. Rusiya Ukrayna rəhbərliyini israrla Avrasiya İttifaqının tərkib hissəsi olan Gömrük Birliyinə dəvət edirdi və Kiyevi buna razı salmaq üçün 15 milyard rubl kredit belə ayırdı. Rəsmi Kiyev balanslaşma siyasəti yürüdərək bu qurumda müşahidəçi statusla razılaşdı, amma Avropa da Ukraynanın yaxasından əl çəkmədi və nəticədə ölkə böyük bir ərazisini itirdi...

Ötən saylarımızda da qeyd etmişik ki, Azərbaycan iqtidarı şimaldan gözlənilən mümkün təzyiqləri önləmək üçün Rusiya ilə münasibətləri daha da istiləşdirmək kursu götürüb. Bu kursun koordinatları xüsusilə Azərbaycanın ABŞ-dakı səfiri Riçard Morninqstarın məlum müsahibəsindən sonra daha da qabarıq görünməyə başladı. Azərbaycan iqtidarı tənqidə dözümlü olan Qərbi acı və sərt dillə yamanlamaqla Rusiya ilə daha yaxınlaşdığı rəyini möhkəmləndirdi. Avropa Şurasının Bakıda keçirdiyi toplantıda qurum yetkililəri iqtidarı siyasi məhbus məsələsində sıxsa da, hakimiyyət güzəştə getmədi və bu, həm də Rusiyaya “mən heç kimin təzyiqi qarşısında geri çəkilmirəm” mesajı demək idi.

Amma hər bir siyasi gedişlərin risk yükü də var ki, Azərbaycan hakimiyyəti dünyada yaranmış yeni geosiyasi vəziyyətdə bunu göz önünə almalıdır. Qərbin Rusiya ilə soyuq savaşı hələ davam edəcək və bu mənada həm Kreml, həm Avropa Birliyi arasında uzun müddətli balans yaratmaq çətin olacaq.

Azərbaycanın Rusiyanın hərbi və iqtisadi büdcəsinə milyardlarla dollar xeyir verməsinə baxmayaraq, Kreml rəsmi Bakıdan “onun yanında oturmasını” istəyir, bəlkə də bunu cəmiyyətin bilmədiyi daha qaba formada tələb də edir. Avropa Birliyi isə bu tələbləri daha diplomatik və hövsələli şəkildə etməyə çalışsa da, onların da net bir şərti var: Azərbaycan (eləcə də assosiativ üzvlüyə meyl edən digər ölkələr) Gömrük və Avrasiya birliklərinə qoşulması halında Avropa Birliyi ilə birgə ola bilməz!

Artıq rəsmi Rusiyanın təzyiqləri artarsa Azərbaycanın Avrasiya Birliyinə “Böyük Britaniya modeli” ilə daxil olması haqda danışılır. Məlumata görə, bu, Azərbaycana imkan verəcək ki, ittifaqa istisnalarla üzv olsun və enerji siyasəti də daxil olmaqla, özünün əsas makroiqtisadi siyasətində müstəqilliyini qoruyub saxlasın. Bu zaman Azərbaycan ittifaqa üzv olur, amma əsas strateji siyasətində müstəqilliyini qoruyub saxlaya bilir. Bu təklifin Barrozonun Bakıya kritik hesab oluna biləcək səfəri ərəfəsi gündəmə gətirilməsi də maraq doğurur.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Avropa Birliyi “Azərbaycan üçün Rusiyadan qorunmaq modeli” üzərində ciddi işləyir. Bakıdakı Qərb diplomatına yaxın mənbəmizin iddiasına görə, Azərbaycanın real siyasi vəziyyəti və Rusiyanın basqıları haqda Avropada yaxşı məlumatlıdırlar: “Avropa ilə intensiv məxfi danışıqlar gedir ki, bu iş xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə həvalə olunub. Azərbaycan assosiativ üzvlüklə bağlı deyil, ikitərəfli müqavilənin imzalanmasına AB-ni razı sala bilib. Barrozo da sözügedən saziş layihəsini müzakirəsi üçün gəlir. Ukrayna Rusiyanı qana çalxalayandan sonra Avropa Birliyi Azərbaycanı qorumağa məhkumdur” deyə, qaynağımız deyib.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da təsdiq edib ki, Barrozonun səfərinin məqsədi AB-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir: “Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Borrozo həm də Ukrayna, Gürcüstan və Moldova ilə imzalanacaq sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün AB ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Barrozonun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq”.

M.Mard qeyd edib ki, Azərbaycan AB ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir: “Bu gün Azərbaycanla daha yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına ehtiyacımız var”.

Beləliklə, Azərbaycan üçün tarixən siyasi təlatümlərlə yadda qalan iyun ayında Qərbin və Rusiyanın siyasi fəallığı daha da artıb. Siyasi ekspertlərin rəyinə görə, Qərb Azərbaycanı Rusiyanın caynağından qurtarmaq üçün çalışır. Buna nə dərəcədə nail ola biləcəyini isə indidən demək çətindir. Azərbaycanı çox isti siyasi yay gözlədiyi isə dəqiqdir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar