FƏRHAD ƏLİYEVİN QARDAŞI SÜKUTU POZDU! - “Heç kimə qarşı zorakılığa yol verməmişəm”

Dərc olunub: 06/06/2017 - 00:01

ferhad

Xəbər verdiyimiz kimi, bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Məhkəmə prosesində 8-ci kilometr bazarı (“Vosmoy”) epizodu üzrə araşdırma aparılıb və şahidlər dinlənilib.

İş üzrə şahid qismində tanınmış “Vosmoy” bazarının keçmiş sahibi Çingiz Əsədov da məhkəmədə ifadə verib və bir sıra ittihamlar səsləndirib.

Ş.Əsədov bildirib ki, “8-ci kilometr” bazarını ilk dəfə o yaradıb. Amma sonradan əlindən alınıb: “Daha sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfər Seyidov və qardaşları bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin icarə pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, lehimə qərar verildi”.

Çingiz Əsədov ifadəsində iddia edib ki, bazarın onun əlindən alınmasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin rolu olub.

“Cəfər və qardaşları keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Rafiq Əliyev işarə etdi ki, Cəfərgil məni döysünlər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə 4-5 min manat pul verirdilər”- deyə Ç.Əsədov ifadəsini tamamalayıb.

Xatırladaq ki, həbsdə olan MTN generalı Akif Çovdarova qarşı irəli sürülən ittihama görə, onlar bazarı yeni sahibi Cəfər Seyidovun əlindən hədə-qorxu yolu ilə alıblar. Bazarın 50 faizi Akif Çovdarov, 50 faizi isə sabiq MTN naziri Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədov tərəfindən alınaraq yaxınlarının adına rəsmiləşdirilib.

Hazırda Akif Çovdarov işində zərərçəkmiş kimi Cəfər Seyidov tanınıb.

Adı “MTN işi” üzrə baş tutan məhkəmə proseslərində bir neçə dəfədir hallanan sabiq nazir Fərhad Əliyevin qardaşı, iş adamı Rafiq Əliyev musavat.com-la əlaqə saxlayaraq barəsində yazılanlara münasibət ildirib.

Hazırda xaricdə yaşayan R.Əliyev açıqlamasında bildirib ki, məhkəmə prosesində barəsində qeyd edilənlər tamamilə yalandır və həmin şəxslərin heç birini tanımır:

“Məhkəmədəki iddialar tamamilə xəyal məhsuludur. Gerçəklə heç bir əlaqəsi yoxdur, həyatım boyu heç bir şəxsin malını, mülkünü almamışam, heç kimə qarşı zorakılığa yol verməmişəm. Haqqında söhbət gedən bazarla heç bir əlaqəm yoxdur. Heç həmin bazarın yolunu belə tanımamışam”, – deyə, R.Əliyev əlavə edib.

R.Əliyev musavat.com-a onu da qeyd edib ki, əgər barəsində deyilən iddialar doğru olsa idi həbsdə olduğu müddətdə zərərçəkdiyini deyən şəxslər onun barəsində şikayətçi olardılar: “Uzun müddət həbsdə yatmışam. Əgər bunlar doğru olsa idi həmin şəxslər mütləq bu iddiaları qaldırardılar, müəyyən tələblərini də irəli sürərdilər. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır və həmin şəxslərlə əlaqəm olmayıb”.

Xatırladaq ki, sabiq nazir Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ildə həbs edilmişdilər. 2013-cü ildə isə prezidentin sərəncamı ilə azadlığa buraxılıblar. Əliyev qardaşları hazırda ölkə xaricində yaşayır.


loading...




Fikrinizi bildirin