İKİ NAZİR, BİR YOL – Müslümov və Əsədovu nə birləşdirir?

Bu tandemin əvvəli haradan gəlir və sonu hara gedir?

Hələ İqtisad Universitetinin “narxoz” adlandırıldığı vaxtlarda birgə çalışan, Mütəllibov və Elçibəyin dövrlərində iqtisadi qanunların hazırlanması və parlamentdə qəbulunda mütəxəssis kimi əhəmiyyətli rol oynayan bu iki sözün əsl mənasında alim hal-hazırda nə ilə məşğuldur? Sual bir qədər sadəlövh səslənə bilər, amma gerçəkdən bu insanları yaxından tanıyanlar bir qədər dərindən düşünsə və baxsa, görər ki, əslində hazırda nazir postunu tutan hörmətli Səlim Müslümov və Heydər Əsədov Azərbaycan üçün tapıntı olmaqla yanaşı, həm də itkidirlər! Bəli, itki! Çünki taleyi və karyerası olduqca oxşar olan bu iki nazirin Azərbaycana verə biləcəyi xeyir indikindən qat-qat çox ola bilərdi... amma olmadı! Niyə? Bu yazıda həmin suala aydınlıq gətirməyə çalışacağıq.

Hansı hökumətin və hansı xalqın nazirləri...

Bu yazının müəllifi hər iki naziri hələ tələbəlik dövründən tanıyır, yəni hər ikisindən dərs alıb. Hər ikisi o vaxtkı Xalq Təsərrüfatı İnstitutu, sonra Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialı və indi də İqtisad Universiteti adlanan ali təhsil ocağında gündüz şamla axtarılacaq sayda rüşvət almayan, təmiz müəllimlərin sırasında olub. İkisi də eyni vaxtda bu institutda dərs deyiblər və insaf xatirinə deyək ki, həm müəllim, həm də ümumiyyətlə insan kimi tələbələrin hörmətini qazanıblar. Belələri tək “narxoz”da yox, bütün digər ali məktəblərdə də “qırmızı kitaba” salınacaq qədər az olub. Həmin vaxt cavan və səmimi olan bu müəllimlər bəlkə də özləri də bilmədən, tələbələr üçün bir növ ideala çevrilmişdilər. Sonradan xalq hərəkatı, təlatümlər, müstəqillik, Qarabağ savaşı, çevrilişlər və s... Toz dumana qarışdı, çox sular axdı, ancaq durulub-durulmadığını deyə bilmərik... və bugünkü mənzərə - bizim ideal hesab etdiyimiz müəllimlər indi nazirdirlər! Hansı dövrün, hansı hökumətin və hansı xalqın nazirləri??? Bir şeyi dəqiq deyə bilərik ki, nə o tələbələrin, nə o xalqın, nə də o idealların nazirləri deyillər! Əslində onları qınamaq da olmur, nə o tələbələr var, nə o xalq, nə də ideallar! Nə isə, çox melonxolik və xəyalpərəstlik etmədən keçək bu nazirlərimizin həyat yoluna.

Saleh Məmmədov faktoru

Bu iki gənc alim institutda kifayət qədər tanınmışdılar və onların böyük gələcəklərinin olduğunu təkcə ağsaqqal müəllimlər yox, elə gənc tələbələr də duyurdular. Ancaq 3-cü bir şəxsi, daha doğrusu, birinci adını çəkməli olduğumuz Saleh Məmmədovu da unutmaq olmaz. Elçibəy dövrünün maliyyə naziri bu iki şəxsin irəli çəkilməsində mühüm rol oynadı. O vaxt Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialı adlanan “narxoz”da yaxşı və əla oxuyan tələbələrdən ibarət xüsusi qrup yaradıldı. Doğrudur, bu qrupa düşənlər arasında tapşırıqla gələnlər də vardı. Ancaq hər halda, orada oxuyanlar və onlara dərs deyənlərin böyük əksəriyyəti hazırda yüksık vəzifələrdədir. Təbii ki, buna görə də o vaxtkı maliyyə naziri Saleh Məmmədova minnətdar olmalıdırlar. Onları bir-bir sadalamaq istəmirik, ən azından ona görə ki, YAP hakimiyyətinin imtina etdiyi bu savadlı və təkrarolunmaz alimlə, yəni Saleh Məmmədovla adlarının bir yerdə hallandırılması onların xeyrinə olmaz...

Təmiz müəllimlər təmiz nazirlər ola bilibmi?

Səlim Müslümov və Heydər Əsədov o vaxtkı parlament üçün hansısa iqtisadi qanunun hazırlanması ilə məşğul idilər. Sözsüz ki, gənc və savadlı mütəxəssislər var gücləri ilə çalışaraq, sanballı bir sənəd ortaya qoya bilmişdilər. Bir gün auditoriyada başları o qədər bu müzakirələrə qarışmışdı ki, tələbələrin eşitdiyinin fərqində olmadan, öz aralarında həmin qanunun parlamentdə müzakirə ediləcəyi zaman yalnız Etibar Məmmədovun problem yaradacağını dedilər (Zatən E.Məmmədov problem yaratmaqda mahir olsa da, həll etməkdə hansısa bacarığının olduğunu görə bilmədik). Sonradan nə baş verdiyini deyə bilmərik, ancaq indi Etibar Məmmədov hardadır, bu iki şəxs harda...

Bir vaxtlar Dərnəgüldəki tələbə yataqxanasında yaşayan Səlim Müslümovun indiki imkanları barədə bir şey demək istəmirik. Onun uzun illər rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondu heç də Azərbaycandakı ən şəffaf və korrupsiyadan uzaq qurum sayıla bilməz. Elə hazırda rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bütün işlərin aydan arı - sudan duru olduğunu və Fizuli Ələkbərovun dövrü ilə müqayisədə fantastik dəyişikliklərin baş verdiyini demək və buna inanmaq sadəlövhlük olardı. Bundan başqa, az qala bütün qohum-əqrabasını öz rayonunda yüksək vəzifələrə təyin etdirməsi, onların da məlum işlərlə məşğul olmasına dair mətbuatda məlumatlar yayılmaqdadır və bunların heç birinə təkzib verilməyib. Yəni, həmin təmiz müəllim artıq yırtıcı sayılan digər məmurlardan çox az seçilməkdədir.

Hər halda Heydər Əsədov da institutda dərs dediyi vaxtlardakı imkanlarından çox-çox uzaqlara gedib. Ziya Məmmədov kimi imkanlı nazir-oliqarxla quda olacağını da yəqin ki, o vaxtlar ağlına gətirməzdi. Bunu kiminsə şəxsi həyatına müdaxilə kimi qəbul etməyin, sadəcə Azərbaycanda iri məmurların bir-birilə qohum olması orta əsrləri xatırladır və bir daha bizim hansı ölkədə yaşadığımız, yaxud bu ölkəni hansı günə saldığımız barədə düşünməyə məcbur edir...

Oxşar karyera və oxşar prinsiplər

Ancaq bu iki nazirin oxşar cəhətləri təkcə karyeraları deyil, iş prinsipində də özünü göstərir. Məsələn, “ilanı Seyid Əhməd əli ilə tutmaq”. Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edəndə pambıqla baş kəsən rəhbər kimi tanınıb. Korupsiya ilə qısa müddətli mübarizə kampaniyasında onun rəhbərlik etdiyi qurumda bir çox qurbanlar verilsə də, onun özünə aid heç nə üzə çıxmadı və çıxa da bilməzdi. Çünki bu kampaniya daha aşağı səviyyəli hədəflər üçün nəzərdə tutulmuşdu. Yaxud, olsun Heydər Əsədovun “Aqrolizinq” əməliyyatı. Nədənsə, özü Hesablama Palatasının sədri olanda bu qurumdakı korrupsiya faktları bu gurultu ilə üzə çıxarılmırdı. Bəlkə də İsmət Abbasova və onun arxasında duranlara gücü çatmırdı... Ancaq, öz yerinə qoyub getdiyi Vüqar Gülməmmədov bu faktları üzə çıxardı(?!). Bir şeyi də qeyd edək ki, Səlim Müslümov da eynilə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri postuna öz adamını gətirib.

“Möcüzəyə” baxın! Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının sədri postunda Heydər Əsədovun qoyub getdiyi Vüqar Gülməmmədov adi sahə müvəkkilinin oğlu olub. Yeri gəlmişkən, ona da ən azından Heydər Əsədov qədər uğurlu karyera arzulayırıq... Bütün bu həngamədən, yəni “Aqrolizinq”dəki hay-küylü dəyişiklikdən dərhal sonra, prezident xüsusi sərəncamla Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq”ə üst-üstə 15 milyon manat ayırdı. Biz demirik ki, hörmətli nazir bu vəsaitləri mənimsəyəcək, yaxud mənimsəyə bilər. Sadəcə, bu 15 milyonlar əvvəllər, yəni nazir İsmət Abbasov olanda hara gedirdi və Hesablama Palatası bununla dərindən maraqlanmışdımı? Demək istədiyimiz odur ki, Heydər Əsədov cənabları kənd təsərrüfatı deyil, nəqliyyat, vergi, iqtisadi inkişaf və sadalamadığımız digər nazirliklərin rəhbəri təyin olunmalı idimi ki, bu nazirliklər də Hesablama Palatasının hədəfinə çevrilsin? Yəni, olmazmı ki, o, ildə bir nazirliyə rəhbər təyin olunsun və Hesablama Palatası da onları “şumlasın”...?

Sistemin həm qurbanları, həm də tərkib hissələri...

Hər halda, yeni təyinatlardan sonra Səlim Müslümovla Heydər Əsədovun indi rəhbərlik etdikləri nazirliklərdə nə dəyişib və dəyişməsi mümkün idimi? Fikrimizcə, onların ikisi də, məsələn yeni təhsil naziri Mikayıl Cabbarovdan qat-qat uğurlu və bacarıqlı kadrlardır. Lakin sistem... Sistem öz sözünü deyir. Doğru-düzgün işləmək üçün təkcə öz əlinlə rüşvət almamaq kifayət deyil. Nazirliklərdəki əmək haqlarının səviyyəsi bəllidir. Səlim Müslümovla Heydər Əsədov da gözəl bilir ki, əlində hansısa səlahiyyəti olan Azərbaycan məmuru (!) bu maaşla dolana bilməz. Ona görə də paket maaş sistemi var. Bəs bu paketlər hansı pulla formalaşır??? Yaxud hansısa nazir digər həmkarının, yaxud özündən yuxarı ranqlı birinin, ya da onun hansısa qohumunun tapşırdığı adama “gözün üstə qaşın var” deyə bilərmi? Və yaxud, olsun onlara ağız açan qohum-əqraba, dost-tanış və sair. Bunlara nədəsə imtina etmək də “kişilikdən olmaz”! Ya da deyilir ki, filan fonda filan qədər köçürülməlidir, filan yerdə məktəb tikilməlidir... Lap elə yuxarıların tapşırığı ilə mənasız və heç kimin oxumadığı qəzetlərə minlərlə abunə yazdırılması, ya da insanların kütləvi şəkildə “YAPLAŞDIRILMASI”, lazım gələndə ekrana çıxıb məddahlıq etməsinə şərait yaradılması və şirnikləndirilməsi və sair. Bütün bunları və sadalamadığımız digər məqamları üst-üstə gələndə ortaya çıxan mənzərənin adı nə olur? Korrupsiya! Özü də, sözügedən nazirlər istəsə də, istəməsə də! Bu, bir bataqlıqdır, həyat tərzidir, xəstəlikdir. Özü də təkcə hökumətin yox, ümumilikdə cəmiyyətin xəstəliyi. Öz istəklərindən və gənclik dövründəki arzularından asılı olmayaraq, bu iki nazir həmin çürümüş sistemin həm qurbanları, həm də nə qədər acınacaqlı olsa da, tərkib hissələrinə çevriliblər!

Onları qınamaq da olmur. Nə etməli idilər? Çox düzgünlük tərəfdarı olub, mübarizə aparsaydılar ya həbsdə, ya da sürgündə idilər. Səslərini çıxarmayıb, həm də sistemdən və korrupsiyadan uzaq dursaydılar, hardasa 300-500 manata mühasib, ya da universtitetlərin birində illərdir eyni kostyumu geyinən imkansız müəllim işləyəcəkdilər. Qalır 3-cü yol – o yol da göz qabağındadır ki, onu da seçiblər. Ancaq bu yolda da, hər şeyə rəğmən, insanlar və cəmiyyət üçün nəsə etmək olar... Nə deyək, ugur olsun!

CƏLAL

“Azpolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar