Bərdədə sahibkarlar incidilir? — DYP əməkdaşlarından şikayət

Sahibkar Bərdə rayon DYP-nin və rayon polis şöbəsinin əməkdaşlarının sahibkarları işləməyə qoymadığını iddia edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Qaynarinfo"ya kiçik sahibkarlıqla məşğul olan Elnur Əliyev məlumat verib.

O, taxta daşınması və emalı ilə məşğul olduğunu, sürücüsünün avtomobilinin bir müddət öncə dayandırılaraq yüklə birgə bir həftə cərimə meydançasında saxlandığını və çıxarıldıqdan sonra yenidən oraya aparıldığını bildirib. Bu səbəbdən işlərinin tamam dayandığını və sürücü ilə aralarında mübahisə yarandığını deyib.

Elnur Əliyev onunla bərabər Bərdədə bu problemlə qarşılaşan başqa sahibkarın da olduğunu bildirib.

Bu barədə "Qaynarinfo"ya danışan Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri İlqar Əliyev rəsmi qurumların mövcud problemlə yaxından maraqlanmalı olduğunu bildirib:

"Təkcə DYP deyil, eyni zamanda rayon polis şöbəsinin əməkdaşları bir neçə sahibkarı incidir və onların işləməsi üçün müəyyən şərtlər qoyurlar. Şərtləri isə aylıq 400 manat almaqdır. Onlar da bu məsələdən təngə gələrək bizim vasitəmizlə prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Sözügedən qurumların əməkdaşları həmin sahibkarlara məxsus tikinti avadanlıqlarının daşınması ilə məşğul olan şəxslərin avtomobillərini dayandıraraq cərimə meydançalarına aparıb, orada həftələrlə saxlayırlar. Xüsusilə də Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oğlu bu işlə məşğuldur, tamamilə hərc-mərclik edir, kimə arxalanır bilinmir".

Respublika Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev baş verənlər barədə məlumatsız olduğunu və bununla bağlı Bərdə rayon DYP-yə müraciət etməyimizi bildirdi. Bərdə rayon DYP ilə əlaqə saxlanılmağa çalışılsa da zənglərə cavab verən olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar