AKADEMİK PROFESSORA CAVAB VERDİ - "Türkiyənin əyalət universitetindən qovulub"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilər də əvvəlkilər kimi narazılıqlara səbəb oldu. Yenə akademik adına layiq olan bir çox elm adamının kənarda qaldığına, əvəzində buna haqqı çatmayanların kimlərinsə himayəsilə Akademiyanın həqiqi və müxbir üzvü olduğuna dair iddialar var. Onlar AMEA-da seçkilərin təyinatla baş verdiyini bildirir, Prezident İlham Əliyevdən seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edirlər.

Elman Şahverdiyev AMEA-ya üzv olanların akademik adına layiq olmadığıını bildirir

Tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyev də narazı alimlərdən biridir. O, "AzPolitika.info" saytı vasitəsilə ölkə Prezidentinə ünvanladığı müraciətlərdə AMEA-ya keçirilən son seçkilərdə saxtakarlığa yol verildiyini bildirməklə yanaşı, akademik adı verilmiş bəzi alimlərin buna layiq olmadığını bəyan edib. Bunu əsaslandırmaq üçün onların bir çoxunun “Thomson Reuters”-də cəmi bir neçə istinadının olduğunu göstərir. Akademik adı almış çoxlu sayda alimin “Thomson Reuters”-dakı istinadının cəminin onunkundan az olduğunu bildirib. Sitat: "Beləliklə, TR-də akademik təyin olunmuş Yusif Məmmədovun (riyaziyyat) sıfır istinadı var, amma adına rast gəlinir! Muxbir üzv Misir Mərdanovun (riyaziyyat) 3 istinadı var. Əminağa Sadıqovun (kompüter elmləri) İsmayıl İsmayılovun (informatika) adlarına belə rast gəlinmir! Məsumə Məmmədovanın (informatika) bir, Vagif İbrahimovun iki istinadı var!

Radiasiya materialşünaslığı üzə müxbir üzv təyin olunmuş Oktay Səmədovun 82 istinadı var. Ramiz Aliquliyevin (informatika) 183 istinadı var. Akademik təyin olunmuş Ənvər Nəhmədovun (fizika) 105 istinadı, Nazim Məmmədovun (fizika üzrə təyin olunmuş akademik) isə 410 istinadı var. Fizika üzrə müxbir üzv təyin olunmuş Səlimə Mehdiyevanın 37 istinadı var!

PA Humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin başçılığı altında baş verən səlib yürüşünün nəticəsində AMEA üzvü olmaqdan məhrum edilmiş Elman Şahverdiyevin isə 670 istinadı var! İstinad rəqəmlərinin analizi onu göstərir ki, müxbir üzv təyin edilmiş 8 nəfərin cəmi istinadlarının sayi mənimkindən 2,2 dəfə azdır! Təyin olunmuş 3 həqiqi üzvün cəmi istinadlarının sayı mənimkindən 155 vahid və ya 1,3 dəfə azdır!"

Fizika-riyaziyyat elmləri doktoru Elman Şahverdiyevin layiq olmadığı halda akademik adını almaqda ittiham etdiyi alimlərdən biri də AMEA-nın həqiqi üzvü Ənvər Nəhmədovdur. Sitat: "Akademik təyin olunmuş Ənvər Nəhmədovun meteorik yüksəlişi doğrudan da AMEA-da görünməmiş bir hadisədir. Bu adam 20 il Almaniyada, ondan qabaq isə 8 il Türkiyədə işləmişdır. Elmə isə, buna baxmayaraq çox az istinad gətirmışdır. Cəmi 105. Daha konservativ olan SCOPUS-da isə 53. 2013-də doktorluq dissertasiyası müdafiə etmış bu adam, artıq bir il sonra – 2014-də Fatma Abdullazadənin və Oktay Ələkbərovun dəstəyi ilə müxbir üzv, 2017-də isə həqiqi üzv təyin olunmuşdur! Yəni, cəmi 3 il ərzində bu adam elmlər namizədliyindən akademikliyə yüksəldilmişdir! Qoy Fatma Abdullazadə elmi ictimaiyyətə açıqlama versin ki, Ə.Nəhmədov hansı xidmətlərinə görə belə yüksəlişə layıq görülüb! 2017-ci il seçkisindən bir neçə ay qabaq onu MGU-nun Bakı filialına dekan transfer etmişlər! Fikrimcə, bu məsuliyyəti başqaları ilə bölüşmək cəhdidir! Həm də ictimaiyyətə bir mesajdır ki, baxın, ən yuxarı belə mənə qulaq asır! AMEA saytında olan məlumata görə, 58 yaşlı bu akademik indiyə qədər bir aspiranta rəhbərlik etmişdır! Bütün bunlar onu göstərir ki, Ənvər Nəhmədovun akademik (və müxbir üzv ) təyin olunması AMEA nizamnaməsinin kobud pozuntusudur!"

AMEA həqiqi üzvü Ənvər Nəhmədov Elman Şahverdiyevin bu ittiamlarına cavab verib. Onun “AzPolitika.info”ya göndərdiyi cavab məktubunu olduğu kimi dərc edirik:

"Tanış olun: “elmi hüquqları tapdalanmış” Elman Şahverdiyev

AMEA-nın hər seçkilərindən sonra bəzi insanların demaqogiyası, iftiraları mətbuatda yer alır. Bu seçkilərdən sonra da eyni vəziyyətin şahidi olduq. Fizika İnstitutunun əməkdaşı, elmə elə bir töhfə verməyən, lakin aqressiv və qaba davranışları ilə tanınan E.Şahverdiyev xüsusi ilə seçilir. Onun ruh halından xəbərdar olduğumuz üçün, illərdir yazdığı yalan və böhtanlara cavab verməyə layıq olmadığını düşünsək də, vaxt keçdikcə yazılarında həqarətin, yalanın dozasını artırması bizi bu yazını yazmağa vadar etdi. Hər dəfə mətbuatda özünü böyük bir fizik kimi göstərən Şahverdiyevin elmi fəaliyyəti ilə tanış olmağımız, yazdıqlarının onun özü haqqında həddən artıq şişirdilmiş fikirdə olduğunu göstərir. Xaos nəzəriyyəsi ilə məşğul olan E.Şahverdiyevin elmi fəaliyyətinə baxıldığında, Web of Science (Thomson Reuters) internet səhifəsində 43 məqaləsi olduğunu görərsiz. 2000-ci ilə qədər onun cəmi 6 məqaləsi olduğu və bu məqalələrə 23 istinad olduğu görünür. 2000-ci il ətrafında E.Şahverdiyev İngiltərənin Bangor Universitetində prof. Şorun (A.Shore) qrupuna ezamiyyətə getmişdir. Bu qrupun təcrübi işlərinə əsasən yazılmış və Physical Review Letters (2001) jurnalında çıxan “Experimental demonstration of anticipating synchronization on chaotic semiconductor lasers with optical feedback” adlı məqaləyə müəlliflərdən biri olmuşdur. Qoyulan eksperiment iki əlaqəli sistemdə xaosun sinxronlaşması üçün bu sistemlər arasında zaman gecikməsinin olmasının vacibliyinə əsaslanır və şübhəsiz ki çox gərəkli bir eksperimentdir. Diqqət edin, nəzəri fizik olan E.Şahverdiyevin ən çox öyündüyü, ən çox istinad alan 2 məqaləsindən biri və ilki olan bu məqalə eksperimental məqalədir. Üstəlik, İngiltərəyə qısa müddətlik ezamiyyətə gedən (AMEA tərcümeyi-halına əsasən xarici Universitet olaraq təkcə bir Türkiyə Universitetində çalışmışdır) E.Şahverdiyevin bu məqaləsində Azərbaycanda Fizika İnstitutunda işləməsindən heç bir əsər-əlamət yoxdur.

Bu sətirləri oxuyan hər bir insanın ağlına ilk gələn fikir odur ki, E.Şahverdiyevin bu məqaləyə müəlliflərdən biri olması təsadüf nəticəsidir. E.Şahverdiyev K. A. Shore ilə 2013-cü ilə qədər əməkdaşlıq etmiş və 43 məqaləsindən 26-sı onunla ortaq olmuşdur. Şahverdiyevin məqalələrinə verilən 789 istinadın 693-ü Shore ilə ortaq olan bu 26 məqaləyə verilmişdir. E.Şahverdiyevin ən çox isdinad alan ikinci işi (Physics Letters A (2002)), eksperimentin müşahidə şərtinin təsvirindən başqa bir şey olmayıb, bu nəzəri məqalədə xaos tənliklərindən və gecikmə şərtindən başqa ciddi bir riyazi araşdırma yoxdur. Onun 2013 ilindən sonra dərc etdiyi 5 məqaləyə yenə də cəmi 6 istinad vardır.

E.Şahverdiyevin bundan artıq şərhə ehtiyacı olmayan elmi fəaliyyətindən əlavə, anormal davranışları ilə, psixoloji pozuntulu halı ilə də seçilən bir insandır. İndividual bir alim olaraq özünə aid göstərə biləcəyi heç bir nəzəri araşdırmasının olmamasına baxmayaraq, yüksək ambisiyalarının olması məhz bu ruh halının nəticəsidir. Elmlər Akademiyasına təqdim etdiyi tərcümeyi-halına əsasən, 1995-ci ilə qədər ADU-da işləmiş və oradan uzaqlaşdırılmışdır. 1995-ci ildən etibarən Fizika İnstitutunda çalışmış və dəfələrlə İnstitutdan qovulma məsələsi gündəmə gəlmişdir. 1993-1994 illəri arasında bir il müddətində Türkiyənin bir əyalət Universitetində çalışmış. Təəccüblüdür ki, Azərbaycandan gedən yaxşı mütəxəssislərin Türkiyə böyük Universitetlərində istədikləri qədər çalışma imkanları olmasına baxmayaraq, bu insanın əyalət Universitetində müqaviləsi ikinci ilə uzadılmadan oradan qovulmuşdur.

Şahverdiyevin illərdir ki, Fizika İnstitutunda göstərdiyi davranışın, dəyişilməsi mümkün olmayan bir xarakter nümayişi olduğuna əmin olmaq üçün, onun qısa müddət çalışdığı, buna rəğmən əsas elmi işlərinin görüldüyü yer olan Bangor Universitetinə, calışdığı İnstitutun rəhbəri olan Professor Alan Şora müraciət etdik. Aşağıda Professor Şora müraciətimizi və onun yazdığı cavabı olduğu kimi veririk. Qeydə-dəyər bir haldır ki, Prof. Şorun Şahverdiyevin davranışlarını təsvir etdiyi öz yazısında bir dəfə də olsun Şahverdiyevin adını çəkmir ve ona “o adam” kimi müraciət edir. E.Şahverdiyev layiq olmadığı yerlərə gəlmək üçün yalan və iftira dolu məktubları ilə hər yerə müraciət edir. Amma biz onun özünə müraciət etmək istəyirik: bu pozulmuş ruh halın ilə ən böyük zərəri özünə verirsən, ətrafındakıların isə ürəyini bulandırırsan. Sənin müalicəyə ehtiyacın var".

Bakıdan İngiltərə Universitetinə yazılan utancverici məktub və alınan cavab

AMEA həqiqi üzvü Ənvər Nəhmədov müraciətinə E. Şahverdiyevin birgə məqalələr yazdığı İngiltərənin Bangor Universitetinin proffessoru Şora (A. Shore) yazdığı məktubu və ondan gələn cavabı da əlavə edib. Təəssüflə qeyd edirik ki, bu məktubların alimlərimizin bir-biri barədə xaricdə mənfi rəy yaratmağa çalışdığını göstərir. Bu isə, əlbəttə, UTANCVERİCİDİR. Həmin məktubları da məqaləyə əlavə edirik. Ənvər Nəhmədovun məktununda deyilir:

"Hörmətli Professor Şor,

Verdiyimiz narahatçılıq üçün sizdən üzr istəyirik. Amma düşdüyümüz vəziyyətə sizin aydınlıq gətirəcəyinizi düşünürük. Sizin keçmiş əməkdaşınız hal-hazırda AMEA Fizika İnstitutunda işləyir. O, İnstitutda çox ciddi məsulliyyət tələb edən bir vəzifəni, laboratoriya müdiri vəzifəsini icra edir. Biz, İnstitutumuzun əməkdaşı Dr. Şahverdiyevin uyğunsuz, çox zaman isə aqressiv davranışlarından əziyyət çəkirik. Təəssüf ki, o özünün elmi nailiyyətlərini şişirdərək, daha yüksək vəzifələrə can atır. Onun bu istəyi mümkün olmayacaq bir şey olmasa da, bu istəyinə nail olmaq üçün ətrafındakı hər kəsə saldırıb, üstün olduğunu göstərmək istəyir. Biz, əlbəttə, tənqidi qəbul edərik, amma belə hücumları deyil.

Biz onun məqalələrindən bilirik ki, o, sizinlə Veyl Universitetində olduğu müddətdə əməkdaşlıq etmişdir. Elmi məlumat veb-səhifəsinə əsasən Şahverdiyev 43 məqaləsindən 26'sında sizinlə əməkdaşlıq etmişdir. Sizin laboratoriyaya ezamiyyətindən öncə onun 23 istinadı olan 6 məqaləsi olmuşdur. 2013-cü ildə sizinlə əməkdaşlığı kəsdikdən sonra Şahverdiyev sadəcə 6 istinadı olan 5 məqalə dərc etmişdir. Biz anlayırıq ki, sizinlə əməkdaşlıq etdiyi müddətdə o elmi bir qrupun üzvü olmuşdur. Biz düşünmürük ki, sizinlə olan ortaq məqalələrdə, onun özünün dediyi kimi aparıcı şəxs olmuşdur. Onun meqalələrinə olan demək olar ki, bütün istinadları sizinlə ortaq məqalələrədir.

Hörmətli Prof. Şor. Əgər siz onun laboratoriyanızda qaldığı müddətdəki davranışlarını və elmi fəaliyyətini xarakterizə edərsəniz, sizə minnətdar olarıq. Biz ona, elmi ictimaiyyətdə layiq olduğu yeri tutmağa kömək etmək istəyirik.

Hörmətlə,

Dr. Ə. Nəhmədov."

İngiltərənin Bangor Universitetinin proffessoru Şor (A. Shore) cavab məktubunda yazır:

"Əziz Dr. Ənvər Nəhmədov,

Sizin təsvir etdiyiniz davranış, onun Bangorda olduğu müddətdə göstərdiyi davranışa uyğun gəlir.

Mövzunun incəliklərinə varmadan demək istərdim ki, burada bir neçə xoşagəlməz hadisələrin, o cümlədən onun bir tələbəyə qarşı fiziki təcavüzünün şahidi olduq. O, həmçinin ən azı bir dəfə bizim bölmədə sərxoş halda olub və bu hadisədən sonra onun yaratdığı görünüş iyrənc idi. Onun buraya ezam vaxtının bitməsi ilə böyük bir rahatlama oldu.

Onun burada olduğu müddətdə gördüyü işlərə gəlincə, onun bura ezam müddəti ərzində görülən işlərin bir çoxuna böyük töhfəsi olmuşdur. Bu işlərdən birinə, təmiz nəzəri iş olan məqaləyə çoxlu sayda istinad vardır və bu işə onun töhfəsini vurğulamaq istəyirəm. O, eyni zamanda bir çox yüksək istinadlı təcrübi məqalələrimizin ortaq müəllifi olmasına baxmayaraq, bu işlərə onun töhfəsi kiçik (qeyri-əsas) dərəcəli olmuşdur.

Vaxt keçdikcə mən narahat olmağa başladım ki, o, köhnə işləri təkrarlamağa başlayır. Onu, bizdə görülən eksperimental işlərə yaxın nəzəriyyə ilə məşğul olmağa yönəltməyə çalışanda, o mənim məsləhətlərimə qulaq asmağa hazır deyildi. Sonda, heç bir orijinal nailiyyəti olmayan işlərə həm-müəllif olmaqdan imtina etdim.

O, gerçəkdən də çox qəliz bir insandır. Onun bacarığı olsa da, özünün fikirləşdiyi qədər deyil. Düşünürəm ki, onun Bangorda qaldığı müddətdəki işləri onun yaradıcılıq qabiliyyətinin göstəricisidir.

Ümid edirəm ki, dediklərimin hər hansı bir şəkildə köməyi olur.

Professor Alan Şor,

Sədr, Veyl Fotonika Akademiyası, Elektrik Mühəndisliyi Məktəbi."

P.S. Müraciətdə və məktublarda qeyd edilənlərlə bağlı  Elman Şahverdiyevin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar