ƏSRİN ƏN BAHALI «SÖVDƏ»Sİ… - Səudiyyə kimə qarşı silahlanır?

Kütləvi informasiya vasitələrinin (KİV) verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı (SƏ) Amerika Birləşmiş Ştatlarından (ABŞ) 110 milyard dollarlıq ən müasir silah-sursat alacaq. Bu, əsrin ən «bahalı sövdə»si və onun sayəsində Səudiyyə Krallığının ordusu Yaxıq Şərqin ən çox silahlanmış ordusu olacaq.

Məlumata görə, artıq Amerikalı ekspertlər Səudiyyə Ərəbistanının ABŞ-dan alacağı silahların siyahısını da dərc ediblər.

Beləliklə, Səudiyyə Ərəbistanı bölgədə ABŞ-ın çoxdankı müttəfiqi olaraq, öz mövqelərini möhkəmlədir və fəal şəkildə silahlanır. Belədə, məntiqi sual yaranır: Konkret olaraq, kimə qarşı?! Axı, bu günə, Yaxın Şərq bölgəsində (ərəb dünyasında) «ayaqda olan» elə bir ölkə qalmayıb ki, Səudiyyə Krallığına real (potensial) təhlükə yarada bilsin.

Planlaşdırılan bu yenidən silahlanma təkcə aviasiya döyüş sursatlarını və raket silahlarını özündə ehtiva etmir, həm də məxsusi ixtisaslaşmış kəşfiyyat hava gəmilərini və yanacaq daşıyan təyyarələri, hava və raket hücumundan müdafiə sistemlərini və digərlərini nəzərdə tutur.

Dərc olunmuş sənədə görə, xərclərin ən nəhəng istiqaməti hava-raket hücumundan müdafiə kompleksi batareyası (THAAD) olacaq. Bu texnikanın alınmasına 13,5 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır.

Ölkə hakimiyyəti yüksək dəqiqlikli aviasiya sursatlarının və JDAM komplekslərinin alınmasına 4,5 milyard dollar yönəldəcək. Plana görə, krallığın hərbi-hava qüvvələri (HHQ) 104,0 minə yaxın belə sursat alacaq.

«Patriot» zenit-raket kompleksinin alınmasına və ona qulluq edilməsinə demək olar, 6,7 milyard dollar vəsait yönəldiləcək. Bu komplekslərin alınması üzrə kontrakt həmin silahların 2018-2027-ci illər aralığına nəzərdə tutulub.

Üç ədəd aviasiya yanacaqdaşıyan KC-130J və 20 ədəd C-130J nəqliyyat təyyarələrinin alınmasına 5,8 milyard dollar vəsaitin yönəldiləcəyi bildirilir. Daha 6,0 milyard dollar da «Lockheed Martin» şirkətinə ödəniləcək. Bu şirkət sahilboyu ərazilərdə xüsusi tikinti işləri aparacaq. Layihə çərçivəsində yaradılacaq gəmilərin dəqiq sayı barədə hələlik heç nə bildirilmir.

Bunlardan başqa, 2,35 milyard dollar da «Bradley» piyadanın döyüş maşınının (PDM) modernləşdirilməsinə, 1,35 milyard dollar da bu tipli yeni maşınların alınmasına xərclənəcək. Özüyeriyən və qoşqu ilə hərəkətə gətirilən artilleriya haubitsalarının alınmasına isə 1,5 milyard dollar yönəldiləcək.

Azı 18,0 milyard dollar vəsait də komanda və idarəetmə sistemlərinin işlənməsinə və tətbiq edilməsinə, rabitə xətlərinin təminatına və ordu növlərarası qarşılıqlı fəaliyyət komplekslərinin təminatına yönəldiləcək…

İndi isə diqqət yetirək: Suriyada vətəndaş müharibəsi başlanandan sonrakı dövrdə Birləşmiş Millətlər Təşkilatı (BMT) dəfələrlə bəyan edib ki, Suriya, İraq, Liviya və s. ölkələrin qaçqın əhalisini yedirtmək üçün vəsait toplaya bilmir - milyonlarla qaçqın ərəb aclıq səbəbilə, ölümlə göz-gözə dayanıb. Səudiyyə Krallığı isə Ərəbistan neftindən-qazından əldə etdiyi gəlirlərini təkrar olaraq, silah alışı adı altında ABŞ-ın özünə qaytarır! Görəsən, səudlar alacaqları silah-sursatı kimə tuşlayacaqlar?!

Bu sualı hərbi və siyasi şərhçilər üçün açıq saxlayırıq…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar