Rusiyada inqilab baş verə bilər - ŞƏRH

qabil-huseynliRusiyada nümayişçilərə qarşı bu cür cəza tədbirləri xalqı daha da qızışdıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada korrupsiya əleyhinə başlayan mitinqlərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, hazırda Rusiyada baş qaldıran mitinqlər hələ başlanğıcdır:

“Bundan öncə də vurğulamışdım ki, Rusiyada mitinqlər mütləq təkrarlanacaq və kütləvi hal alacaq, çünki əvvəlki çıxışlar sadəcə daha böyük aksiyaların məşqi idi. Göründüyü kimi, bu özünü doğrultdu və hazırda bütün Rusiyanı mitinq əhval-ruhiyyəsi bürüyüb. Rusiya əhalisi ölkədə yeridilən siyasətdən razı deyil və bu narazılıq daha da artacaq. Üstəlik, mitinqlərdə nümayişçilərə qarşı polislərin amansız hərəkəti vəziyyəti daha da gərginləşdirəcək. Rusiyada dinc nümayişçilərin bu cür kütləvi şəkildə həbsi əhalinin digər qismində qəzəb hissini artırır və mitinqçilərin sayına əsaslı surətdə təsir edir”.

Politoloq bildirib ki, Rusiyada baş qaldıran budəfəki mitinqlər hakimiyyət orqanlarını daha ciddi silkələyəcək:

“Həbslərə, repressiya tədbirlərinə baxmayaraq, mitinqlər daha da böyüyəcək. Hətta aksiyalar yaxın 2-3 ayda özünün ən pik nöqtəsinə çata bilər ki, bu zaman da inqilabi bir şərait yetişər. Bu isə o deməkdir ki, ayağa qalxmış xalq bütün repressiya tədbirlərinə baxmayaraq, mövcud rejimi ciddi təhlükələr qarşısında qoyacaq. Rusiya tarixinə diqqət yetirsək, görərik ki, bu cür inqilabi çıxışlar çoxaldıqda, güc və başqa strukturlar da inqilabiləşir. Düzdür, hələ Rusiyada belə bir vəziyyət yetişməyib, ancaq Rusiya buna doğru gedir. Çünki Rusiyada mövcud siyasəti dəyişdirmək şansı yoxdur. Bu səbəbdən də siyasi elita ilə xalq arasında narazılıqlar kəskinləşəcək və mitinqlər daha barışmaz hal alacaq”.

Qeyd edək ki, Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilib.

Bu mitinqlərdə müxalif lider Navalnı da daxil olmaqla, yüzlərlə aksiyaçının həbs edildiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar