QEYRİ-QANUNİ AKADEMİKİN YALANLARI – AMEA-nın professoru akademikə cavab verdi

Fatma Abdullazadənin işdən çıxarılması ilə bağlı şok iddia!

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərlə bağlı narazılıqlar alimlərimiz arasında qarşıdurmaya çevrilməkdədir. Narazılar bəzi şəxslərin haqqı çatmadığı halda kimlərinsə himayəsi, tapşırığı ilə Akademiyanın həqiqi və müxbir üzvü olduğunu iddia edirlər.

AMEA seçkilərindən narazı qalan və bunu ictimailəşdirən alimlərimizdən biri də fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyevdir. O, “AzPolitika.info” saytı vasitəsilə ölkə Prezidentinə ünvanladığı müraciətlərdə AMEA-ya keçirilən son seçkilərdə saxtakarlığa yol verildiyini bildirməklə yanaşı, akademik adı verilmiş bəzi alimlərin buna layiq olmadığını bəyan edib. Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin və onun həyat yoldaşı Oktay Ələkbərovun himayəsi ilə bir çox haqqı çatmayan şəxsin akademik adı aldığını bildirib, konkret adılar çəkib.

Elman Şahverdiyevin layiq olmadığı halda akademik adını almaqda ittiham etdiyi alimlərdən biri də AMEA-nın həqiqi üzvü Ənvər Nəhmədovdur. Bu ittihamlara Ənvər Nəhmədov tərəfindən çox sərt şəkildə cavab verilib. O, “AzPolitika.info”ya göndərdiyi cavab məktubunda Elman Şahverdiyevə qarşı əks-ittihamlar irəli sürüb.

Elman Şahverdiyev da bu ittihamları cavablandırmaq üçün yenidən “AzPolitika.info”ya müraciət edib.

“Bu günlərdə siz AMEA nizamnaməsinə zidd olaraq qeyri-qanunu akademik təyin olunmuş Ənvər Nəhmədovun mənə qarşı yalan, böhtan və iftiralarla dolu yazısını dərc etmisiniz. Çox sağ olun ki, mənə cavab haqqını tanıyırsınız. Ona görə də, sizdən xahiş edirəm ki, aşagıdakı məktubumu dərc edəsiniz” - deyə E.Şahverdiyev bildirib .

Onun “Qeyri-qanuni akademikin yalanlari” sərlövhəli cavab məktubunu kiçik ixtisar və zəruri redaktə ilə dərc edirik:

“Abdullazadənin vəzifəsindən azad edilməsi AMEA-ya seçkilərə bağlıdır”

“Ənvər Nəhmədovun iftiralarına münasibət bildirməmişdən qabaq, Azərbaycan Prezidentinə minnətdarlıq edirəm ki, 25 ildir Azərbaycan elmini və digər humanitar sahələri yaman günə qoyan Fatma Abdullazadəni vəzifəsindən azad etdi. Hamı ümid edir ki, onu bir daha başqa vəzifəyə qaytarmayacaqlar. İndi ölkədə hamı bilir ki, F.Abdullazadənin vəzifədən azad edilməsi məhz AMEA-ya seçkilərdə onun qeyri-qanuni hərəkətləri ilə bağlıdır. Və bu kənarlaşdırılma ölkənin Birinci vitse- prezidentinin qətiyyəti ilə baş tutmuşdur.

Yeri gəlmişkən, elmə cəmi 105 istinad (Thomson Reuters, Web of Science) gətirən Nəhmədovu cəmi 3 il ərzində elmər namizədliyindən AMEA-nın həqiqi üzvlüyünə qaldıran da, məni 671 istinadla AMEA müxbir üzvü olmağa qoymayan da elə F.Abdullazadə idi. Ölkənin həqiqi elm adamları cənab Prezidentin o addımını da alqışlayır ki, AMEA-da bir çox ən yüksək səviyyəli (vəzifə cəhətdən) funksionerlərin müqavimətinə baxmayaraq, Azərbaycan alimlərinin “Thomson Reuters”-in data bazasına girişini təmin etdi.

Hamı bilir ki, mən AMEA-ya təyinatlarla bağlı təyin olunmuşların elmə töhfələrini qabardıram, kimin hansı xarakterə malik olmasını müzakirə obyektinə çevirmirəm. İndi Nəhmədov durub elmi ictimaiyyətə nəyə görə akademik olmağını izah etmək əvəzinə böhtan və iftiralara əl atır. AMEA həqiqi üzvü olmağın əsas şərti tanınmış elmi məktəblərin olmasıdır! Mən Nəhmədovdan soruşuram ki, hanı sənin belə məktəblərin? Sənin özünü heç AMEA-da tanıyan varmı?! Qaldı ki, məktəblərini! Ə.Nəhmədov kimdir? Bu “akademik” 1994-cü ildə olkəni ailəsi ilə birlikdə yaxşı həyat dalınca tərk etmiş və Turkiyənin İstanbul şəhərində, səhv etmirəmsə “Yıldız” Universitetində çalışmağa başlamışdır.

Nəhmədovun birinci yalanı: Türkiyə Universitetindən kim qovulub!

Bu adam iddia edir ki, guya məni Türkiyənin bir əyalət Universitetindən qovublar. Bu ağ yalandır! Onun əyalət universiteti adlandırdığı yer ingilisdilli Gaziantep Universitetidir. Mən həmin Universitetdən 1994-cü ilin dekabrında öz ərizəmlə ayrılmışam! Həmin Universitetdə isə işə 1993-cü ilin iyul ayında başlamışdım. Yəni Ənvər Nəhmədovun yalanına rəğmən, mənim kontraktım ikinci ilə də üzadılmışdı. Universiteti tərk etməyimin səbəbi bu oldu ki, mən orada işə başlayandan bir müddət sonra ağzının danışığını bilməyən bir müəllimlə konfliktim olmuşdu. İş elə gətirdi ki, bir müddət sonra onun dostu kafedra müdiri təyin edildi. Həmin müdir məndən onun dostundan üzr istəməyi tələb etməyə başladı. Mən isə üzr istəməyi yox, Universiteti tərk etməyi üstün tutdum.

Qovulmaqdan söz düşmüşkən, Nəhmədov yəqin onunla Türkiyədə bir yerdə işləmiş AMEA Fizika İnstitutunun işçisi Şaval müəllimi yaxşı tanıyır. Bax həmin Şaval müəllim hamıya deyirdi ki, Nəhmədovu universitetdə rüşvət maxinasiyalarındakı iştirakına görə, rektor özü universitetdən qovmuşdur! Govulmaq belə olar, ay Nəhmədov!

Beləcə 6-7 il Türkiyədə baş girləyəndən sonra bu adam Türkiyənin Avropa Birliyi ilə Assosiativ sazişi olmasından istifadə edərək ailəsi ilə Almaniyaya köç edir. Məlumdur ki, Türkiyədə 5 ildən artıq çalışan azərbaycanlı alimlərin demək olar ki, hamısının ikili vətəndaşlığı var. Şübhələnirəm ki, bu elə Nəhmədova da aid ola bilər. Beləliklə, Nəhmədov Almaniyada da 15 il baş girləyəndən sonra vətənə dönməyə qərar verir. Ümumilikdə o, xaricdə 22 ilə yaxın çalışmışdır. Qoy o, dəqiq elmlər sahəsində belə xarici staja malik bir azərbaycanlı alimin adını çəksin ki, elmə onun qədər az sitat gətirib. Çətin ki, tapıla!

Onun elmə az sitat gətirməsinin səbəbini özü də yaxşı bilir. O, elm sahəsində çalışdığı müddətdə onun-bunun stolunun üstündəki ən xırda qırıntılarla baş girləyib, bir əhəmiyyətli ideya irəli sürməyib ki, başqaları onun işlərindən faydalana bilsin! Amma buna baxmayaraq, qeyri-qanuni akademik təyin olunub. Yaxşı yarınmağına görə!

Bununla bağlı inanılmaz bir faktı, məhz faktı oxucularla bölüşmək istəyirəm. O.Ələkbərovun kabinetinə tez-tez gedib-gələn bir adam (H.İ. adlı) danışır ki, bir dəfə o və Nəhmədov, O.Ələkbərovun kabinetində söhbət edirmişlər (2014 seçkilərindən bir müddət qabaq). Siqaret çəkən Ələkbərov külü tökmək üçün külqabı axtaranda, Nəhmədov tez ayağa qalxaraq küncdəki çirkli zibil vedrəsini ikiəlli qucaqlayıb sinəsinə sıxaraq külqabı əvəzinə təklif etmışdır. Baxın, görün onun beyni yarınmaq gələndə necə sürətlə ideyalar generasiya edir! Yəqin Nəhmədov həm də unutmayıb ki, o, 2014 seçkilərindən sonra ADNA-nın bir dosentini (adı İ.A.) neçə dəfə mənə minnətçi göndərib! Həmin vaxt o hələ Almaniyada idi. Minnətçı deyirdi ki, Nəhmədov xahiş edir ki, ondan yazmasın, guya az qalır ürəyi partlasın, anası da narahatdır, O.Ələkbərovla problemi var, getsin ondan yazsın, və s. və i.

Nəhmədovun ikinci yalanı

Nəhmədov iddia edir ki, guya məni ADU-dan da uzaqlaşdırıblar! Bakıya qayıdanda əvvəllər çalışdığım Azərbaycan Dövlət Universitetinə üz tutdum. Məndən işimə bərpa üçün Türkiyədə qazandığımın 10 faizini Universitetə köçürməyi tələb etdilər. O vaxtkı rektor Murtuz Ələsgərovun qəbulunda oldum, amma razılığa gələ bilmədik. Qeyd edim ki, mən əslən Cəbrayıl rayonundanam. Hamı bilir ki, o vaxtlar iqtisadi durum necə çətin idi. Bu səbəbdən mən Universitetə ödəniş edə bilmədim və oradan da öz ərizəmlə uzaqlaşdım. Bir neçə ay işsiz qaldıqdan sonra mərhum akademik Yühənnəs Seyidovun həlledici dəstəyi ilə 1995–də AMEA Fizika İnstitutunda işə düzəldım. O vaxtdan orada işləyirəm.

Nəhmədovun üçüncü yalanı: Abdullazadənin əri mənə tərəf hücum çəkdi

Bu adam iddia edir ki, guya mən dəfələrlə AMEA Fizika İnstitutundan qovulmaq təhlükəsi ilə üzləşmişəm. Bu da ağ yalandır. Yalnız bir dəfə belə bir təhlükə olub.

2014-cü ildə AMEA-ya təyinatlardan sonra dövlət başçısına aramsız müraciətlərimlə bağlı F.Abdullazadənin əri O.Ələkbərov məni Elmi Şurada təhqir etdikdə, adekvat cavab aldı. Bundan sonra yerindən durub mənə tərəf hücum çəkdi. Məni bir neçə dəfə vurmağa cəhd etmişdi. O zaman F.Abdullazadə ərinin bu “qoçaqlığını” bir komitə sədrinin köməyi ilə malalaya bilmişdi. Dərhal direktor N.Məmmədovun və müavin C.Abdinovun (37 istinadla akademik təyin olunmuş: 2007 və 2014) rəhbərliyi ilə Elmi Şura yığılmış, mənə axırıncı xəbərdarlıqla şiddətli töhmət elan edilmişdi (açıq səsvermə yolu ilə). Özüm bilərəkdən heç bir şərh vermirəm ki, qoy AMEA-nın nə kökə salındığını ictimaiyyət özü qiymətləndirsin!

Nəhmədovun dördüncü yalanı: 70-ə yaxın məqaləm resenziyalı jurnallarda çap olunub

O, iddia edir ki, guya mənim “Thomson Reuteres”- də 43 məqaləm var. Onun səriştəsi çatmir ki, orada tam axtarış edə bilsin. Mənim məqalələrimin 13-ü (orijinal rus dilində, sonradan ingilis dilinə tərcümə olunmuş) “Shakhverdiev” adı altında gedir, 43-ü isə (orijinalı ingilis dilində)“Shahverdiev” adı altında tanınır. Ümumilikdə isə 70-ə yaxın məqaləm resenziyalı jurnallarda çap olunub.

Nəhmədovun beşinci yalanı: həmin laboratoriyada 4 ilə yaxın çalışmışam

Nəhmədov iddia edir ki, guya mən prof. A.Shore-un laboratoriyasında qısa müddətli ezamiyyətdə olmuşam və təsadüf nəticəsində “Sivaprakasam S., Shahverdiev E.M.,Spencer P.S and Shore K.A. Experimental demonstration of anticipating synchronization in chaotic semiconductor lasers with optical feedback, Physical Review Letters, v.87, 154101 (1-4), 2001” məqaləsinə həmmüəllif olmuşam.

Bu da ağ yalandır. Mən ümumulikdə həmin laboratoriyada 4 ilə yaxın çalışmışam. 2000-ci ildə “Royal Society fellow” kimi, 2001-2002-də “EPSRC fellow” kimi və nəhayət, 2007-2009-cu illərdə Avropa İtifaqının Cərçivə Proqramlarının “Marie Curie fellow” kimi. Və ondan sonra Bakıda bir ildə axırıncı qrantın reinteqrasiya fazasının fellow-u kimi. Yeri gəlmişkən, indiyə qədər 45 ildir fəaliyyət göstərən Cərçivə Proqramlarının individual qrantını alan ilk və son azərbaycanlıyam.

Qeyd edim ki, A.Shore özü də çox gözəl bilir ki, bu işin ideyası mənə məxsusdur. Eksperimenti həmin ideya əsasında yerinə yetirən isə Hindistanlı alim S.Sivaprakasam olmuşdur. Mən bu ideyanı e-mail vasitəsi ilə A.Shore-la hələ 2001-də Bangor Universitetinə getməmişdən qabaq bölüşmüşdüm. O da cavab yazmışdı ki, mən sənin fikirlərini Sivaprakasama ötürdüm!

Yoxsa mən bu müəlliflər sirasında 2-ci olaraq nə gəzirdim ki! Bu iş elm aləmində böyük furor yaratmışdı. İngilis, alman, amerikan, fransız, ispan və s. mətbuatı bu işə onlarla şərh vermişlər. Nüfuzlu London Press Service isə 4 dekabr, 2001-ci il yazısında onu minilliyin ən mühüm işlərindən biri kimi xarakterizə etmişdir. Doğrudur, bu işdə yalnız mənim, həm də Sivaprakasam-ın ingilis adresləri keçir, amma məqalənin sonunda işin mənim və hindistanlı alımın qrantları əsasında yerinə yetirildiyi vurğulanır.

Nəhmədovun iddiasının əksinə, bu iş mənim ən çox istinad gətirən məqaləm deyil. Thomson Reuters-də 146 istinad. Mənim ən çox istinad (190) gətirən məqaləm belədir: Shahverdiev E.M., Sivaprakasam S. and Shore K.A. “Lag synchronization in time-delayed systems,Physics Letters A, v.292,pp.320-324, 2002”.Mənim tək müəllif olduğum çoxlu məqalələrim də var: məs.Shahverdiev E.M. “Synchronization in systems with multiple time delays”, Physical Review E, v.70, 067202(1-4),(2004) (38 istinad). Nəhmədovun xatırlatdığı 43 məqalənin 40-da aparıcı, birinci müəllifəm!

“Abdullazadələr Akademiyanı ölkənin qabiliyyətli toplumunun üzünə bağlayıbdır!”

Baxın, Nəhmədov və onunla birgə mənə qarşı iftira, böhtan, yalan yazan-təşkil edən N.Məmmədov, C.Abdinov və digərləri. Mənim 1-2 məqaləmə olan sitatlar sizin elmə ömür boyu gətirdiklərinizdən dəfələrlə çoxdur. Həyatın ironiyasına baxın: siz akademiksiniz, mən isə cəmi 450 manat alan bir elmlər doktoru. Amma sizə məndən az qala on dəfə çox ömürlük AMEA pensiyası kəsiblər! Və həqiqəti həzm edə bilmirsiniz! Kal armud kimi qalıb boğazınızda!

İndi görün kimin müalicəyə ehtiyacı var! Kimin ruhu xəstədir! Yəqın adam şərləmək, "psixuşka"ya göndərmək cəhdləri sizlərdə genetikdir (Şok məlumatlar gələn yazıda!).

Aqressivliyə, qabalığa gəlincə, bütün Fizika İnstitutu və AMEA səni təyin eliyənin əlindən cana yığılıb!

“Ziyanı nə məqsədlə işə götürmüşdün, ay Məmmədov!”

[caption id="attachment_42879" align="alignleft" width="300"]Nazim Məmmədov Nazim Məmmədov[/caption]

Baxın, sizləri AMEA-ya dolduran abdullazadələr Akademiyanı ölkənin əsas və qabiliyyətli toplumunun üzünə bağlayıbdır! Görün nə dərəcəyə düşmüsünüz ki, yalvara-yalvara mənim həmmüəlliflərimə məktub yazırsınız. Niyə yazmırsınız ki, problemin kökündə Sizin AMEA-ya qətiyyən layiq olmadığınız halda ən ali rütbəyə layıq görülməyiniz durur! Görəsən kim Nəhmədova səlahiyyət verib ki, A.Shore-a məktubunda dəfələrlə “biz” ifadəsini işlədir. “Biz” yəni kimlər! Mən Nazım Məmmədova üzümü tuturam: Sən Çulkov adlı Avropada işləyən rus alimindən neçə dəfə xahiş etmisən ki, səni topoloji izolyatorlara aid məqalələrə həmmüəlif etsinlər? Sənin heç baza fizika təhsilin belə yoxdur! Özünü unutma! Mənim şahidlərim var. Özü də Bakıda! Ziyanı nə məqsədlə işə götürmüşdün, ay Məmmədov!

“AMEA abdullazadələrin kardlarından təcili təmizlənməlidir!”

Görəsən mənim kardlar şöbəsindəki anketimlə Nəhmədov kimin göstərişi ilə tanış olub! Audit palatası yoxlamalarından necə can qurtardınız?! Axı onlar tövsiyə etmişdilər ki, “nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilsin”.

N.Məmmədov və müavini Cavad Abdinov son aylar tez-tez təkrarlayırlar ki, bunlar xarıcdən 20-25 milyon dollarlıq cihazları 7-8 milyona alıblar. Bu necə ola bilər?! Xarici şirkətlər yəni elə avamdırlar ki, belə sazişə getsinlər! Sizi yaxşı taniyanlar dərhal o fikirə gəlirlər ki, əslində bu cihazların qiyməti 2-3 milyondur! Sonrası isə bəllidir!

Nazim Məmmədova səslənirəm: get istefaya! Sən hara, fizika hara!

Nəhmədov! Sənin, N.Məmmədovun və Fizika üzrə digər təyinat nəinki ürək bulandırır, insanlarda öyümə və qusma effektləri yaradır! Sən deyəsən narahat olmağa başlamısan ki, sənə abdullazadələrin kadrı olduğuna görə MQU-nun Bakı filialında dekan olduğun yerdən qapını göstərəcəklər! AMEA abdullazadələrin kardlarından təcili təmizlənməlidir! Bunlar elmin altına qoyulmuş gec partlayan minalardır!

Hörmətli “Azpolitika.info”! Bu yerdə məktubumun İ-ci hissəsini bitirirəm. Nəhmədovgilin A.Shore-a yalvarış məktubu və Shore-un cavabı haqqında fikirlərimi isə məktubumun II-ci hissəsində işıqlandıracağam!

Hörmətlə, Fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun “Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri Elman Şahverdiyev.

P. S. Məktubda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar