Hakimiyyət daxilində Dini Komitə savaşı- Elşad İsgəndərovun yeri niyə boş qalıb?

Bundan əvvəlki üç sədrin fəaliyyəti iqtidarın gözünü qorxudub

Elşad İsgəndərov mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsindən çıxarıldıqdan sonra hələ də onun yerinə təyinat olmayıb. Ay yarıma yaxındır onun səlahiyyətlərini komitə sədrinin birinci müavini postunu tutan Səyyad Aran icra edir. E.İsgəndərovun istefaya göndərilməsindən sonra çox tezliklə S.Aranın komitə sədri postuna təsdiqlənəcəyi bildirilsə də, bu baş verməyib.

Qeyd edək ki, Dini Komitənin sədr postu boşalandan sonra hətta S.Aranı bu vəzifəyə təyinat alacağı ilə bağlı təbrik edənlər də olmuşdu. Bunu S.Aran özü də təsdiqləmişdi.

Amma göründüyü kimi Dini Komitənin sədr postuna hələ təyinat olmayıb. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bunun bir neçə ciddi səbəbi var. Bununla bağlı əməkdaşımıza danışan məlumatlı şəxsin bildirdiyinə görə, Azərbaycanda dini sahədəki indiki mürəkkəb vəziyyətdə hakimiyyət bu postu dini sahəni bilən, bu cameədə qıcıq doğurmayan, hər hansı təriqətə bu və digər şəkildə bağlılığı olmayan, ən əsası da, hər hansı xarici qüvvələrin təsiri dairəsinə düşməsi ehtimal edilməyən şəxsə tapşırmaq istəyir.

Buna görə də, məsələyə “Yüz ölç, bir biç” prinsipi ilə yanaşır. Başqa bir tərəfdən də əvvəllər Dini Komitə sədri postuna o qədər də önəm verməyən, bu qurumu “mollalar üçün təlimlər keçən”, QMİ-yə nəzarət edən və yazı-pozu işi ilə məşğul olan bir idarə hesab edən böyük nüfuz sahibi sayılan məmurlar son illər sözügedən komitənin çəkisinin xeyli artdığını görərək bu posta öz adamlarını yerləşdirmək istəyirlər.

Hakimiyyət isə indiyədək komitəyə rəhbərlik edən üç şəxsin - Rafiq Əliyev (2001-2006), Hidayət Orucov (2006-2012), Elşad İsgəndərov (2012-2014) fəaliyyətindən ən müxtəlif səbəblərdən razı deyil.

Dini Komitə yarandığı gündən beş il bu quruma rəhbərlik edən Rafiq Əliyev hakimiyyətin yaddaşında dini cameədə müəyyən intriqaların yaranmasında rolu olan, müxtəlif xarici qüvvələrin Azərbaycandakı dini vəziyyətə nüfuz etməsinə yol açan, üzərinə qoyulan vəzifəsinin öhdəsindən gələ bilməyən bir kadr obrazı kimi qalıb.

Ondan sonra Dini Komitəyə altı il rəhbərlik edən Hidayət Orucov isə bu sahəni bilməyən, ölkədəki dini situasiyaya lazımınca nəzarəti həyata keçirmək imkanından uzaq olan, komitənin müxtəlif işçilərinin onun üçün hazırladıqları hesabatları, çıxışları iclaslarda naşıcasına oxuyan bir şəxs kimi xarakterizə olunur. Hakimiyyət daxilində fikir bundan ibarətdir ki, ən yaxşı halda H.Orucovun 6 illik fəaliyyəti yalnız bəzi gənc və savadlı kadrları bu quruma cəlb etməkdən ibarət olub. Bundan başqa onu hansısa müsbət fəaliyyəti ilə xarakterizə etmək mümkün deyil.

H.Orucovun xələfi Elşad İsgəndərov isə savadlı, peşəkar kadr kimi qiymətləndirilsə də, onun ölkənin daxilində və xaricdəki bəzi dini cərəyanlarla sıx bağlılığının olduğu, onların təsiri altına düşdüyü və Qafqaz Müsəlmanları İdarəsi ilə apardığı iki ilə yaxın gizli mübarizənin ümumilikdə Azərbaycandakı dini mühitə zərər vurduğu iddia edilir. Hakimiyyətin ən üst qatlarında belə hesab edirlər ki, onun rəhbərlik etdiyi dövrdə ölkənin dini cameəsində vəziyyət daha da mürəkkəbləşib, təriqətlərarası bölücülük daha sərt və açıq xarakter alıb, kənar qüvvələrin Azərbaycandakı dini icmalara və sektalara təsiri daha da artıb. İqtidar Azərbaycana nəzarəti daha çox dini azadlıqlar cəbhəsində itirib. Vətəndaşlarımız radikal təriqətlərə sürətlə qoşulur və bu prosesin qarşısını almaq mümkün görünmür. Bu isə istər-istəməz ölkə üçün qlobal problemlər yaradır. Bu səbəbdən də siyasi hakimiyyət Dini Komitənin yeni sədrinin müsbət mənada bundan əvvəlkilərdən fərqlənməsini və heç bir kənar qüvvənin, təriqətin təsiri altında olmadan yalnız və yalnız ölkə rəhbərliyinin, dövlətin müəyyənləşdirdiyi istiqamət üzrə fəaliyyət göstərməsini istəyir. Bu sahənin ən inanılan şəxsə tapşırılması istəyi isə Dini Komitəyə yeni sədr təyinatını ləngidir.

Amma E.İsgəndərovun boşalan kürsüsünün indiyədək boş qalması heç də birmənalı olaraq sadaladığımız bu məsələlərlə bağlı deyil. Hakimiyyətdəki müxtəlif qruplar artıq bu postun önəmini anlayaraq, Dini Komitə sədri vəzifəsinə də öz adamlarını təyin etdirməyə çalışırlar ki, bu sahəyə də nüfuz etsinlər.

“Yeni Müsavat”ın məlumatına görə, bu posta müxtəlif qrupların bir neçə namizədi var. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allaşhşükür Paşazadə bu postda öz adamını görmək istəyir, Prezident Administrasiyasındakı güclü qruplaşma Dini Komitəyə öz kadrını rəhbər gətirmək, iqtidardakı bir neçə qruplaşma isə bu görəvin özlərinə yaxın adamlara tapşırılmasına nail olmaq niyyətindədir. Eyni zamanda, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin də bu posta öz namizədlərinin olduğu deyilir.

Bundan başqa, bu məsələlərdən tamam kənar olan bir qrupun isə Dini Komitədə işləyən, heç bir qruplaşmaya, daxili və xarici dini cərəyanlara bağlılığı olmayan gənc və peşəkar bir şəxsin namizədliyi barədə təkliflər verdiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Dini Komitənin sədri postuna potensial namizədlərin kimliyi hakimiyyət daxilində bir-birinə rəqib olan qruplara bəllidir. Bu isə onlar arasında gizli mübarizənin getməsinə səbəb olub. Elə bəzi qrup və şəxslərlə bağlı kompromat xarakterli müəyyən məlumatların tirajlanması həm də bununla bağlıdır.

Hakimiyyətin Dini Komitəyə yeni sədr təyinatı ilə bağlı tərəddüdlərinin başqa ciddi səbəblərinin də olduğunu deyən məlumatlı şəxs bununla bağlı kifayət qədər maraqlı bilgilər verib. Həmin qaynağın dediyinə görə, hakimiyyətdəki bu tərəddüdə səbəb həm də yaxın vaxtlarda QMİ-nin ömürlük sədri Allahşükür Paşazadənin səhhəti ilə əlaqədar əvəzlənməsi perspektivinin olmasıdır. Hakimiyyətdə belə hesab edirlər ki, ölkədə dini sahəyə əsas nəzarət Dini Komitə tərəfindən həyata keçirilməlidir.

Şeyxin QMİ sədri olduğu müddətcə isə bunu reallaşdırmaq faktiki olaraq mümkün görünmür. Çünki QMİ sədri və onun ətrafı bu sahədə çox dərin kök atıb və onun gedişindən sonra xeyli problemlərin yaranacağı ehtimalı var. Buna görə də, hakimiyyət belə hesab edir ki, Dini Komitə elə bir şəxsə tapşırılmalıdır ki, A.Paşazadənin əvəzlənəcəyi təqdirdə həm yarana biləcək problemlərin qarşısını ala bilsin, həm də dini cameyə təsir imkanlarını böyük ölçüdə öz üzərinə götürə bilsin.

Hazırda Dini Komitə sədri postuna potensial namizədlərin kimlikləri, dosyeləri, əlaqələri, nə qədər xarizmatik və nüfuzlu şəxs olmaları gözdən keçirilir. Ölkə başçısının yaxın vaxtlarda bu postu həmin şəxslərdən birinə tapşıracağı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar