TRAMP QƏRARINI 180 DƏRƏCƏ DƏYİŞDİ – Başqa ölkələrin daxili işlərinə də qarışacaq

Dərc olunub: 17/06/2017 - 12:30

9bc965650b6b071677797a1de278344eABŞ prezidenti Donald Tramp bu gün (Amerika vaxti ilə səhər saatlarında) Mayamidə öz tərəfdarları qarşısında çıxış edib. Onun sensasion sayıla biləcək çıxışı bir neçə aspektdən maraq doğurur və diqqət çəkməyə bilməz.
Əvvəla, prezident seçiləndən sonra Tramp ilk dəfə belə böyük auditoriya qarşısında tərəfdarları önündə çıxış etməyi lazım bilib. Hiss olunur ki, Ağ Evin hazırkı başçısı qısa zamanda sürətlə zəifləyən reytinqi sarıdan gerçəkdən də ciddi narahatdır.
Bu narahatlığa indi həm də ona görə ciddi əsas var ki, prezidentin məhz aşağı nüfuzu ona qarşı Rusiya ilə mübhəm əlaqələr səbəbi ilə artıq xeyli aktuallaşmış impiçment prosesdurunu asanlaşdıra bilər. Trampın reytinq isə düşməkdə davam edir və hazırda onun üzərində “qara buludlar” heç vaxt olmadığı qədər sıxlaşmış kimidir.
ABŞ prezidentinin öz çıxışında əsasən İran və Kuba rejimlərini hədəf alması da dolayısıyla yenə öncəliklə özünə qarşı impiçment prosedurandan qaynaqlanan əndişə ilə izah edilə bilər. Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq “Altılıq”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı.
İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Trampın da eyni mövqe sərgiləməsi bir yandan onun öz reytinqini gücləndirməyə hesablanıbsa, o biri yandan respublikaçı çoxluq arasında nüfuzunu artırmaq niyyəti güdə bilər ki, bu da sonuc etibarilə ona qarşı impiçment tərəfdarlarının sırasını seyrəltməlidir.

*****

Diqqəti çəkən həm də Ağ Ev başçısının öz çıxışını daha çox əvvəlki Obama administrasiyanın “xarici siyasətindəki səhvləri” üzərində qurmasıdır. Bu da bir daha dünyanın 1 nömrəli dövlətini idarə edən Donald Tramp hökumətinin əslində geniş spektrli, ölçülü-biçili xarici siyasət kursuna malik olmadığını göstərir.
Hər necə olmasa, sələfin siyasətini inkar üzərində qurulan siyasət ABŞ kimi fövqəldövlət üçün elə də uğurlu sayıla bilməz, hətta onun dünyadakı nüfuzuna və etibarına xələl gətirə bilər. Tramp isə aşkar görünür ki, öz yerində deyil və ABŞ xarici siyasətində indiyədək özünü pis-yaxşı göstərmiş vərəsəlik prinsipinə sadiq qalmağı bacarmır.
Bu xüsusda ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın bu gün Bakıya səfəri çərçivəsində söylədiyi bir fikir xeyli dərəcədə yerinə düşür. Sabiq diplomat deyib ki, Trampın xarici siyasətdə təcrübəsi yoxdur və onun özü hətta prezident seçiləndə təəccüblənibmiş.
İndi isə biznesmen-prezident, siyasətdə “piyada” Tramp özü ziqzaqvari, qeyri-müəyyən və cilalanmamış xarici siyasət kursu ilə dünyanı təəccübləndirməkdə davam edir.

Bir yandan o, bəyan edir ki, daha ABŞ ölkələrin daxili idarəçiliklərinə qarışmayacaq, başqa yandan da ABŞ-ı Kuba və İranla “soyuq müharibə” dönəminə qaytarmağa çalışır. Beləliklə, dünya yeni gərginliyin astanasındadır.

*****

Xəbər verdiyimiz kimi, Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp daha çox Kuba rejimi ilə bağlı danışıb. O, deyib ki, Kubaya qarşı əvvəlki sanksiyalar , blokada qüvvədə qalacaq. “Öz xalqına zülm edən, minlərlə insanı oldürən bir rejimlə işbirliyi , anlaşma mümkün deyil. Nə zaman ki, Kuba rejimi geri addım atacaq, həbsxanaları boşaldacaq, demokratik açılımlar həyata keçirdəcək, o zaman biz Kuba ilə bir masa arxasında oturarıq” – Tramp deyib.
Bunun ardınca ABŞ prezidenti Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv etdiyini bildirib. “Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, – deyə o vurğulayıb. Tramp habelə Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab edən razılaşma hazırlamağa çağırıb. O, həmçinin rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyəti gərginləşdirməkdə ittiham edib.

*****

Başqa ölkələrdə təməl insan haqlarının durumuna diqqət özlüyündə yaxşıdır, təqdiredicidir. Ancaq qeyd edildiyi kimi, bu, hər halda Trampın ölkələrin daxili işlərinə qarışmayacağı barədə verdiyi vədlə ziddiyyət təşkil edir və onun doğrudan da siyasətçi kimi səriştəsinin qıtlığına dəlalət edir. Başqa yandan, ABŞ-ın özünə əlavə problemlər vəd edir. Çünki məşhur fransız diplomatı və mütəfəkkiri Toleryanın sözləri ilə desək, “Düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”.
Yeri gəlmişkən, hətta ABŞ-ın NATO üzvü qardaş Türkiyə ilə də münasibətlərində PKK məsələsinə görə gərginlik yaşanır. Trampın gəlişi ilə bu münasibətlər əfsus ki, istiləşməyib. Dövlət katibi Reks Tillersonun Türkiyəni hədəf alan son açıqlaması isə Ankara-Vaşinqton əlaqələrini bir az da soyuda bilər…

*****

Trampın Mayamidakı çıxışı yeni hədəflərin ünvanını göstərməklə yanaşı, konkret olaraq, Azərbaycan üçün də birbaşa və ya yan təsirlər doğuracaq – baxmayaraq ki, Ağ Ev başçısının Azərbaycan prezidenti İlham Əliyevə son təbrik məktublarındakı ritorika ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı zəmin yaradır.
Xüsusən də cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Bölgədə gərginliyin artması da öz yerində.
Söz düşmüşkən, dünən ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Tehrandan sərt etiraz özünü çox gözlətməyib.
Hərçənd ABŞ-İran münasibətlərinin yenidən əvvəlki gərgin məcraya qayıtmasının Azərbaycanın Vaşinqton üçün önəmini artıracağı istisna deyil. Fəqət, Tehranın da Bakıdan gözləntiləri və tələbləri artacaq.
Yekun yerinə vurğulayaq ki, Trampın Mayamidəki çıxışı daha çox özünüxilas proseduruna oxşayır. Bəs bu gedişlər onu impiçment aqibətindən xilas edəcəkmi? Bir az gözləyək.(musavat.com)


loading...


Fikrinizi bildirin