XEYRƏDDİN QOCAYA "İLİŞƏN" YOL POLİSİNİN AQİBƏTİ... - Bir nəfəri cəzalandırmaq nəyi dəyişəcək?

Yazıçı, sabiq deputat, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qocanın qızından Seyidov soyadlı yol polisi 100 manat rüşvət alıb və bu hadisə həm də publisist kimi tanınan Xeyrəddin müəllimi çox hiddətləndirib, hətta o, “Bu quldurluq nə vaxt bitəcək?” deyə, üsyan da edib. Böyük ehtimalla, seyid nəslindən olan Seyidovu yaxşı aqibət gözləmir, məsələ xeyli böyüyüb, nazirə qədər çatıb.

Lakin bir nəfəri cəzalandırmaq nəyisə dəyişəcəkmi? Xeyrəddin müəllimin qızından əvvəl, qadınlı-kişili, bəlkə də yüzminlərlə sürücü bu və bundan betər haqsızlıqlarla üzləşib, lakin görünür hörmətli YAP Siyasi Şurasının üzvünün bunlardan xəbəri olmayıb...

Böyük ehtimalla, Bakıda bütün yollar düzələndən sonra ən sonda Babək prospekti təmir olunacaq. Bütün idarələrdə rüşvət və özbaşınalıq aradan qaldırılandan sonra isə növbə yol polisinə çatacaq. Babək prospektinin asfalt örtüyü nə gündədirsə, yol polisinin ictimai sifəti də ona oxşardır – kələ kötür, təmirsiz, yamaqlarla və çapıqlarla dolu! Bu izləri silmək heç də asan deyil. Bakı və ümumilikdə respublika üzrə yol polisinə rəhbərlik edən rəislərə deyəcək bir söz yoxdur – rusun sözü «с ними все ясно» - onlarla bağlı hər şey məlumdur. Sıravi heyətə gəldikdə, onların arasında dürüst və hörmətə layiq insanların olmadığını demək insafsızlıq olardı. Amma yenə də, hər gün camaatla üz-üzə gələn sıravi və zabit heyətin hamısına da olmasa, bir hissəsinə heç olmasa qismən bu “ictimai sifəti” dəyişmək üçün bir neçə acizanə xahişdə bulunmaq məcburiyyətindəyik:

- Eyni qayda pozuntusuna görə, 100-150 minlik maşının yekəbaş və yekəxana sürücüsünün üzünə hırıldayıb, dişinizi ağardaraq, “yaxşı yol” deyəndən sonra, 1000-2000 manatlıq avtomobil sürən yetim-yesirin qarşısında Əzrayıla dönməyin! O yağlı-piyli 1-ci sürücü üçün almağa cəsarət etmədiyiniz 50-60 manatlıq cərimə, it-pişiyinin yarım günlük yeməyinin puludursa, 2-cinin bəlkə də xəstə uşağının bir neçə günlük iynə-dərmanına yetər...

- Həccə və başqa müqəddəs yerlərə getməyiniz də məsləhət deyil, bir-birinizi də “seyid”, “həci”, “kərbəlayi”, “məşədi” və s. deyə çağırmayın, camaatla məzələnirsiz də, bu yetər, heç olmasa dinlə məzələnməyin...

Sıra düzülüşündə rəislərinizdən eşitdiyiniz ifadələrin stresini sürücülərin üzərinə atmayın...

- Yol Polisi postlarını Təzəpir Məscidinin nəzir qutusu ilə səhv salmayın...

- Çıxın artıq ağac dibindən, bina tinindən və daha haralardan...

- Kimlərəsə pul verib də “QAİ”-yə düzəlməyi məsləhət görməyin, qoy savadlı və təmənnasız gənclərə yol açılsın...

- Heç olmasa rəislərinizin oturduqları Badamdar və Xırdalandakı binaların alt mərtəbələrində, zirzəmilərində rüşvət almayın, birdən onlar görərlər, bilərlər də, dərinizə saman təpərlər!!!

- Özünüz axşamdan “mıxlayıb”, sübh tezdən, səhər açılmamış “içkili ovuna” çıxmayın, üzə durmayın, şər atmayın...

- İdmanla məşğul olun – bəzilərinizin qarnı az qalır sürücünün pəncərəsindən içəri girsin...

- Yol hərəkəti haqqında qanun və təlimatları oxuyun – çox vaxt sürücüyə qayda pozuntusunun maddə və bəndlər üzrə dəqiq izahını verə bilmirsiniz...

- Ədəb-ərkan, nitq, danışıq qabiliyyəti öyrədən kurslara gedin, inanın ki, bunun sizə ancaq faydası dəyər...

- Heç olmasa, valideynləriniz yaşda olan sürücülərə “sən” deyə müraciət etməyin və qadınlara hörmətlə yanaşın...

- Rəislərinizdən tələb edin ki, qoyduqları planı azaltsınlar – camaat da yazıqdır, siz də...

- Qəza və sarsıntı keçirən sürücünün sənədini sığorta şirkətinə rüşvət almadan, vaxtında göndərin, onsuz da ona olan olub...

- Hərdən özünüzə sual verin – niyə sizə verilən səlahiyyətlər və cərimələr artdıqca, ağır yol qəzalarının və qayda pozuntularının sayı da artır?

- Hə, bir də özünüzdən soruşun ki, doğrudanmı “çörək pulu” qazanmağın başqa yolu yoxdur...

- İnterneti açın, Vikipediyaya baxın – orada vicdan, insaf sözlərinin ətraflı izahı verilib...

- Nəhayət, İş növbəniz bitdikdə cibinizə baxandan sonra, başınızı qaldırıb güzgüyə də baxın, diqqətlə baxın!

CƏLAL

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar