JURNALİSTLƏRİN BİNASINDAN EV İSTƏYƏN POLKOVNİKİN MİLYONLUQ VİLLASI -  Fotolar

"Heç bilirlər, mən hansı şəraitdə yaşayıram?"

Vaqif Əsədov: "Villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar?"

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, “NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. “Ölkə.Az” sözügedən villanın fotolarını çəkməyə nail olub.

Sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir. Sözügedən villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiq edib.

Qonşular bildirib ki, Vaqif Əsədovun “NZS”-də başqa bir villası da var.

Vaqif müəllim, bu villanı yeni tikdirib. Özü də tez-tez bura gəlir. Əvvəl onun evi “NZS”-də məktəb tərəfdə idi. O köhnə evidir. Bunu isə yeni tikdirib”, - deyə Vaqif Əsədovun qonşuları deyib.

Qonşuların fikirlərinə görə, Vaqif Əsədovun “NZS” qəsəbəsində digər obyektləri də var. Vaqif Əsədova məxsus olduğu deyilən 3 mərtəbəli villanın fotolarını aşağıda təqdim edirik.

Xatırladaq ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini bildirib.

V.Əsədov mətbuata açıqlamasında ev almaq istədiyini inkar etməyib:“Haqqında yazılan onu gözü götürməyənlərin növbəti qarayaxmalarıdır. Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz, mənim nə qədər ailə üzvüm var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm ondan kimə nə? Əgər yazırlarsa ki, Vaqif Əsədovun villası filanı var, yenə deyirəm, bu ancaq paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa, onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar? Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram? Ən azından məni mətbuat nümayəndəsi kimi qəbul edənlər, necə olur ki, ev üçün müraciətimə belə reaksiya verirlər. Belə çıxır ki, mən sizdən deyiləm? Evi olan, ya olmayan müraciət edir, bu onların düşüncəsidir. Haqqımda yazılanlar cəfəngiyyatdır. Bu cür yazanlar fəaliyyətimə paxıllıq edənlər, yaxşı işlərimi gözü götürməyənlərdir”.

Vaqif Əsədov musavat.com-a açıqlamasında milyonluq villasının olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, deyib ki, istəyən jurnalist gəlib, araşdırıb, sözügedən villanın kimə məxsus olmasını öyrənə bilər: “Hazırda “Formula-1” yarışları ərəfəsidir, biz yolların bağlanmasından danışıb, bununla bağlı informasiya veririk. Yollarla bağlı mənə sual verin. Bu cür məsələlər bəllidir ki, yalan məlumatdır. Mənim düşmənim yoxdur, paxıllığımı çəkənlər var. Görünür, məlumat qıtlığı olduğu üçün hansısa dostlarım gündəmdə qalmaq məqsədilə bu cür xəbərləri verirlər. İkincisi də villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar? Mənimlə bağlı yazılan məlumat bir daha deyirəm ki, cəfəngiyyatdır. Çox güman ki, məni gündəmdə saxlamaq üçün bu cür yazını yazıblar. Sağ olsunlar, dostlarımız”.

***

Vaqif Əsədov Modern.az-a açıqlamasında villanın ona məxsus olduğunu etiraf edib: “Mən hər kəsə cana sağlığı arzulayıram. Qoy Allah hər kəsə mənim yaşadığım villa kimi ev qismət eləsin. Görünür mentalitetimizdə nöqsan var. Mən dəfələrlə demişəm, bir də deyirəm, mən fəxr edirəm ki, yuxarıda Allah, yerdə rəhbərliyim və jurnalistikada işləyən dostlarım var ki, bu hörməti qazanmışam. 15 ildir ki, sizlərlə işləyirəm. İncimişik də, küsmüşük də, telefonlara cavab verməmişəm də. Amma 15 il eyni vəzifədə çalışıb insanların rəğbətini qazanmaq özü böyük səadətdir. Deməli burada nə isə var. Dünyadakı xalqların əksəriyyəti münasibətləri şəxsi maraq üzərində qurur. Mən bu 15 ildə münasibətləri şəxsi maraq üzərində qurmadım. Ən azından hər kəs verdiyim salamımı aldı. Mən bunu qazanmışamsa, demək Allah-Təala istəyib. Allahın qismətini yüz bəndə yığışsa da əlindən ala bilməz”.

Evə oğurluq gəlməzlər...

V.Əsədov evinin fotosunu yayımlayan jurnalistə sual da ünvanlayıb: “İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqda çəkirsiz?! Gəlin evə, qapım da, bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin. Görün neçə nəfər qalır o villada?!”.

“Mənim biznesim Rusiyadadır, burda heç nəyim yoxdur”

Qurum rəsmisi deyib ki, respublikada ona məxsus heç bir biznes yoxdur:

“Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir”.

Maraqlıdır ki, V.Əsədov ilkin açıqlamalarında şəkillərdəki villanın ona məxsus olmasını qəti şəkildə təkzib etmişdi.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" ids="332458,332459,332460,332461,332462,332463,332464,332465,332466,332467"]

*****

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun jurnalistlər üçün tikilən binadan mənzil istəməsi barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri bu halı tənqid edib və “onun villası var” deyərək etiraz ediblər.

“Qafqazinfo” yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün V.Əsədovla əlaqə saxlayıb. Polkovnik saytımıza açıqlamasında villası olmasını təkzib edib: “Ev istəmişəmsə, burda nə qəbahət var ki? Bu, gizli bir şey deyil. Kim nə yazır özü bilər. Nə varsa, əvvəl axır bilinəcək”.

V.Əsədov bu mövzudan yazmamağı məsləhət görüb: “Yolların bağlanmasından, mənim mükafat almağımdan yazın. Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar