MERKEL TRAMPA QARŞI – Kansler bundan sonra təmkin nümayiş etdirməyəcək

Dərc olunub: 20/06/2017 - 19:07

tramp

Almaniya kansleri Anqela Merkel ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yenidən sərtləşdirilməsini tənqid edənlərin sırasına qoşulub. Bu isə Berlin və Vaşinqton arasında artan siyasi fikir ayrılığının növbəti sübutudur. Adətən ehtiyatlı və təmkinli davranışları ilə seçilən Merkel, ABŞ-ın təklifinə qarşı kəskin tənqidi çıxış edən Almaniyanın Xarici işlər naziri Ziqmar Qabrieli dəstəkləyib.

Merkelin ABŞ-ın ünvanına tənqidlər söyləməsi prezident Donald Trampın Almaniyanın müdafiə sferasındakı siyasətinə və ticarət əməkdaşlığına qarşı açıq şəkildəki hücumundan sonra baş verir. Almaniya kansleri Trampın neqativ reaksiyasına qarşı çıxması ilə yanaşı, həm də bildirir ki, o, Transatlantik alyansının saxlanılması tərəfdarıdır. Çünki ortada Almaniyanın və bütün Avropanın maraqları dayanır.

ABŞ və Almaniya arasında münasibətlərdəki çatların perspektivi, Böyük iyirmiliyin iyul ayında Hamburq şəhərində keçiriləcək sammitində məyusluq yarada bilər. Belə görünür ki, Avropanın ən nüfuzlu və təsir imkanları geniş olan siyasətçisi sayılan alman kansleri bundan sonra təmkin nümayiş etdirməyəcək.

Merkelin tənqidi Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barəsində qərar qəbul etmiş Senata yönəlib. Senatın bu qərarı Rusiyanın Krımı ilhaq etməsi, Ukraynaya qarşı təcavüzü və həmçinin də onun Amerikadakı prezident seçkilərinə müdaxiləsi ilə bağılıdır. Nümayəndələr Palatası tərəfindən də qəbul olunacağı gözlənilən bu qanun layihəsi ona işarə edir ki, hazırda qüvvədə olan sanksiyaların yumşaldılması prosesi əhəmiyyətli dərəcədə çətinləşəcək.

Senatın bu cür qərar almasını, onun Trampın Rusiyaya qarşı hədsiz yumşaq mövqe tuta biləcəyindən ehtiyatlanması ilə izah edirlər. Lakin bu qanun layihəsində yeni tədbirlər yer alır ki, bunlar kütləvi mübahisələrə səbəb olmuş “Şimal axını-2”-yə qarşı da yönəlib. Belə ki, ”Şimal axını-2” layihəsinə Almaniya və Avstriya şirkətləri artıq öz vəsaitlərini yatırıblar. Senatın qəbul etdiyi qanun layihəsində Rusiya şirkətlərinə yönələn sanksiyalarla yanaşı, onlara yardım göstərən xarici şirkətlərə qarşı da sanksiyaların tətbiqi nəzərdə tutulur.

Berlin ABŞ Senatı tərəfindən təklif edilən tədbirləri kəskin qınayaraq, bunu Avropanın daxili işlərinə qarışmaq və eyni zamanda da Avropa enerji təchizatının inkişafında iştirak edən şirkətlər üçün təhlükə adlandırıb.

Almaniya sanksiyaların sərtləşməsini nəzrdə tutan qanun layihəsindən hiddətlənib. Hərçənd ki, Berlin Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsindən narahat olan ABŞ-i anlayır, lakin Almaniya istəyir ki, gələcəkdə tətbiq ediləcək sanksiyalar birbaşa Rusiyanın Ukraynadakı fəaliyyəti və Ukraynadakı vəziyyətin dəyişilməsi ilə bağlı olsun. Belə ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həllinə maraqlı olması vacib məsələ hesab edilir.
Alman məmurlar da hədsiz narazıdırlar. Bu qanun layihəsi ABŞ administrasiyasını Amerikanın enerji resurslarını ixrac etməyə, Amerikada iş yerlərinin yaradılmasına və Amerika xarici siyasətini möhkəmləndirməyə yönəldir. Almanların fikrinə görə, bu layihə hazırda fəaliyyətdə olan sanksiyaların məğzinə ziddir. Çünki Amerika öz iqtisadi maraqlarını avropalı müttəfiqlərinin maraqlarından üstün tutur. Xüsusən də energetika sahəsində.

Onu da qeyd etmək yerinə düşər ki, ABŞ dövlət katibi Reks Tillerson Berlinə təklif etmişdi ki, Ukrayna böhranının həll edilməsi üçün Moskvanı Minsk müqaviləsi çərçivəsi ilə məhdudlaşdırmasınlar. 2015-ci ildə Rusiya, Ukrayna, Fransa və Almaniyanın imzaladığı və Normand formatı adlandırılan Minsk sülh müqaviləsini yerinə yetirməyib. Almaniyalı məmurların sözlərinə görə, Anqela Merkel Minsk müqaviləsinin və Normand formatının qətiyyətli tərəfdarıdır.
Kansler Merkelin Xarici işlər naziri Ziqmar Qabriyeli ABŞ-ın ünvanına tənqidlər səsləndirməsi ilə əlaqədər müdafiə etməsi faktı, hələ heç də onun “Şimal axını-2” layihəsinə skeptik münasibətini yumşaltması demək deyil. Düzdür, cənab Ziqmar Qabriel öz mövqeyini iqtisadi motivlərlə əsaslandıraraq, layihəni fəal şəkildə dəstəkləsə də, Anqela Merkel Polşa və digər şərqi avropalı müttəfiqlərin həmin layihəyə qarşı qəti etirazına görə, bu məsələdə məsafə saxlamağa çalışır.

(“Financial Times” – Böyük Britaniya)


loading...




Fikrinizi bildirin