"SEZARIN ARVADLARI ŞÜBHƏDƏN KƏNARDA OLMALIDIR?..." - "AMEA tarixində belə bir biabırçılıq olmayıb!"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən sonra nəticələrdən narazı qalan alimlərimizlə akademik titulu alanlar arasında qarşıdurma davam edir. Məlum olduğ kimi, narazılar bəzi şəxslərin haqqı çatmadığı halda kimlərinsə himayəsi, tapşırığı ilə Akademiyanın həqiqi və müxbir üzvü olduğunu iddia edirlər.

Narazılığını ictimailəşdirən fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyev isə akademik adı verilmiş bəzi alimlərin buna layiq olmadığını bəyan edərək, konkret adlar çəkir, AMEA-ya keçirilən son seçkilərdə saxtakarlığa yol verildiyini bildirir. Belə mənzərənin yaranmasında isə Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadəni və onun həyat yoldaşı Oktay Ələkbərovu ittiham edir.

Xəbər verdiyimiz kimi, Elman Şahverdiyevin layiq olmadığı halda akademik adını almaqda ittiham etdiyi alimlərdən biri də AMEA-nın həqiqi üzvü Ənvər Nəhmədovdur. Onun ittihamlarına Ənvər Nəhmədov tərəfindən çox sərt şəkildə cavab verilmişdi.

Elman Şahverdiyev da bu ittihamları cavablandırmaq üçün “AzPolitika.info”ya müraciət edib. Onun ilk cavab məktubu saytımızda dərc edilib.İndi də ikinci hissəsini göndərib.

Elman Şahverdiyevin “Bir istinadla müxbirlikdən həqiqi üzvlüyə hoppandırılan Nəhmədov” sərlövhəli ikinci yazısını qısa ixtisar və zəruri redaktə ilə dərc edirik.

 

Sıfır səslə akademik təyin olunublar!

Gəlin məsələnin mahiyyətinə varaq. Mən AMEA-ya seçkilərlə bağlı yazılarımda AMEA-ya seçkilərin yox, təyinatların olduğunu vurğulamışam. Yalnız o adamlar seçilir ki, onların adları qabaqcadan tərtib olunmuş siyahıda olur. Mən hələ eşitməmişəm ki, indiyə qədər adı siyahıda olmayan kimsə seçilsin! Mətbuatda bu barədə saysız-hesabsız yazılar gedir. Hətta bir çox hallarda kimlərin seçiləcəyi qabaqcadan mətbuata sızdırılıb! Bəzən olub ki, hətta kiminsə adının siyahıda olmasına baxmayaraq, ona verilən səslər sıfır olub. Məsələn, belə bir hal 2001-ci ildə sıfır səslə akademik təyin olunmuş Firudin Həşimzadə ilə bağlı baş verib. Bunu AMEA-da hamı bilir!

Yaxın illərin seçkisindən danışsaq, deyilənlərə görə 2014-də Nazım Məmmədova, adının siyahıda olmasına baxmayaraq, cəmi 4 səs verilmişdi, amma onu müxbir üzv elan etmişdilər. Çünki o, Abdullazadələrin siyahısında idi. 2017-də də o, yenə də adının siyahıda olmasına baxmayaraq, formal olaraq seçilmə baryerini aşmamışdır, amma bu dəfə isə onu akademik (həqiqi üzv) təyin etmişlər.

Mən AMEA-ya seçkilərlə bağlı təyinedicilərin, ümumiləşmiş şəkildə belə deyək - Abdullazadələrin fəaliyyətini tənqid etmişəm. Tənqidim mücərrəd olmasın deyə təyin olunmuşların adını çəkmışəm (onu da ki, müqayisə kontekstində), hərçənd ki, mənim bu insanlarla şəxsı ədavətim yoxdur. Götürək elə Nəhmədovu. Necə olur ki, elmə Thomson Reuters-də cəmi 106 istinad gətirən Nəhmədov, bu gün AMEA-nın həqiqi üzvüdür, amma mən 2-ci dəfədir ki, heç müxbir üzv də ola bilmirəm. Baxmayaraq ki, mənim istinadlarımın sayı 682-dir. Bu adamın adı Thomson Reuters-də ümumilikdə 45 məqalədə keçir, mənimki isə 56 işdə! Onun Hirş indeksi 5-dir, mənimki isə 13! Bir məqaləyə olan orta istinadların sayı: Nəhmədov - 3, Şahverdiyev - 19-a yaxın!

Hörmətli oxucular! bu faktlar hələ Thomson Reuters-in data bazasından götürülüb! Thomson Reuters-dən də conservativ olan SCOPUS data bazasında isə Nəhmədovun vəziyyəti daha acınacaqlıdır! Məsələn, SCOPUS-da onun işlərinə cəmi 54 istinad var (Thomson Reuters-də isə qeyd etdiyim kimi -106). Bu, təkzib olunması mümkün olmayan faktların qarşısında Nəhmədov abırına bükülüb susmaq əvəzinə, hələ cavab qaytarır da! Deyir ki, mənim istinadlarımın əksəriyyəti xarıcdə işləməyimə görə yığılıb! Konkret olaraq Prof. Shore-un İnstitutunu göstərir. Mən Nəhmədovdan soruşuram ki, mən o laboratoriyada cəmi 3 il yarım olmuşam. Ümumilikdə Yaponiyada, Türkiyədə, İtaliyada, Portuqaliyada olduğum ezamiyyət müddətlərini saysaq - cəmi 7 il (İki dəfə də Almaniyanın DAAD qrantına layıq görülmüşəm, amma səfər proqramlarım kəsişdiyindən, Almaniyaya gedə bilməmışəm.).

Ənvər Nəhmədov, sən xaricdə məndən az qala 3 dəfədən çox müddət (22 il, özü də 15 il Almaniya kimi elm mərkəzində) olmusan, rus və xarici həmmüəlliflərinin sayı da mənimkindən daha çoxdur, bəs sən niyə yığa bilməmisən o istinadları?! Deməli xaricdə işləmək hələ istinad yığmağı təmin etmir. Sənin kimisinin prinsipial olaraq istinad gətirməyə gücü çatmır. Bunun üçün yeni ideyalara, metodlara, yanaşmlara əsaslan yeni, orijinal işlər görmək lazımdır! Sən isə bu cəhətdən qısırsan! Sən ancaq Abullazadələrə xidmət göstərəndə yeni məişət ideyaları generasiya edə bilirsən! Sən həmmüəlifi olduğun 45 işin yarıdan çoxunda aparıcı müəllif deyilsən! Mən isə 56 işin 52-də aparıcı müəllifəm. Bu 56 işin, səhv etmirəmsə, 10-dan çoxunda tək müəllifəm.

“Vəzifə səlahiyyətlərindən sui-istifadə edib, daxildə hərədən bir məqalə qopardırsan”

Eyni sualı Nazim Məmmədova ünvanlayıram: sən xarıcdə 12 il olmusan (Yaponiya kimi elm ölkəsində), ondan qabaq isə SSRİ vaxtlarında Rusiyada müxtəlif şəhərlərdə uzun müddət olmusan. Bəs sənin istinadların niyə mənimkindən azdır?! Niyə Hirş indeksin də mənimkindən aşağıdır?! Hələ bir məqaləyə olan orta istinadlarınin sayının mənimkindən dəfələrlə kiçik olmasından danışmıram! (bu hələ Thomson Reuters-də olan vəziyyətdir, Nəhmədov kimi sənin də SCOPUS-da vəziyyətin daha da acınacaqlıdır). Sən, ümumiyyətlə bir neçə məqalən istisna olmaqla, heç bir məqaləndə aparıcı müəllif deyilsən. Sən vəzifə səlahiyyətlərindən sui-istifadə edib, daxildə hərədən bir məqalə qopardırsan, layıq olmadığın halda başına səpələnən milyonlarla qrantların hesabına Çulkovu və başqalarını ölkəyə dəvət edirsən, sonra da qırraşırsan ki, məni topoloji izolyator məqalələrinə həmmüəllif elə! Çoxları şübhələnir ki, sən ömründə bir məqaləni belə əvvəldən axıra qədər özün yazıb hazırlamamısan!

[caption id="attachment_107048" align="aligncenter" width="600"]Nazim Məmmədov Nazim Məmmədov[/caption]

“Milyonlarla qrantı mənimsəmisən!”

Sənin bütün elmi həyatın saxtakarlıqla doludur, adın dəfələrlə plagiatda hallanıb, başqalarının işıni köçürüb milyonlarla qrantı mənimsəmisən! Hər iki ildən bir keçirilən bir konfransa 20-25 arası materialla gedirsən, sonrada qrantların hesabına hardasa çap etdirib deyirsən ki, mənim məqalələrim var! Tutduğun 5-6 vəzifənin fonunda sənin vaxtın hardadır ki, bir o qədər məqalə yaza biləsən? Direktorluq vəzifəsi menecerlikdir, AMEA-ya üzv olmaq üçün tramplin YOX!

Ölkənin çətin günlərində Nəhmədov kimi aradan çıxanların biri də sənsən (1994)! Necə getmisən, onu da hamı yaxşı bilir! Getmişdın də Yaponiyaya, qalıb işləyərdin, yəqin Nəhmədov kimi səni də oradan qovublar! Qəfildən gəlib özünüzü ortaya atırsınız ki, bizi təyin edin! Sübhələnirəm ki, sənin kimi xarakterə malik adamın da ola bilsin ki, ikili, hətta üçlü vətəndaşlığı var! Sənin karyera üçün sovet vaxtı Fizika İnstitutunda hansı oyunlardan çıxdığını hələ də unutmayıblar! Etika xatirinə bəzi ilginc məqamları açıqlamaq istəmirəm!

Bir sözlə, ay Məmmədov, sən sadəcə başqalarının işini öz adına çıxırsan, başqa alimlərin haqqını yeyirsən! Faktiki olaraq, sənin həmmüəllifı olduğun işlərin sənə, AMEA üzvlüyünə təyin olunmaq dərəcədə heç bir aiddiyyəti yoxdur! Onda gərək sənin həmmüəllif olduğun digər adamlar da səndən qabaq akademik olsun! Xarici həmmüəlliflərin isə fəxri üzv və ya xarici üzv! O biri tərəfdən AMEA-ya qrup üzvlüyü yoxdur! Sən özün düşün ki, neçə işdə aparıcı müəllif olmusan və sənin mənəvi haqqın çatırdımı AMEA-ya ümumiyyətlə sənəd verməyə! (Digər təfərdən biz nəyə təəcüblənirik ki! Azərbaycan dilində yaxşı danışa bilmədiyinə baxmayaraq, səni İnstitutda “Terminologiya” komissiyasının sədri təyin ediblər!).

AMEA tarixində hələ belə bir biabırçılıq olmamışdı!

Hətta namizədlik dissertasiyanın müdafiəsi zamanı bir nəticədən iki iddiaçının istifadəsi yolverilməz sayılır! Amma AMEA-da belə şeylərə fikir verən kimdir axı?! Təyin eliyənlərin səriştəsizliyinə, qeyri-kompetentliyinə baxın ki, bu seçklərdə təxminən eyni işlər üzrə eyni ixtisas üzrə başqa bir qardaş da (az qala eyni yaşlı) AMEA-nın müxbir üzvü oldu!!! Ömür boyu eyni işlərlə məşğul bir ata-bala cütlüyündə nədəsə balanın AMEA üzvü təyin olunması bu dəfə baş tutmadı! (Mən əvvəllər söz verdiyim kimi, bu məsələlər barədə ilginc faktları oxucularımla bölüşəcəyəm!). AMEA tarixində hələ belə bir biabırçılıq olmamışdı! Bu elmə, elmi ictimaiyyətə təhqirdir!

Bu faktlar AMEA-ya təyinolmaların nəticələrinin ləğv olunması üçün lazım olandan da artıq əsaslardır. Bu təyinedicilər düşünürlər ki, biz öz işimizi görək, yuxarıları fakt qarşısında qoyaq! Narazılar da uzağı bir-iki aya sakitləşər! Mən öz adımdan deyirəm: belə olmayacaq!

Mən AMEA-nın yenidən təşkil olunması uğrunda mübarizə aparacağam! Elmə istinad gətirməyənlərin AMEA-ya doluşdurulması səbəbindən biz qonşu, ən xirda dövlətlərdən belə beynəlxalq qiymətləndirmə meyarlarına görə dəfələrlə geri qalırıq! Təsəvvür edin, ölkə Prezidenti çətin iqtisadı durumda belə Thomson Reuters-in qapılarını elmi işçilərin üzünə açir, yəni deyir ki, gedin, siz də bu meyarlarla işləyin, qiymətləndirmədə də beynəlxalq meyarları əsas götürün!Bu açılışdan heç altı ay keçməmış AMEA-nın builki aprel yığıncağında cəmi 6 istinadı olan bir təyin olunmuş akademik anti-Thomson cəbhəsin yaradılmasını faktiki olaraq elan edir!

“İstəyirlər xoşlarına gəlməylərin istinadlarını azaldıb yazsınlar!”

Hətta pafosla deyirmiş ki, biz Thomson Reuters-in qarşısında şərt qoymuşuq ki, bizə AMEA əməkdaşlarının istinadları barədə arayış versinlər. Durumun rəzilliyinə baxın! Akademikdir, amma açıq domendən istifadə edə bilmir! Yaxşı, bəs nəyə görə Thomson Reuters-in ölkədəki nümayəndəsi Ayğün Babazadə aylarla AMEA-da və təhsil qurumlarında treyninqlər keçirir? Yəni oradan da bir şey öyrənə bilmədiniz?

Əziz oxucu, məsələnin mahiyyəti bir az başqadır. Bu, bir hiyləgərlikdir! Bunların az istinadları olmasına baxmayaraq, istəyirlər ki, Thomson Reuters onlara arayış versin ki, məsələn, ay filankəs akademik, sənin istinadların 6 yox, 666-dır. Xoşlarına gəlməylərin istinadlarını isə azaldıb yazsınlar. Sonra get sübut elə ki, sənın istinadların 77 yox, 777-dir. Sənə arayışı göstərcəklər ki, bax, burda Thomson Reuters yazır ki, sənin istinadların 77 dir. Nə şər-böhtan atırsan! Deyəcəksiniz ki, belə özbaşınalıq olar? Bəs onda AMEA-da baş verənlər nədir?!

Bu yaxınlarda mənim müəllifi olduğum bir sıra yüksək istinadlı məqalələr adımdan silinmişdi. Yalnız Thomson Reuters-in Mərkəzi ofisinə müraciətimdən sonra bərpa elədilər! Bu xüsusda başqa bir faktı da qeyd etmək istəyirəm!

2012-ci ilə Thomson Reuters şirkəti Azərbaycan fizikləri arasında məni istinadlarıma görə, Fizikada mükəmməlliyə görə” diplomu ilə təltif etmişdi! Təsəvvür edin, bildiyimə görə bu bərədə nə AMEA-nın saytında, nə Fizika İnstitutunun saytında, nə illik hesabat kitabında bir sətir belə informasiya getmədi! Ölkədə isə yalnız “Caspian news” qəzeti bu haqda mənim adımı çəkməklə bir məqalə yazmışdı! Məni hər vasitə ilə ölkənin elmi həyatından təcrid ediblər!

“Bax belə “akademik”dir bu Cavad Abdinov!”

Bu işdə xüsusi rolu 37 istinadla akademik təyin olunan Cavad Abdinov oynayır! Özü də bu adam ictimaiyyətlə əlaqələr üzrə də cavabdehdir! İndinin özündə də mənim haqqında AMEA saytında bir məlumat gedəndə (məs. bir xarici jurnal məni Editor təyin edəndə və.s) haray-həşir salırlar ki, siz niyə bu yazını vermisiniz? Lap yaxınların söhbətidir! Mənə e-mail gəldi ki, mən 2017 ci il üçün Albert Nelson Marquis adına Ömürlük Nailiyyət mükafatına (ABŞ) layıq görülmüşəm. E-mail-in hissəsini yazıldığı kimi təqdim edirəm!

(Dear Elman Mohammed, We are pleased to announce that Marquis Who's Who has selected you for our official . You have been selected to receive this prestigious award as a result of your hard work and dedication to your profession. Congratulations!)

Mən bu e-mail-i AMEA-ya göndərdim və saytda bu barədə məlumat getmişdi! Bundan sonra Fizika İnstitutunda bir haray-həşir saldılar ki, səsi hətta bildiyim qədər AMEA prezidentinə də gedib çıxmışdı!

Bax belə “akademik”dir bu Cavad Abdinov! Bunlarda, Milli Emlər Akademiyasına üzv təyin olunmasına baxmayaraq hələ də ümummilli şüur formalaşmayıb! Yalnız “özününkülər” üçün çalışırlar, dəridən-qabıqdan çıxırlar!

Fizik-psixiatrlar

Ay Nəhmədovlar, Məmmədovlar! Siz özünün də çox gözəl bilirsiniz ki, yalnız Abdullazadələrin qoltuğunda ən yüksək rütbəyə təyin olunmusunuz! İndı bu qeyri-qanuniliyi qabardan adama qarşı səlib yürüşünü təşkil edirsiniz! Necə deyərlər, düşünürsünüz ki, Sezarın arvadları şübhədən kənarda olmalıdır! Fikirləşirsiniz ki, heç kim sizin akademikliyinizi sübhə altına belə almamalıdır! Mən sizlərdən soruşuram ki, məgər bir ceyranın alnına “akademik” sözü yazılmış parça yapışdıranda, o ceyran akademikmi olur?...

Özünüzü duruluğa çıxartmaq üçün istənilən şəkildə kiçilirsiniz! Adətən deyirlər ki, fiziklər bir az həm də lirik olurlar! Amma siz həqiqi, yaradıcı elmdən bixəbərlər psixiatrlıq həvəsinə düşmüsünüz. Mənim “anormal davranışlar”ımdan, “psixoloji pozuntular”ımdan, “ruh hal”ımdan danışırsınız, yazırsınız ki, mənim “müalicəyə ehtiyac”ım var! Yəni diaqnoz qoyursunuz!

Özünüzü unutmayın! Bir az ehtiyatli olun! Ağlınız başqalarına getməsin! Nəhmədov, mən səndən soruşuram! Zibil vedrəsini qucaqlayıb onu külqabı əvəzinə Abdullazadələrin birinın qabağına qaçmaq normal davranışdırmı! Bu psixoloji pozuntunun barız nümunəsi deyilmi?!

İndi sənin müalicəyə ehtiyacın var, yoxsa mənim?! Mənim xarıcdə işlədiyim adamları çaşdıraraq onlardan mənim əleyhimə yalvarışla nə isə ifadə almaq cəhdləri normal davranış deyilmi? Bu dediklərim həm də sənin mənə qarşı yazdığın yazının arxasında duran Məmmədovlara, Abdinovlara, Abdullzadələrə, Tağıyevlərə aiddir!

Mən direktor Məmmədovdan soruşuram: G.müəllimin bir işçisinə külqabı atmaq cəhdi normal davranışdırmı? (Yaxşı ki, həmin işçi vaxtında cayniklə “silahlana” bilmişdi). Sitata si*at demək (özü də qadının yanında) normal davranışdırmı!

Səni 2014-də müxbir üzvlüklə bağlı təbrik etmək istəyən bir G. adlı işçinin dalınca koridorda qaça-qaça bağırmaq normal davranışdırmı!

Özünü İsaq adlandıranın birinə işaq demək normal davranışdırmı! (Sən bilməlisən ki, o, özünün sənə qohum olduğunu qabartmaq üçün belə deyirmış). C.adlı bir professorla bağıra-bağıra ana-bacı söyüşünə çıxmaq normal davranışdırmı?! Məmmədov, sənin müalicəyə ehtiyacın var, yoxsa mənim?!

Etik səbəblərdən Roma İmperiyasının dağıldığı vaxtlar mövcud olan saray əxlaq normalarını instituta gətirməyindən, o cəhdlərindən, institutda içki məclislərindən hələ yazmıram !

“Aparın diplomunuzu qaytarın!”

Nəhmədov, Məmmədov, Abdinov, Tağıyev! Mən sizlərə səslənirəm: Aparın diplomunuzu qaytarın! Başqasının haqqını yeyərək aldığınız haram akademik maaşını isə Silahlı Qüvvələrə Yardım Fonduna keçirin! Heç olmasa bu millətə bir xeyriniz dəysin! Haqq etmədiyiniz halda bu millətin büdcəsini sormağınız bəsdir!

Bir faktı qeyd eləmək istəyirəm. Nəhmədov məni aqressivlikdə, qabalıqda günahlandırır. Amma oxucularım üçün deyirəm ki, mən bu adamla hələ indiyə qədər bir kəlmə belə kəsməmışəm. Fotosunu görməsəydim, heç onu tanımazdım da! Yalnız bir dəfə Almaniyadan Bakıya dönəndən sonra onun qırıq-qırıq ingilis dilində bir konfransın adını dediyini görmüşəm. Gülməyim tutdu və soruşdum ki, sən Almaniyada hansı dildə dərs deyirsən? Gayıtdı ki, ingilis, alman və rus dillərində!

Əvvəllər məni yaxşı tanıyan insanlar mənə deyirdilər ki, səndən yuxarılara çoxlu şikayət məktubları gedir! Düzü inanmırdım, deyirdim gedir gedir da! Mən kimə mane oluram ki? Heç demə, bu gün Nəhmədovun, Məmmədovun iyrənc hərəkətləri fonunda bəlli olur ki, həmin xəbərlər düz imiş! İndi stukaçlar beynəlxalq arenaya da çıxıblar!

“Elmə yalnız BİR istinad gətirib, amma ən ali elmi rütbəyə layiq görülüb!”

İndi qayıdaq əsas məsələyə! Məlum olur ki, Nəhmədovgil mənim uzun müddət əməkdaşlıq etdiyim A.Shore-dan kömək diləyirlər.

Mən Prof.A. Shore-a Nəhmədovgillə onun arasında olan e-mail mübadiləsi haqqında yazdım. O, bu xəbəri təsdiq etmədi, amma təkzib də etmədi. Əvəzində məndən Nəhmədovgilin məqaləsinin hansı saytda dərc olunması və AMEA-ya seçkilərə cavabdeh şəxslər haqqında məlumat istədi. Mən ona Nəhmədovgilə müraciət etməyi məsləhət bildim. Əlavə olaraq xatırlatmaq istəyirəm ki, AMEA-ya 2014 seçkiləri zamanı Shore mənə rekomendasiya (dəstək) məktubu göndərmişdi.

Hesab edirəm ki, belə bir yazışma hansısa formada olub. Hətta ola bilər ki, başqa formatda da kontaktda olublar! İstərdim ki, Nəhmədovgilin Shore-a məktubunu və onun ehtimal olunan cavabını oxucularımız diqqətlə oxusunlar! Ona görə “ehtimal onunan” yazıram ki, redaksiyadan aldığım məlumata görə Nəhmədovgil bu e-mail-ləri onlara təqdim etməyib. Skrinşotunu belə!

Birbaşa mətləbə keçməzdən əvvəl, qeyd edim ki, əgər Prof. Shore-un ilk ən çox istinad gətirən 5 işinə baxsanız, görərsiniz ki, oradakı 5 işdən 2-də mənimlə həmmüəlifdir. Nəzərə alsaq ki, Shore-un laboratoriyasından uzun-uzun illər ərzində onlarla adamlar keçib, onda çox şey aydın olar! Mən, əlbəttə Shore-un laboratoriyasında işlədiyimi dəyərləndirirəm, amma kimisə bütləşdırmək fikrindən də çox-çox uzağam.

Nəhmədovun yalanının əksinə olaraq, mənim Shore-la əməkdaşlığım hələ də davam edir. Onunla axırıncı məqaləm 2016-cı ildə dərc olunmuşdur: Shahverdiev E.M.,Shore K.A., Dithered time-delays and chaos synchronization in lasers with multiple feedbacks, Asian Journal of Mathematics and Computer Research, v.10, issue 4, pp. 271-284, 2016.

Düzdür, bu məqalə Thomson Reuters-in siyahısında yoxdur, amma resenziya olunan jurnaldır! Yeri gəlmişkən, mən 20 ildir ki, rus dilində məqalə dərc etdirmirəm. Öz ölkəmdə də bilirəm ki, çətinliklərlə üzləşəcəyəm deyə, yerli jurnallara məqalə göndərmirəm; cünki bu jurnalların redaksiyaları həmin “təyin olunmuş akademik”lərlə doludur!

Mən axırıncı dəfə Shore-un laboratoriyasını 2009-da tərk etmişəm. O vaxtdan bəri onunla 4 Thomson Reuters məqaləsində həm-müəllif olmuşam. Ümumilikdə isə 2009-dan üzü bəri-6 resenziya olunmuş jurnal məqalələrində!

Nəhmədovgilin bir xirda yalanına da diqqət çəkərək qeyd edim ki, 2013-dən üzü bəri mən 6 məqalə dərc etdirmişəm (Thomson Reuters-də). Onlara 8 istinad olunub (öz-özünə istinadlarsız). Nəhmədov isə 2013-dən üzü bəri cəmi 5 məqalə dərc etdirib və cəmi BİR istinad qazanıb. Fərq, necə deyərlər göz qabağındadır. Diqqət edin, bu adam 2014–cü ildə müxbir üzv təyin olunub, 2017-də həqiqi üzv. Yəni bu iki təyinat arasında o elmə yalnız BİR istinad gətirib. Buna baxmayaraq, ən ali elmi rütbəyə layiq görülüb! Görəsən bu təyinatı həyata keçirənlər nədən Azərbaycan elmi ictimaiyyətinə qarşı bu qədər özbaşınalığa yol verirlər!

“Səni Abdullazadə dekan təyin elətdirib, yerini isti salmaq üçün!”

Aşağıdakı yazıda bəzi cümlələr satirik ruhda verilib, amma yüksək dəqiqliklə ehtimal olunan e-mail mübadiləsi əsasında qurulub!

Ondan başlayaq ki, Nəhmədovgil AMEA Fizika İnstitutunu mənim aqressiv davranışlarımdan qurtarmaq üçün A.Shore-dan kömək üçün bir vaqon qüvvə (bəlkə də kompramat) istəyirlər. (Mən həmişə düşünürdüm ki, bu ingilislər yüz il əvvəl olduğu kimi bizdən elə-belə əl çəkən deyillər!).

Sonra genetika elminin qanunlarına tam uyğun şəkildə “stukaçlıq” edərək ağlaya-ağlaya deyirlər ki, Şahverdiyev hər tində “bu A.Shore kimdir ey, o işlərin hamısının aparıcı müəllifi mən özüməm!” deyir.

Fikir verin, bir kəlmə belə AMEA-ya korrupsiyalaşmış təyin olunmalarından danışmırlar! Ancaq deyirlər ki, bu kimdir ki, yüksək vəzifələrə can atır! Nəhmədovdan soruşuram: necə ola bilir ki, sən elmə demək ola bilər ki, heç bir ciddi töhfə verməyə-verməyə laboratoriya rəhbəri, dekan, akademik ola bilirsən, amma mənə laboratoriya rəhbərliyini şox görürsən?!

Sən yaxşı bilirsən ki, səni Fatma Abdullazadə dekan təyin elətdirib, yerini isti salmaq üçün! Sonda xəyanətinə görə işindən azad olunan!

Məmmədovdan soruşuram: necə ola bilir ki, tamamilə layiq olmadığın halda, baza fizika təhsilin olmaya-olmaya Fizika İnstitutunda direktor, laboratoriya rəhbəri, akademik, AMEA bölməsinin akademik katibi ola bilirsən, mənə isə laboratoriya rəhbəri olmağı çox görürsən?! Bir əldə neçə qarpız tutmaq olar! Ölkədə işsizlikdir, amma siz 4-5 vəzifə tutursunuz!

“Ölkənin bur qədər elmlər namizədinə və doktoruna ehtiyac varmı?”

Saysız-hesabsız milyonlarla qrantları hələ sadalamıram. Bəs nəticə haradadır, ay Nəhmədov-Məmmədov cütlüyü! Ona görə də bir işi belə yarıtmırsınız! Yenə müraciət edirəm: İstefa ver direktorluqdan, Məmmədov! Bu fizika elminə təhqirdir!

Mən rəhbəri olduğum laboratoriyamı özüm yaratmışam. Azərbaycan elminə muasir, innovariv, multi-dissiplinar bir istiqaməti - “qeyri-xətti dinamika və xaos” istiqamətini (ixtisasını) qətirmişəm!

37 istinadla akademik və müxbir üzv təyin olunan C.Abdinova və Səlimə Mehdiyevaya üzümü tuturam: Mənim laboratoriyamın bir neçə işçisinin (mənimlə birlikdə) elmə gətirdiyi istinadların sayı 37-dən dəfələrlə çoxdur! Bax budur mənim kadrlarım! Siz neçə belə istinad gətirən kadlarınızı sadalaya bilərsiniz?

Kadr hazırlığı sağa-sola diplom paylamaq deyil ey! Elmə istinad gətirməkdir! Ölkənin bu qədər elmlər namizədinə və doktoruna ehtiyac varmı? Bir dəfə hesablayib mətbuatda yazmışdım: SCOPUS-da Azərbaycanın adına olan istinadları 40-45 mənim kimi adam toplaya bilər! Bəs AMEA-da neçə min işçi var, nə qədər elmlər namizədi, elmlər doktoru var!

Əlbəttə, başa düşürəm, belə ümumiölkə təəssübkeşliyi sizi maraqlandırmaz! Sizi maraqlandıran özünüzünkuləri AMEA üzvü eləməkdir! Əsas sizin maraqlarınızdır, Azərbaycanın maraqları gözləyər! Və ya məşhur bir aktyorun dediyi kimi, “Evropa podojdyot!”

Nəhmədovgil Shore-ya nə yazıb, hansı cavabı alıblar?

Nəhmədovgil sonra yenə də göz yaşlarını böyük dəsmalla silə-silə, hönkür-hönkür ağlayaraq soruşurlar ki, (ola bilər ki, Nəhmədov yenə də dissertasiyasını Almaniyadan Skayp vasitəsi ilə etdiyi kimi, hətta göz yaşlarını Shore-a göstərmək üçün elə həmin üsuldan istifadə edib) bu adam ordadamı bizə burada saldırı yapdığı kimi, kimlərəsə saldırı yapır, bəs elədirsə o nə vaxt o istinadları yığıb.

Əgər elədirsə bizə deyin, bir beynəlxalq koalisiya yaradaq, siz də orada yer alın! Yoxsa bununla biz təkbaşına bacarmayacağıq! Onun aqressiyasının qarşısını ala bilməyəcəyik. Sonra 1938-ci ildəki kimi gec olacaq! Nəhmədovgil məktublarının sonunda yazır ki, biz ona elmi ictimaiyyətdə layiq olduğu yeri tutmağa kömək etmək istəyirik! Biz tənqidi qəbul edirik, amma saldırıları yox! Bizə kömək edin! (qrup şəklində ağlaşma!)

İndi gəlin görək aldı Shore-a nə dedi! (ehtimal edilir-müəllif) Shore ondan başlayır ki, bəli əziz Nəhmədovgil! o adam elə burada da, orada özünü necə aparıbsa elə aparıb. Bu adamın doğrudanda deyəsən bir sifəti var! Özünü ölkəsində necə aparıbsa, elə xaricdə də elə davranış sərgiləyib (pattern)! Ətrafdakılara saldırı yapmaqla məşğul idi, bir dəfə hətta bir tələbəyə fiziki təcavüz etmışdı. Dəfələrlə iş yerində şərxoş olub iyrənc görüntülər yaradıb.

(Müəllif: Məni az-çox tanıyan adamlar bilir ki, mən az qala 30 ildir demək olar ki, deiçki içmirəm. Olub bəzən konfranslarda, tədbirlərdə azca içmişəm. Xaricdə olanlar bilir ki, belə hallarda tünd içkilər içilmir! Bu birincisi.

İkincısi, tutalım lap içmişəm, nə olsun ki? Bunun kimə dəxli var! Özü də görün harada-Avroprada!

Uçuncüsü, kimsə təsəvvür eləyə bilərmi ki, Britaniya kimi bir qanunpərəst ölkədə kiməsə Nəgmədovgilin dediyi (tərcümə etdiyi kimi) “fiziki təcavüz” edəsən və cəzasız qalasan! Yəqin “fiziki təzyiq” demək istəyirlər, amma xislətlərinə uyğun rəngləri qəsdən tündləşdirirlər, təcavüzdən xoşları gəlir)

Shore daha sonra yazır ki, burdakılar onun saldırı yaparaq çıxıb getməsindən sonra bir xeyli rahatlanıblar! Elmi fəalyyətinə gəlincə düzünu deyim, ay Nəhmədovgil, amma inciməyin, yəqin onun özünün düşundüyü səviyyədə olmasa da istedadı var ki, saldırı yapa-yapa bizdə görülən işlərə böyük töhfə verib. Xüsusi ilə bir nəzəri işdə o, çoxlu istinadlar qazanıb.

(Müəllif: Fikir verin, patoloji yalançı Nəhmədovgil öz yazısında həmin iş haqqında oxuculara məlumat verib ki, orda experimentin təsvirindən başqa heç nə yoxdur. Məqalənin üçüncü müəllifi isə deyir ki, o iş sirf nəzəri işdır. Bu, əlbəttə, Abdullazadələrə dayəliyinə görə (tək ona görə yox) akademik təyin olunan Nəhmədovun “duhası”nın göstəricisidir. O biri tərəfdən yazıq neynəsin ki, daima saldırılardan əziyyət çəkib! Stukaçlıqdan da vaxtı olub ki, heç oxuduğunu belə başa düşsün!)

Shore öz cavab e-mail-ində daha sonra yazır ki, o burada olduğu müddətdə çoxlu sayda experimental işlərə də kiçik də olsa töhfəsini verib (Müəllifdən: mən yalnız 2 experimental işdə Shore-la həmmüəllif olmuşam. Maraqlananlar Thomson Reuters-ə baxa bilər. Həmin məqalələrdə belə ikinci müəllif olmuşam və experimentlərin ideayasını mən irəli sürmüşəm, nəticələrin müzakirəsində, məqalələrin yazılmasında iştirak etmişəm! Yuxarıda Nəhmədovun ingilis dilini necə bilməyindən danışdım, ola bilər ki, o bəzi cümlələri bilərəkdən və ya bilməyərəkdən səhv tərcümə edib!).

Bir nüansı da qeyd etmək istəyirəm. Mənim bir çox məqalələrimə dünya mətbuatında çoxlu populyar oxucu kütləsi üçün nəzərdə tutulmuş yazılar dərc olunub! Tək Physical Review Letters jurnalında dərc olunan məqaləni nəzərdə tutmuram! AMEA-nın bölmə üzvləri bu barədə yaxşı bilirlər! Bangor Universitetində olduğum müddətdə dəfələrlə Shore mənə müraciət edirdi ki, kimsə Avropada və ya Amerikada laboratoriyada görülən işlər haqqında əlavə məlumat istəyir, experiment həyata keçirmək istəyir və s. Sən onlara cavab yaz!

"Nəhmədov, Məmmədov kimiləri layiq olmadıqları halda akademik olmalarının yükünü çəkə bilmirlər"

Daha sonra Shore yazır ki, guya mən işlərimdə təkrarçılığa yol verdiyimə görə o, mənimlə heç bir orijinal nailiyyətə malik olmayan işlərdə həmmüəllif olmaqdan imtina edib. (Muəllif: Qeyd 1. Bir məqalə ilə bağlı belə bir hal olub. Orada təkrarçılıqdan söhbət belə getmir və mən o məqaləni tək müəllif kimi impakt faktoru 1 olan Thomson Reuters jurnalında (2010) dərc etdirdim! Qeyd 2. Əgər ehtimal olunan cavab e-mail-ində Shore belə bir cümlə yazıbsa, bu o deməkdir ki, o doğrudan da mənimlə həmmüəllif olduğu məqalələrə töhfəsinin yalnız “razıyam ortaq müəllif olmağa” və ya “razı deyiləm ortaq müəllif olmağa” səviyyəsində olduğunu etiraf edir! Başqa sözlə, tam mənim hazırladığım işlərdə orijinal nailiyyət olanda Shore “Razıyam” deyib (yəni bütün 26 məqalədə), əks halda isə “Razı deyiləm” deyib! Mənim Shore ilə həmmüəllif olduğum məqalələrin 24 nəzəri işdir!)

Sonda Nəhmədovgilin interpretasiyasına əsasən guya Shore ümid edir ki, dediklərinin (müəllif: yəqin yazdıqlarının demək istəyir) bir hansı bir şəkildə köməyi ola bilər!

Məktubumun 1-ci hissəsındə və 2-ci hissəsin göstərdiyim faktlardan tam aydın olur ki, Nəhmədov, Məmmədov kimiləri layiq olmadıqları halda akademik olmalarının yükünü çəkə bilmirlər, şər-böhtan yolunu tutublar, və yükün altında kiçilə-kiçilə, əyilə-əyilə gedirlər! Hara qədər, bilinmir hələ! 

Mən, əlbəttə, Shore-un məktubunun belə olduğuna inanmıram, çünki Shore özü yazışma faktını nə təsdiq etdi, nə də təkzib. O biri tərəfdən yaxşı olar ki, əgər belə bir yazışma olubsa onun orijinalını “Azpolitika.info” saytına təqdim etsinlər. Bu insanları tanıyanlar yaxşı bilirlər ki, bunlar müasir Şeyx Nəsrullahlar, Ostap İbragimoviçlərdir! Nəhmədov-Məmmədov cütlüyü siz hansı rəsmi statusa malik şəxsin səlahiyyətlərini mənimsəyib Shore-a yalvarışla müracıət edirsiniz?!

Bunlar sevinirlər ki, Shore guya cavab məktubunda bir dəfə də mənim adımı çəkmir. Guya mənə “o adam” deyə müraciət edir. Birincisi, görəsən Nəhmədovgil ozü mənim adımı Shore-a müraciətində neçə dəfə çəkiblər? İkincisi, əgər bu adamlarlar belə bir faktı (əgər olubsa) mənə qarşı hörmətsizlik bilirlərsə, mən öz növbəmdə deyirəm ki, Shore-un məktubu elə ilk növbədə Nəhmədovgilə hörmətsizlikdir. Qoy oxucular özləri guya Shore tərəfindən yazılan məktubun axırına baxsınlar. Sual: hansı ingilis, alim və s. formal yazışmanı “hörmətlə” və ya “sizin” və s. bu kimi nəzakət ifadələri olmadan bitirir! Belə münasibətlər yalnız bir-birini çoxdan, yaxşı tanıyan adamlar arasında ola bilər! Görünür bu Shore-un Nəhmədovgilin stukaçlıgına əsl münasibətidir! Galdı kı, “o adam” ifadəsinə, fotolardan görünür ki, ay Nəhmədov, ay Məmmədov (AMEA saytında fotosuna diqqətlə baxın) “o adam” elə siz özünüzsüz, mən yox!

Məktubumun sonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident xanım Mehriban Əliyevaya müraciət etmək istəyirəm: Cənab Prezident! Xanım Birinci vitse-Prezident! Xahış edirəm ki, AMEA-nı yenidən təşkil edəsiniz! Elmə cüzi istinad gətirənlərin AMEA üzvlüyünə təyinatı həqiqi elm adamlarına yalnış mesaj göndərir. Belə təyinatlar ölkə elminin qonşu dövlətlərdən (o cümlədən düşmən dövlətdən) geridə qalmasını daha da stimullaşdırır! Elmi ictimaiyyəti elmdən usandırır! Çünki insanlar göürürlər ki, işlədin-işləmədin, elmə töhfə verdin-vermədin, elə birisinin əməyini stimullaşdırırlar ki, qalırsan mat-məəttəl! Ziyalıların, oxumuşların qəlbi geniş olsa da, belə qalaktik haqsızlıqları onlar belə həzm edə bilmirlər!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar