“VAXTİLƏ MƏLEYKƏ ƏSƏDOVAYA EV BAĞIŞLAMIŞAM” - Aktrisa sabiq məmuru böhtanda ittiham etdi 

“Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.

Bunları “Ölkə.Az”a müsahibəsində Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.

A.Bəşirov deyib ki, Məleykə Əsədova Azərbaycanın ən istedadlı və gözəl aktrisalarından biridir: “Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlis şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim”.

A.Bəşirov vəzifədən gedəndən sonra Məleykə Əsədovanı görmədiyini söyləyib: “Çoxdan bəri onu görmürəm. Amma görən də salamımız qalır. Mən vaxtilə təkcə Məleykə Əsədovaya deyil, bir çox sənət adamlarına yaxşılıq etmişəm. Ona görə də əminəm ki, hörmətimi onlar da saxlayır. Vəzifədə olduğum vaxtı “Yaxt Klub”-a konsertə gələn şou adamları heç vaxt məni yaddan çıxartmaz. O qədər olub ki, şou adamları, müğənnilər yaxta ilə klip çəkdirmək istəyib, mən də təşkil etmişəm. Hamısına yaxtalarda klip çəkmək üçün icazə verirdim. Buna görə də kimi dəvət etmişəmsə, hamısı dərhal tədbirlərimə gəliblər. Yadıma gəlir, əməkdar artist Aygün Bəylər də yaxta ilə klip çəkdirmişdi. Digər müğənnilər də olub”.

A.Bəşirov “şou adamlarından kiməsə yaxta hədiyyə etmisiniz?” sualına isə belə cavab verib: “Yəni, mən elə qudurmuşam ki, kiməsə yaxta hədiyyə edim? Evi də hökumətin razılığı ilə vermişəm. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər. Deməyim odur ki, mən başıuca adamam. İndi də kömək etdiyim adamlar məni görəndə, yaxınlaşıb salam verirlər, hal-əhval tuturlar. Bu hər bir məmura nəsib olmur. Bir dəfə şəhərdə tək gəzirdim, küçədə 2 nəfər keçmiş nazirlərlə də rastlaşdım. Mənə dedilər ki, Aydın müəllim nə üçün təksiz, mühafizəçi ilə gəzmirsiniz? Mən də onlara dedim ki, sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum! Bu sözümdən sonra onlar aradan çıxıb getdilər. Mən bu cür xarakterli adamam”.

"Ölkə.Az"-a danışan Əsədova Bəşirovun dediklərini təkzib edib: "Aydın Bəşirov heç zaman mənə mənzil hədiyyə etməyib. Ümumiyyətlə, kimsə deyə bilməz ki, Məleykəyə mənzil hədiyyə etmişəm. 16 yaşımdan işləyirəm və nə etmişəmsə zəhmətimin hesabına olub. Həmin mənzillərdə iki ailə yaşayırdı. O zaman belə mənzillər mövcud idi. Birində mən, digərində isə rus qadın yaşayırdı. Sonra rus qadın vəfat etdi. Müəllimim Lütfi Məmmədbəyovun xahişi ilə 11 kvadratmetrdən ibarət mənzil mənim mənzilimə birləşdirildi. "Kaspar" yox, başqa qurum da olsa, o xahiş olunacaqdı. Çünki o zaman mənim yaradıcı insan olmağım nəzərə alınmışdı".

M.Əsədova dövlət tədbirlərində iştirakı barədə də danışıb: "O ki qaldı dövlət tədbirlərinə, indiyədək xeyli sayda tədbirlərdə iştirak etmişəm. Onların sayı bəlkə də yüzlərlədir. Amma heç vaxt "Yaxt klub"da tədbirdə olmamışam. Bu deyilənlər şər və böhtandan başqa bir şey deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar