Dövlət məmurundan vətəndaşa kinayəli sözlərə reaksiya

Vətəndaş 120 manatla dolana bilmirsə, bunun günahı kimdədir?

“Vətəndaş 120 manatla dolana bilmirsə, bu onun öz günahıdır”. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov “Report”a müsahibəsində bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi.

İsa Həsənov “50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər” sualına belə cavab verib: “Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi. Bilirsiniz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır”. Dövlət məmurunun bu fikir cəmiyyətdə etirazla qarşılanıb.

Çünki hər kəsə bəllidir ki, 120 manat maaşla bir ailənin nəinki bir ay, bir həftə normal dolanması belə mümkün deyil. Digər tərəfdən işsizliyin artmasını, insanların aşağı gəlirli işlərdə çalışmasını onların öz günahı kimi təqdim etmək də doğru olmaz. Dövlət məmurlarının tez-tez “az yeyin, çox çalışın” kimi ifadələrinə rast gəlinsə də, əmək bazarının indiki durumunda vətəndaşların iş tapa bilməməkdə günahlandırılması heç bir məntiqə sığmır.

İqtisadçı ekspert Qubad İbadoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bazardakı hazırki qiymətlər fonunda nəinki 120 manat, nəinki minimum əmək haqqı, orta aylıq əmək haqqı məbləği olan 495 manat belə 4 nəfərlik bir ailəsinin minimum xərclərini qarşılamaq üçün yetərli deyil: “120 manatlıq əməkhaqqı əmək qabiliyyətli əhalinin yaşayış minimumunu belə ödəmir. Çünki 2017- ci il üçün əmək qabiliyyətli əhalinin yaşayış minimumunun dəyəri 164 manat 50 qəpik hesablanıb. Eyni zamanda, pensiyaçılar üçün bu göstərici 130 manat 20 qəpik, uşaqlar üçün 136 manat 60 qəpik hesablanıb. Bizim alternativ hesablamalarımız göstərir ki, rəsmi olaraq hesablanmış yaşayış minimumunun dəyəri mövcud gerçəkliklə uzlaşmır. Burada nəzərə alsaq ki, ölkədə qiymətlər çox dinamikdir, son zamanlar ərzaq məhsulları da sürətlə bahalaşır, o baxımdan İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertlərinin apardığı alternativ hesablamalarla rəsmi yaşayış minimumunun dəyəri arasında fərq yaranır”.

İqtisadçı yaşayış minimumunu göstərən real rəqəmlərin rəsmi rəqəmlərdən ciddi fərqlə artıq olduğunu da vurğuladı: “Bizim hesablamalar göstərir ki, hal-hazırda əmək qabiliyyətli əhalinin yaşayış minimumunun dəyəri 250 manat 40 qəpik, pensiyaçının yaşayış minimumunun dəyəri 199 manat 90 qəpik, uşaqlar üçün yaşayış minimumunun dəyəri isə 259 manat 90 qəpikdir. Bu hesablama Nazirlər Kabinetinin təsdiqlədiyi xərc normativləri əsasında hesablanıb. Sadəcə olaraq biz gerçək qiyməti götürmüşük. O baxımdan bu hesablamalar arasında fərq yaranıb. Əgər bir ailədə bir nəfər işləyərsə, bir pensiyaçı ailə üzvü olarsa, həmçinin bir işsiz nəfər və bir uşaq olarsa, həmin 4 nəfərlik ailənin yaşayışının minimum dəyərini təmin etmək üçün ay ərzində 960 manat vəsait tələb olunur. Çünki bizim hesablamalarımıza görə, əmək qabiliyyətli əhalinin iki nəfərinin yaşaması üçün 500 manata, bir uşağın saxlanılmasının bir aylıq xərcləri 250 manata, pensiyaçının yaşayış minimumunun dəyəri isə 200 manata qədərdir. 960 manatlıq əmək haqqı heç də orta səviyyədə yaşayışı təmin etmək gücündə deyil. Bu sadəcə olaraq yaşayış minimumunun dəyəri səviyyəsində ən zəruri ərzaq məhsullarına, sosial yaşam üçün önəmli olan ən zəruri xərclərə çıxışı özündə ehtiva edir. Bu halda açıqlanan 120 manatlıq işlə bağlı bəyanat təəssüf doğurur. Çünki təəssüflər olsun ki, həmin adamlar 120 manat əmək haqqı ilə yaşamaq gücündə deyillər. Əgər Azərbaycanda 4 nəfərlik ailəyə ayda 120 manat əməkhaqqı daxil olursa, ailədə iki uşaq varsa, bu vəsaitlə həmin ailə öz xərclərinin heç 20 faizini belə ödəmək iqtidarına malik olmur”.

Bunun günahını əmək qabiliyyətli əhalinin özündə axtarmağa gəlincə, Q.İbadoğlu bildirdi ki, əmək bazarındakı indiki gərginlik olduğu dövrdə, rəqabətin artdığı, ixtisaslı işsizlər ordusunun artdığı şəraitdə təbii ki, vətəndaşlar digər iş yerlərinə çıxış imkanlarını reallaşdıra bilməyəcəklər: “Çünki indi iş yerləri məhduddur, yüksək əmək haqqı təklif edən iş yerləri üçün tələbat yüksəkdir. Belə olan halda kiminsə bunun günahını əmək qabiliyyətli əhalinin özündə axtarması da absurddur. Çünki əmək qabiliyyətli əhalinin indiki halda bir işdə çalışıb Azərbaycandakı orta aylıq əmək haqqını - 495 manat maaşı alarsa belə, onun ailəsinin xərclərini təmin etmək üçün kifayət etməyəcək”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar