Nüsrət Kəsəmənlinin "Türkmənbaşılığı"

Ələmdar MƏMMƏDOV, hüquqşünas

“Tanıdıqlarım, gördüklərim və bildiklərim” kitabının maraqlı hadisələr və şəxslər bölməsindən səhifələr

Fərman Kərimzadə

1979-cu ilin mart ayında, saat 21:00 radələrində mehmanxananın müdiri mənə zəng etdi ki, Bakıdan 5 nəfər yoldaş gəlib, sizi soruşurlar. Mən tez mehmanxanaya gəldim. Gələnlər Rasim Balayev, Sabir Rüstəmxanlı, Əbdül (Şeyx), Mikayıl Mirzə və yazıçı Fərman Kərimzadə idi. Onların heç biri ilə şəxsi tanışlığım yox idi. Yardımlıya Sabir Rüstəmxanlıgilə gedirmişlər. Fərman müəllim xəstələndiyinə görə Masallıda qalmalı olmuşdular. Qonşum və dostum İbarət həkimi çağırdım. Fərman müəllimin yüksək təzyiqi var idi. İbarət həkim dava-dərman etdikdən sonra vəziyyəti düzəldi.

Səhər yeməyində Fərman müəllim dedi:

- Ələmdar müəllim, heç soruşmursan ki, səni haradan tanıyırıq və niyə məhz səni çağırdıq?

Dedim ki, qulluğunuzda durmaq mənim üçün xoşdur. Fərman müəllim bildirdi:

- Biz Şamil Bağırovla yaxın dostuq. O sənin haqqında mənə söhbət etmişdi. Ona görə də xəstələnəndə səni çağırtdırdım.

Şamil Bağırov Respublika Prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru idi. Bir neçə ay əvvəl Masallıda torpaq məsələləri ilə əlaqədar bir həftə xidməti ezamiyyətdə olmuşdu. Sonralar o, on il Cəbrayıl rayon prokuroru vəzifəsində işlədi.

Həmin vaxtdan Fərman müəllimlə dostluğumuz başladı. Cənub bölgəsinə gələndə həmişə mənim qonağım olurdu. 04-84 AQB dövlət nömrə nişanlı Vaz 2101 markalı maşını var idi. Həmişə nasaz vəziyyətdə olurdu. Özü deyirdi ki, bütün Respublika bu maşını təmi edir, yenə əmələ gəlmir.

Fərman müəllimin böyük yazıçı olması hamıya məlumdur. Yazıçı kimi onun ən üstün cəhəti yadda qalan güclü obrazlar yaratmasıdır (Kərbalayi İsmayıl, Qəmlo, Əbu Səid və s.). Onun özü də güclü, hərtərəfli, tükənməz enerjiyə malik insan idi.

Əsl ixtisası rəssamlıq idi. Ə.Əzimzadə adına rəssamlıq texnikumunda təhsil almışdı. Evlərində olanda özünün işlərindən bir neçə rəsm əsərlərini mənə göstərdi. Olduqca dəyərli və mənalı əsərlər idi.

Fərman müəllim arxeoloji axtarışlar da aparırdı. Hara getsə gördüyü əski əşyalarla maraqlanır və hansı əsrə aid olduğunu dəqiqliklə müəyyən edirdi. Onun evi muzeyi xatırladırdı. Zəngin kolleksiyasında hətta üç min il yaşı olan əşyalar var idi.

Lənkərana qonaq gəlmişdi. “Şah”ın işlədiyi yeməkxanaya apardım. Onun Çaldıran döyüşü romanını yazdığını bilirdim. Dedim:

- Fərman müəllim, sənə bir yemək növü təqdim edəcəyəm. Tapsan, halal xoşun olsun. Tapmasan əsərdə belə bir fikir işlədəcəksən ki, Şah İsmayılın toyunda lənkəranlı aşpaz “filankəs” qonaqlara “filan” yemək növünü verirdi.

“Şah”ın bu yemək növü ilə çoxlarını təəccübləndirmişdim. Ona görə də, aramızda şərti-işarə var idi. Ofisianta dedim ki, “Şah” mənim xörəyimdən hazırlasın. Yemək süfrəyə gəldi. Lülə kabab idi. Fərman müəllim yeməkdən daddı. Çox xoşuna gəldi. Dedi:

- Kartof və badımcandan hazırlanmış lülə kababdır.

Dedim:

- Tapa bilmədiniz.

İkinci dəfə yoxladı. Yenə tapa bilmədi. Üçüncü dəfə yeməyi gətirdilər. Baxdım ki, Fərman müəllimin qulaqları qızarıb. Onda yüksək qan təzyiqinin olduğunu bilirdim. Dedim:

- Fərman müəllim, tapa bilməyəcəksən. Bu yemək təzyiq qaldırır. Mərci uduzduğunu etiraf et, yeməyin nədən hazırlandığını deyim.

Razılaşdı. Dedim:

- Bu qozdan hazırlanmış lülə kababdır.

İnanmadı. Aşpazı çağırtdırdı. İçəri hündürboylu, pəhləvan cüssəli, iri bığları olan ağ xalatlı, ağ papaqlı və ağ ayaqqabılı adam girdi:

- Adın nədir?

- Şahhüseyn.

- Haralısan?

- Əslimiz ərdəbillidir.

Fərman Kərimzadənin “Çaldıran döyüşü” romanını oxuyanlar əsərdə ərdəbilli Şahhüseynin təkcə aşpaz deyil, həm də Şah İsmayılın silahdaşı olduğunu görə bilərlər.

Fərman müəllimlə uzun illər tanışlığımız və çoxsaylı görüşlərimizdə bircə dəfə də onun kimisə pislədiyini, kimdənsə narazı qalmasını eşitmədim. O, insanlarda yalnız yaxşı cəhətlər axtarır və görürdü.

Rasim Balayev

Dərisinin soyulmasından qorxmayan "Nəsimi" soyuqdan qorxurmuş...

Görkəmli aktyorumuz Rasim Balayevlə də dostluq münasibətlərimiz olub. Bir dəfə zəng etdi ki, ova getmək istəyir. 1980 və ya 1981-ci ilin yanvar ayı idi. Ov yeri kimi “Təzə kənd” kəndini seçdik.

Kənd 1950-ci ildə salınmış, torpaqlar erroziyaya uğramasın deyə SSRİ Nazirlər Sovetinin qərarı ilə dənizdən kənd boyu üç km uzunluğunda üç metr eni, bir o qədər də dərinliyi olan kanal çəkilmişdi. Kənd camaatı motorlu və adi qayıqlarla dənizə quş, balıq ovuna çıxır, ailəsini dolandırırdılar.

Bu sahədə professionallar meydana gəlmişdi. Məsələn, bərbər Sakit bir əli ilə sükanı tutur, o biri ilə tüfəngi doldurub sərrast atəş açırdı. Onu hərəkərləri sirk şousunu andırırdı.

Rasimlə 09:00 radələrində kəndə çatdıq (Ova adətən hava işıqlanmamış çıxırlar). Soyuq olsa da kənd camaatı kanal boyu düzülmüşdü. Hamı canlı “Nəsiminin tamaşasına” çıxmışdı. Rasim “layka” plaşda yüngül geyinmişdi. Biz ikimiz bir qayığa oturduq. Saatda 25-30 km sürətlə hərəkət edən qayıqda külək adamı kəsirdi. Heç bir km yol getməmiş Rasim dedi ki, “qayığı döndərin, soyuqdan öldüm”.

Onun rəngi bozarmışdı. Qayıq sürən bildirdi ki, kanal ensiz olduğundan dənizə çıxmadan qayığı döndərmək mümkün deyil. Rasim yenə təkid edəndə dedim:

- Ə qardaş, bütün kənd camaatı yığılıb səni görməyə. İndi biz geri qayıtsaq deməzlər ki, Nəsiminin dərisini diri-diri soydular “uff” demədi. İndi soyuqdan qorxur?

- O kinolarda olur. Soyuqdan ölürəm, qayığı döndərin.

Qayığı saxlamalı olduq. Elə bu vaxt iki ördəyin başımızın üstündən keçdiyini görüb, “Rasim, vur onları”- dedim.

Rasim zorla tüfəngi qaldırıb iki atəş açdı. Quşlardan biri düz qayığın yanına düşdü. Müvəffəqiyyətdən ruhlanan Rasim əlliyə qədər patron “korladı”. Hətta plaşını da çıxartmalı oldu. Kənd camaatının gözündə Rasim Balayev daha da böyüdü.

Polis Nüsrət Kəsəmənlini Türkmənbaşıyla niyə qarışıq salır?

Gözəl şairimiz Nüsrət Kəsəmənli ilə də isti münasibətlərimiz olub. 1980-ci ildə Masallıda qonağımız olub. Axşam yeməyindən sonra mehmanxananın yeganə “lyüks” otağında bizə ruhları çağırmaq elmindən dərs keçirdi.

Aleksandrovski kağızının üzərində, şam işığında işarələnmiş nəlbəki ilə hərəkət edir, hər kəs babasının, nənəsinini ruhunu çağırırdı ( Allah günaha saymasın). Bundan sonra da Nüsrət Kəsəmənli ilə bir neçə görüşlərimiz olub. Çox maraqlı və ibrətamiz əhvalatlar danışardı.

90-ci illərin əvvələrində Nüsrət müəllim hansısa ictimai birliyin prezidenti olur. Bir dəfə yolda maşını saxlayırlar. Polis serjantı sənədləri tələb edir. Nüsrət müəllim “prezident” vəsiqəsini təqdim edir. Serjant vəsiqəyə baxıb soruşur:

- Siz haranın prezidentisiniz?

Nüsrət müəllim deyir:

- Türkmənistanın!

Serjant sənədi qaytarır və farağat vəziyyətində “Buyurun, cənab prezident” deyə Nüsrət müəllimi yola salır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar