“Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb” - İlham Əliyev

“Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm, Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, qələbələr arzulayıram”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu gözəl bayram ərəfəsində Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışı olub: "Bu, əlamətdar hadisədir. Bildiyiniz kimi, Müdafiə Sənayesi Nazirliyi mənim sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılmışdır və bu illər ərzində böyük, uğurlu yol keçmişdir. O vaxt bu nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.

Onu da qeyd etməliyəm ki, o vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlamışdır, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilmişdir. 2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılmışdır və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilibdir.

Hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır. İlk növbədə vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılmışdır və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərdir. Azərbaycan da, həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranmışdır. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur.

Şirvan şəhəri Bakıdan sonra Cənubi Qafqaz regionunda hərbi sənaye kompleksi baxımından ikinci yerdədir. Bu, Şirvan şəhərinin inkişafına böyük dəstək verir. Son illər ərzində şəhərin inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır. Sosial-iqtisadi məsələlər, infrastruktur məsələləri öz həllini tapmışdır. Bir neçə il bundan əvvəl Şirvanda böyük “Cənub” Elektrik Stansiyası fəaliyyətə başlamışdır. Onun gücü təxminən 800 meqavata yaxındır. Şirvanda böyük xəstəxana, Olimpiya Kompleksi, məktəblər, mədəniyyət mərkəzi, digər sosial və sənaye obyektləri fəaliyyətə başlamışdır. Bu gün də bu istiqamətdə işlər davam etdirilir. Şirvanda qazlaşdırma 100 faiz səviyyəsindədir. İçməli su məsələləri də həllini tapır. Beləliklə, hərbi-sənaye kompleksinin də Şirvanda yaradılması şəhərə növbəti bir töhfədir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar