Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Abdul Manafovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Manafovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət verib. A.Manafov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, A.Manafov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib, daşıyıb və özündə saxlayıb. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və 1005,0 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib saxlayıb, 2014-cü il fevralın 23-də saat 00:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarı yaxınlığında sol əlində olan idman çantasında daşıyarkən Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. A.Manafovun üzərinə keçirilmiş baxış zamanı sol əlində saxladığı idman çantasının içərisindən bir ədəd şəffaf sellefona bükülmüş halda olan 1005,0 qram çəkidə narkotik vasitə olan tiryək və bir ədəd qara rəngli sellefon torbada olan 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2014-cü il iyulun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin 2015-ci il mayın 1-də çıxardığı qərarla birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. O, daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, cinayət işini yenidən apellyasiya baxışına qaytarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar