İCRA BAŞÇISININ İŞDƏN QOVULMASININ SƏBƏBİ MƏLUM OLDU - "Özbaşına qərar qəbul edib"
Prezident həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, hələ aprel ayında prezident İlham Əliyev "Sovetski" adlanan ərazidə "Hacı Cavad" məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
"Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra "Hacı Cavad" məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib", - deyə Ə. Həsənov qeyd edib.
Ə. Həsənov diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq tutduğu vəzifədən azad edilib.
İbrahim Mehdiyev martın 29-da prezidentin sərəncamıyla "Şöhrət" ordeni ilə təltif olunub. İbrahim Mehdiyev 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2006-cı ilin 26 sentyabrında Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
****
"AzPolitika.info" xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:
"İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.