AMERİKAYA İRANLA MÜHARİBƏ LAZIMDIRMI? - Suriyada İŞİD-in məhv edilməsi mümkün deyil!

“ABŞ-ın Suriyada İran, Rusiya və Əsədlə vuruşmasının gərəksizliyini göstərən beş səbəb”

Tramp administrasiyasının üzvləri, terrorizmlə mübarizə üzrə ekspertlər və Suriya üzrə mütəxəssislər arasında belə bir fikir var ki, əgər Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırılmazsa və İranın İraqdakı təsiri azalmasza, onda İŞİD-in bu ölkədə məhv edilməsi mümkün deyil.

İdeal dünyada İŞİD, Əl-Qaidə və digər cihadçı qrupların Suriyada kök salmasının qarşısının alınması istiqamətində, bu, həqiqətən də, optimal variant olardı. Amma hamıya aydındır ki, Yaxın Şərq ideal olmaqdan uzaqdır. Ağ Evin xəbərdarlıqla verdiyi son bəyanatda deyilir ki, Əsəd və onun ordusu kimyəvi silahdan istifadəyə görə böyük hesab ödəyəcək.

Lakin Vaşinqton tərəfindən İrana, Bəşər Əsəd rejiminə və ruslara qarşı Suriyada həyata keçiriləcək ambisiyalı fəaliyyət, təhlükəli, məntiqsiz və həm də Amerikanın təhlükəsizlik sferası ilə bağlı olan həyati vacib maraqlarına cavab verə biləcək addım sayıla bilməz. Bunun beş əsaslı səbəbi var.

- Birləşmiş Ştatlar İŞİD-i Suriyada aradan tam olaraq götürə bilməz

Donald Tramp prezident vəzifəsinə başlayanda radikal islam terrorizminin yer üzündən silinməsinin vacibliyini bildirmişdi. Ancaq bu mümkün deyil. Çünki Suriya zəif dövlət idarəetməsindən, qaranlıq iqtisadi perspektivdən, konfesiyalararası nifrətdən və sünnü icmasının ağır vəziyyəti ucbatından cihadçıların və sələfilərin şitilliyi kimi qalmaqdadır. Çihadçılar öz ideologiya və təbliğatlarında əvvəlki kimi sosial narazılıqlardan, inciklərdən və sünnü əhalisinin iddialarından istifadə edəcəklər.

Hətta Tramp administrasiyasındakı ən “qaynar” başlar da, çətin ki, ABŞ və onun müttəfiqlərinin milyardlarla dollar xərc çəkərək minlərlə əsgərini Suriyadakı düşmənlərin məhv edilməsinə, sonra isə bu ölkədə qayda-qanun yaratmağa yollamağa çağırsınlar.

Cihadçıların önünü almaq mümkündür, lakin onları Suriyadan birdəfəmlik qovmaq real görünmür.

- Suriyada sabitlik görünmür

İranla mübarizə aparmaqla yanaşı zəifləmiş Əsəd rejiminin hakimiyyətdən uzaqlaşdırılmasından sonra danışıqlar prosesinin nəticə verəcəyi ideyası əfsanədən başqa bir şey deyil. Əgər ABŞ Əsədi ortadan götürmək qərarına gəlsə, onda bu yalnız xaosu gücləndirər. Çünki indi Qərbin müttəfiqləri arasında Əsədi əvəz edə biləcək hər hansı bir təşkilatlanmış güc yoxdur.

Hakimiyyət və ərazi uğrunda sünnü cihadçılar qrupu - İŞİD və Əl-Qaidə, iranpərəst şiə yaraqlılar, ələvilər və kürdlər arasındakı ağılsız mübarizə vəziyyəti yalnız pisləşdirəcək.

Moskvanın Suriyada necə səy göstərdiyini və nə qədər kapital xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, o, hər hansı təzyiqə və təhdidlərə boyun əyməyəcək. Beləliklə, hətta nəzəri baxımdan sünnülərin məmnun edilməsi və İŞİD-in məhv olunması üçün Suriyanı Əsəddən və ələvilərin hökmranlığından qurtarmaqla yanaşı İranın da təsir imkanlarının qarşısı alınmalıdır. Bu isə sadəcə olaraq mümkün deyil, ona görə ki, Amerika konqresi və ictimaiyyəti bu cür məsrəflər çəkmək istəmirlər.

Bəllidir ki, bu gün Amerikadakı vəziyyət sabit deyil. Elə bu səbəbdən də Tramp administrasiyası Suriyaya hərbi və mülkü müdaxiləni dərinləşdirmək üçün hər şeyi çox diqqətlə ölçməli və hər şeyi hərtərəfli qaydada analiz süzgəcindən keçirməlidir.

- Amerikaya İranla müharibə gərək deyil

İranı Suriyanın cənub-qərb hissəsindən qovmağa və həmçinin də onun İraq-Suriya sərhədi boyunca olan ərazilərdəkı keçidlərə nəzarəti ələ almasına mane olmağa can atanların məqsədi, Aralıq dənizinə qurudan dəhliz açılmasını həyata keçirməkdir. Bu qüvvələr, hələ ki, İŞİD-i tamamilə necə əzəcəkləri bacarığını nümayiş etdirə bilməyiblər. Bütün bunların hamısı bütöv strategiya yox, sadəcə olaraq uğursuzluqla yekunlaşacaq taktiki fəndlərdir. Digər tərəfdən isə, İrana qarşı olan daha aqressiv siyasət nüvə müqaviləsini təhlükə altına qoya bilər.

Bu müqavilə mükəmməllikdən uzaq olsa da, lakin o, İranın növbəti 10-15 il ərzində nüvə silahı yaratmaq istəyini əhəmiyyətli dərəcədə ləngidib. Bu gün Şimali Koreya nüvə təhlükəsi yaratdığı bir vaxtda, ABŞ-a nüvə klubuna daxil olmağa can atan daha bir ölkə lazım deyil.

- ABŞ Rusiyanı sıxışdırıb çıxara bilməz

Suriya naminə, ABŞ və Rusiyanın iri miqyaslı müharibəyə girişəcəyi barəsində qorxular hədsiz şişirdilib. Çünki hər iki tərəf bu cür qarşıdurmanın nəticəsinin fəlakətli olacağını tam mənası ilə anlayır.

Amma Suriyada Amerika və Rusiya qoşunlarının iştirakı ilə baş verən hərbi insidentlərin gərginləşməsi, Rakkanın amerikanlar və koalisiya güvvələri tərəfindən alınmasından sonrakı vəziyyətin müvəqqəti sabitləşdirilməsi üçün hər hansı bir müqavilənin işlənib hazırlanmasını, sadəcə olaraq, mümkünsüz edir.

Vaşinqton Suriyada xoşagəlməz həqiqətlə qarşılaşır.

Birincisi - Rusiyanın Suriyada daha möhkəm hərbi və diplomatik mövqeləri var.

İkincisi - Putinin Suriya diktatorunun fəaliyyət azadlığının məhdudlaşdırılmasına razı olacağını təsəvvür etmək çətindir. Bundan əlavə Putin Suriyada sabitliyin yaranması və ölkənin bərpa edilməsi üçün hər hansı beynəlxalq sülh güclərinin yerləşdirilməsi ilə də razılaşmaz, çünki bu onun hakimiyyətini və təsirini zəiflədir.

Üçüncüsü - Moskva Suriyanın sabitləşməsi və bərpası üçün lazım olan iqtisadi və siyasi mexanizmin vacibliyini əsas sayır.

Qısaca desək, əgər ABŞ Rusiyaya təzyiq etməyə cəhd göstərsə, onda Suriyadakı münaqişə qurtarana kimi Moskva ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz.

- Amerikanın Suriyadakı maraqları onun rəqiblərinə nisbətən azdır

Suriya Birləşmiş Ştatalar üçün nə qədər vacib olsa da (Bir çoxları bunun elə də vacib olmadığını söyləyir) Vaşinqton bu yolda nələrin qurban verilməsi qərarına gəlməlidir və əgər İran ilə Rusiya müqavimət göstərməyə başlasa, onda o öz mövqeyində israr edəcəkmi?

İran, Türkiyə, İsrail, İordoniya və Fars körfəzi ölkələri Amerika ilə müqayisədə daha çox şey qurban verməyə hazırdırlar. Bu ölkələr öz regionlarını daha yaxşı tanıyırlar və demoqrafiya onlara başlıca üstünlük verir.

Amerikadan fərqli olaraq, bir çox ölkələr üçün bu həyati vacib məsələ hesab edilir. Bu, Suriyada daha çox nəzərə çarpacaqdır. Əsəd həyatda qalma uğrunda mübarizə aparır. İran üçün Suriya İraq qədər mühüm deyil, ancaq bu mübarizəyə qoşulmaq üçün Tehran artıq böyük insan və material resurslar xərcləyib. Putin Suriyaya ona görə qoşun göndərməyib ki, sonradan ABŞ-ın təzyiqi ilə geri çəkilsin. Həqiqət belədir ki, Suriya-İran-Rusiya koalisiyası könüllülərin ittifaqıdır və ABŞ ətrafında toplanan alyansdan daha möhkəmdir.

Amerika ətrafında formalaşmış alyans böyük ölçüdə yarı könüllülərin və bu məsələdəki maraq dairələri də yarımçıq olanların koalisiyasıdır. İran və Rusiyanın strateji hesablarının təzyiqin artırılması yoluyla dəyişiləcəyinin güman edilməsi təhlükəli oyundur.

ABŞ hakimiyyəti hərəkət etmək istəsə, nə Konqres, nə də cəmiyyət yekun məqsədi bəlli olmayan növbəti hərbi avantüranı dəstəkləyəcək. Əfqanıstan və İraqın yada salınması kifayətdir. Gəlin əvvəlcə Amerikanın bu gün ilişib qaldığı Əfqanıstanı yada salaq. Orada yəqin ki, Vaşinqton ən minimal nəticə ilə qane olmaq məcburiyyətindədir, çünki haradansa qələbə gələcəyi inandırıcı sayılmır. Buradakı hadislərin nəyə aparacağını söyləmək olmaz. Nəhayət, ABŞ 2003-cü ildən Əfqanıstandadır və hələ indiyədək onun hansısa dayanıqlı bir uğur qazana biləcəyi məlum deyil.

Suriyadakı başlıca məqsəd Amerikaya, Avropaya Yaxın Şərq ölkələrinə terror hücumlarının təşkil edilməməsi üçün, cihadçı qrupların zəiflədilməsi, onları daima gərgin vəziyyətdə saxlayaraq, qabaqlarının alınmasından ibarət olmalıdır. Düzdür bu optimal nəticə deyil, lakin hər halda real olmayan və əlçatmaz istəklərin arxasınca qaçmaqdansa, daha təqdirəlayiqdir.

Cihadçıların təhdidlərinin azaldılması (ortadan tam qaldırılması deyil) heç də ən xoşagələn və qəhrəmanlıq strategiyası sayıla bilməz. Bu cür strategiya ilə nə Suriyada qayda-qanun yaratmaq, nə də İrana qarşı həlledici zərbə vurmaq olar. Əgər biz xüsusilə də mübahisəli ərazilər uğrunda Suriya və İranla müharibənin yaşana biləcəyi kimi təhlükəli və mənfi anları nəzərə alsaq, onda deyə bilərik ki, bu Amerika üçün bəlkə də yeganə düzgün yanaşmadır.

Hal-hazırda Pentaqonun bu təhlükələri anlaması barəsində, ən azından ümidverici siqnallar gəlir.

(“The National Interest”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar