DİNC SAKİNLƏRİMİZ ATƏŞƏ TUTULDU! – 2 nəfər öldü, yaralılar var (Yenilənib)

Dərc olunub: 04/07/2017 - 23:10

minamyot-esger-silahAzərbaycan Müdafiə Nazirliyi Ermənistanın cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirdiyi barədə bəyanat yayıb.

“AzPolitika”nın APA-ya istinadla məlumatına görə, bəyanatda bildirilir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub.

“AzPolitika” APA-ya istinadla xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.








loading...


Fikrinizi bildirin