“Sən kimsən Heydər Əliyev haqqında fikir yürüdürsən?”

Dərc olunub: 06/07/2017 - 15:33

“TANIDIQLARIM, GÖRDÜKLƏRİM, BİLDİKLƏRİM” kitabımın maraqli hadisələr və şəxslər bölməsindən səhifələr

yazi01Ələmdar Məmmədov
Keçmiş prokuror

(Ağa Əkbərov haqqında xatirələr)

Ağa Əkbərovu ilk dəfə 1993-cü ilin iyul ayında görmüşdüm. Yeni təyin olunmuş baş nazir Sürət Hüseynov rayon icra hakimiyyəti başçılarını, prokuror və polis rəislərini Gəncəyə müşavirəyə çağırmışdı.

Müşavirənin başlanması təxminən 3 saat gecikdi. Qonaq gözləyirdilər. Birdən özünü “Talış Mugan Respublikası”nın prezidenti elan etmiş Əlikram Hümbətov dəstəsi ilə müşavirə zalına daxil olub, keçib onun üçün ayrılmış yerdə oturdu. Bir müddətdən sonra Əlikram Hümbətova söz verildi. O, çıxışının əvvəlində separatçılıq hərəkətinə haqq qazandırmağa çalışaraq, mənasız tarixi misallar gətirirdi. Daha sonra prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin ünvanına hədyan danışmağa başladı. Bu zaman orta boylu, arıq bədənli, hərbi geyimdə olan bir yaşlı kişi ayağa qalxıb, hirslə və gur səslə Əlikram Hümbətovun sözünü kəsdi. Dediklərini yalana çıxartdı: “Sən kimsən Heydər Əliyev haqqında fikir yürüdürsən? Sən Heydər Əliyevin…. ola bilmərsən!”

Bir sözlə, Əlikramı yazılması mümkün olmayan ağır sözlərlə təhqir etdi. Əlikram gah cangüdənlərinə, gah da baş nazirə tərəf baxırdı. Baş nazir ona nə işarə etdisə o, səsini çıxartmadı. Həmin cəsarətli kişi Goranboy rayon İcra Hakimiyyətinin başçısı Ağa Əkbərov idi. Deyirdilər ki, ermənilərlə münaqişə başlayandan ixtisasca əczaçı olan həmin kişi övladlarını və yaxınlarını ətrafına yığaraq, həmişə döyüş bölgəsində olmuşdu. 1997-ci ilin aprel ayında məni Goranboy rayon prokuroru vəzifəsinə təyin etdilər. Ağa Əkbərov (uşaqdan böyüyə hamı, hətta rəsmilər də ona Ağa dayı deyə müraciət etdiyindən bundan sonra Ağa dayı) bizi səmimi qəbul etdi.

Təyinatdan iki gün sonra iclasa dəvət olundum. İclasda əvvəlki prokurorun kabinet üzvlüyündən xaric edilməsi, mənim kabinet üzvlüyünə seçilməyim barədə qərar layihəsi oxundu. İclasdan sonra ikilikdə qalanda dedim ki, Ağa dayı, prokuror kabinet üzvü ola bilməz. Çünki rayon icra hakimiyyəti, adından göründüyü kimi icra orqanıdır. Prokuror qanunların düzgün icra edilməsinə nəzarət orqanıdır. Ağa dayı dərhal razılaşdı və polis rəisi kabinet üzvü seçildi. Mən başa düşdüm ki, o qanunlara hörmət edən adamdır.

Bəzən tabeliyində olan və yaxud yaxın ətrafı obyektiv məlumat vermək əvəzinə rəhbərin əhval-ruhiyyəsinə uyğun hərəkət edir və onu çaşdırırlar.

Bir ailə – ata və qız uzun müddət idi Ağa dayıdan şikayət edirdilər. Onları qəbul etdim, dinlədim. Gördüm ki, bunların şikayəti “din davası deyil, un davasıdır”. Dəfələrlə Ağa dayının yanına gedib, qəbuluna düşə bilməyiblər. Ağa dayıdan onları qəbul etməsini xahiş etdim. Əvvəl qətiyyətlə təklifimi rədd etdi, əsəbiləşdi: “Məndən yüzlərlə şikayət ediblər. Müavinlərim qəbul edib onları. Yenə şikayətlərindən əl çəkmirlər…” Bir qədər söhbət edəndən sonra razılaşdı. Qızı qəbul etdi. Ağa dayının yanından çıxan qadın sevincək halda otağıma gəldi. “Bu Ağa dayı yaxşı adam imiş. Hətta mənə iş verilməsi barədə göstəriş də verdi”.

Təxminən on beş dəqiqədən sonra Ağa dayı məni çay içməyə dəvət etdi. Əhval-ruhiyyəsi yaxşı idi. “Əşi, mənə bunlar haqqında səhv məlumat veriblər. İş də verdim qıza” – deyə bildirdi.

Ağa dayıda iki üstün cəhət müşahidə etmişəm. Cəsurluq və mərdlik.

İşlədiyimin ikinci ayında respublikanın ən təcrübəli rayon prokurorlarından biri olsam da, yalnış məlumatlar əsasında bir məsələdə lazım olduğundan daha ciddi və sərt qərar qəbul etmişdim (on gün ərzində bu tələsikliyi düzəldə bildim). Bu hadisə rayon İcra Hakimiyyətinin başçısı kimi Ağa dayının narazılığına səbəb olmuşdu. Aramızda yüngülvari inciklik də baş vermişdi. Bir neçə gündən sonra məni çağırıb dedi: “Ələmdar müəllim, dünən Bakıda hüzür yerində baş prokuror Eldar Həsənovla görüşdüm. Güc strukturu rəhbərləri və Prezident Aparatının məsul işçiləri də orada idi. Sizdən şikayət etdim. Tələsik qərarlar qəbul edir dedim. Eldar müəllim dedi ki, Ağa dayı, narahat olma, Ələmdar müəllim bizim ən savadlı və təcrübəli prokurorlarımızdandır. Əgər səhv edibsə özü mütləq səhvini düzəldəcək”.

Çoxları yəqin ki, inanmaz. Amma mən çox böyük daxili rahatlıq hissi keçirdim. Bildim ki, qarşımdakı adam heç vaxt arxadan zərbə vurmaz. Narazılığı olsa da, kişi kimi, mərd-mərdanə mübarizə aparar (Həmin söhbəti Eldar müəllim bir aydan sonra qəbulunda olarkən mənə danışdı). Bu hadisədən sonra bizim aramıza tam anlaşma və işgüzar münasibət yarandı. Necə deyərlər, aramızdan su da keçmədi.

Ağa dayının ermənilərlə müharibədə çox şücaətləri olub. Lakin özünün də fəxr etdiyi və camaatdan eşitdiyi bir hadisəni danışmaya bilmərəm.

1994-cü ilin may ayında “atəşkəs” ərəfəsində ermənilər Tapqaraqoyunlu istiqamətində güclü hücuma keçirlər. Dörd mövqedən üçünü alırlar. Növbəti hücumda kəndi ala bilərdilər. Gecə saatlarında ağlına bir fikir gəlir. “Azadlıq” filmində general Ribalkonun tanklara səsgücləndirici qurğular qoyub, faraları yandırmaqla hücuma keçməsi gözümün önündə canlanır. Göstəriş verir: Rayonda olan bütün maşın, traktor, mototsiklet mərkəzə yığılır. Özü qabaqda niva maşınında, arxadan da təxminən 300-400 texnika faraları yandırıb, siqnal verə-verə böyük hay-küylə Tapqaraqoyunlu kəndinə üz tuturlar. Səhər açılanda görürlər ki, ermənilər nəinki tutduqları səngərləri, hətta öz mövqelərini də qoyub qaçıblar. Bir qədər keçmiş ratsiya ilə xəbər verirlər ki, səni prezident soruşur. Tez kabinetə gəlib prezidentə zəng edir. Prezident deyir:

- Ağa kişi, Levon Ter-Petrosyan zəng etmişdi. Biz atəşkəsə gedirik, siz isə Tapqaraqoyunlu istiqamətində cəbhəyə çoxlu texnika yeritmisiniz. Bu nə məsələdir?

Ağa dayı hadisəni olduğu kimi danışır. Prezident bərkdən gülür.

Adını çəkmək istəmədiyim bir vəzifəli şəxs bizimlə görüşəndə Ağa dayı ona könülsüz əl verdi və dedi:
- Ələmdar müəllim, bəzi “gədələr” qeybətimi qılır, sonra da gəlib mənimlə görüşür.

Ağa dayı getdikdən sonra həmin şəxs dedi ki, kişi məni nəzərdə tutur. İki gün öncə ondan qeybət eləmişdim.
Bu misalı ona görə gətirirəm ki, Ağa dayı hamını özü kimi cəsur və mərd görmək istəyirdi.


loading...


Fikrinizi bildirin