Düşmən daha geniş müharibəni başlatmağa hazırlaşır!

eldar-sabiroglu-yeni-300x200Eldar Sabiroğlu,

ehtiyatda olan polkovnik

Erməni silahlı bölmələrinin dinc əhalinin yaşadığı Alxanlı kəndini fasiləsiz atəşə tutması təsadüfi sayıla bilməz. Düşmən bilərəkdən, məqsədli şəkildə bu yola gedib. Nəticədə 2 yaşlı körpəni və nənəni qətlə yetirməklə dinc sakinlər arasında bir vahimə yaratmağa cəhd göstərilib.

Nə üçün yaşayış məntəqəsi hədəf seçilib? Bax məsələnin mahiyyətini burada axtarmaq gərəkdir. Hiyləgər düşmən, fikrimcə, daha geniş müharibəni başlatmağa hazırlaşır. Alxanlı kəndini ağır silahlarla atəşə tutmaqda əsas məqsəd də məhz dinc əhalinin yaşadıqları ərazini tərk edib-etməyəcəyini yoxlamaq olub. Azərbaycanın Silahlı Qüvvələri cavab atəşi ilə bu alçaq niyyətin qarşısını qətiyyətlə aldı. Yerli sakinlərin bir addım belə olsun geri çəkilməməsi düşməni məyus etdi.

Lakin bu, arxayınçılıq yaratmamalıdır. Hiyləgər düşmənin bu cür yoxlama testləri aparması sonralar da baş verə bilər. Ən acınacaqlısı odur ki, beynəlxalq birlik susur. Minsk Qrupuna daxil olan ölkələr səsini çıxarmır. Artıq bunu ikili standart kimi yox, Azərbaycan torpaqlarını 25 ildən artıq işğal altında saxlayan təcavüzkar Ermənistana açıq-aşkar dəstək kimi başa düşməliyik. Azərbaycanın Minsk Qrupundan imtinası çətin görünsə də, yeni imkanlar nəzərdən keçirilməlidir. Yoxsa bundan sonra hələ neçə illər Minsk Qrupu həmsədr ölkələrinin yalançı bəyanatları beynimizi deşəcəkdir.

Artıq vəziyyət dözülməz hala gəlib. Rusiyanın susması isə daha ciddi maraq kəsb edir. Aprel döyüşlərində regional fəallığı ilə diqqəti çəkən bu ölkə Alxanlı faciəsinə olduqca biganə yanaşır. Mümkündür ki, Rusiyanın əvvəlcədən atəşkəsi bu tərzdə Ermənistanın pozması barədə məlumatı da olsun. Mən inanmıram ki, forpost Ermənistan təkbaşına bu vəhşi qərarı qəbul edə bilsin. Rusiya məkri bu məsələdə çox qabarıq görünür. Mənə belə gəlir ki, birgə işlənilmiş təcavüzkar planlar mövcuddur. Buna sadəcə təxribat kimi yanaşmaq düzgün olmazdı. Bu, düşmənin və onun havadarının yeni işğal siyasətini hazırlayıb həyata keçirməyə çalışmasına daha çox bənzəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar