PUTİN TRAMPI NECƏ TƏLƏYƏ SALIR? – ABŞ liderinin qeyri-peşəkarlığı üzə çıxır

Dərc olunub: 07/07/2017 - 09:52

125

Çin və Rusiya liderləri bu yaxınlarda Moskvada keçirilən görüş zamanı Şimali Koreyanın nüvə və raket proqramı ətrafında yaranmış böhranın sülh yoluyla həll edilməsi istiqamətində müştərək iş aparacaqlarını bəyan ediblər. Nəzərdə tutulan bu birgə diplomatik addım Donald Trampın kobud təhdid və taktiki təzyiqlərindən kəskin fərqlənir.

Onların birgə deklorasiyası, Qərbdə diqqətdən kənarda qalmış Çin-Rusiya strateji yaxınlaşmasını hərtərəfli və daha geniş əks etdirir. Bu yaxınlaşmaya bəzən Trampın düşünülməmiş, öncədən bəlli olmayan hərəkətləri və həmçinin də, Amerikanın qlobal liderliyinin zəifləməsi ilə əlaqədar meydana çıxan təhlükələr də səbəb olur.
Çin və Rusiyanın güclü ittifaqı nəhəng loqomotiv kimi hərəkətə gələn böyük dağıdıcı qüvvədir. Tramp isə eləbil ki, komikslərdə göstərilən və bu lokomotivin yolu üzərində əli-ayağı relslərə bağlanmış əbədi maymaqdır.
Çin KİV-lərinin məlumatına görə, Rusiya lideri Vladimir Putin və Moskvaya iki günlük səfərə gəlmiş ÇXR sədri Si Çzinpin dialoq və danışıqlar vasitəsiylə Şimali Koreya probleminin yoluna qoyulması məsələsində razılaşıblar.

Onların əməkdaşlığı təkcə Koreya yarımadasının problemləri ilə məhdudlaşımır. Çinin rəsmi məlumat agentliyi “Sinxua” bildirir: “Çin lideri hər iki ölkənin suverenliyinin, milli təhlükəsizliyinin və milli maraqlarının qorunması məsələsində bir-birlərinin qətiyyətli şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb”.

İki ölkə liderinin sammiti Si Çzinpin ilə Putinin bu il keçirdikləri üçüncü görüş olub. 2012-ci ildə hakimiyyətə gələn Si Çzinpin özünün rusiyalı həmkarı ilə 20 dəfədən artıq görüşüb.

Bu səfər çərçivəsində ümumi dəyəri 10 milyard dollar həcmində olan bir sıra iqtisadi müqavilələrin bağlanmasını planlaşdırıblar. Putin, həmçinin Si Çzinpini Rusiyanın ən yüksək mükafatlarından biri olan “Apostol Andrey Pervozdannı” ordeni ilə təltif edib.

Hazırda Rusiya və Çin əsas beynəlxalq problemlərdəki əməkdaşlıqlarını aktiv şəkildə inkişaf etdirirlər. Onlar BMT Təhlükəsizlik Şurasında demək olar ki, eyni cür səs verirlər.

Bu həftə iki ölkə lideri Hamburq şəhərində keçiriləcək Böyük iyirmiliyin sammitində iştirak edəcəklər. Bu sammitdə onların hər ikisinin Trampla görüşü nəzərdə tutulur.

İki liderin Moskva görüşü Pxenyanın raket sınağı həyata keçirdiyi bir vaxta təsadüf edib. Belə güman olunur ki, bu qitələrarası ballistik raketdir. Əgər həmin informasiya öz təsdiqini taparsa, onda bu Pxenyanın hücum imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsindən xəbər verir.

Şimali Koreyanın həyata keçirdiyi bu sınaq, Yaponiya və Cənubi Koreyanın kəskin etirazına sabəb olub. Lakin hər iki ölkənin ABŞ-ın ənənəvi müttəfiqi olmasına baxmayaraq, onlar bu məsələdə köməyi Vaşinqtondan yox, şimaldan almağa ümid bəsləyirlər. Yaponiyanın baş naziri Sinzo Abe bəyan edib ki, o, Çin və Rusiyanın konstruktiv roluna xüsusi dəyər verir. Buradan isə belə nəticə çıxarmaq olar ki, deməli Trampın bu məsələdəki davranışları vəziyyəti yalnız pisləşdirir.

Cənubi Koreyanın prezidenti Mun Çje İn Şimali Koreya ilə əməkdaşlığın başladılması proqramını təklif etməsi hesabına seçilib. Onun irəli sürdüyü təklif isə Trampın yanaşmasına heç cür uyğun gəlmir. Keçən həftə Ağ Evdəki nəticəsiz görüşdən sonra Mun Şje İn Çin və Rusiya tərəfindən güclü təzyiqlə qarşılaşıb. Belə ki, onlar Cənubi Koreydan Amerikanın “THAAD” raket əleyhinə müdafiə sistemlərinin quraşdırılmasının dayandırılmasını tələb edirlər. Həmin sistem Pxenyana qarşı nəzərdə tutulub.

Si Çzinpin deyib ki, bu sistemlərin yerləşdirilməsi Çinin, Rusiyanın və digər ölkələrin strateji maraqlarına ciddi ziyan yetirir. Bununla yanaşı Çinin BMT-dəki daimi nümayəndəsi xəbərdarlıqla bildirib ki, əgər məsələnin diplomatik həlli tapılmazsa, onda fəlakətli nəticələr əmələ gələ bilər.

Çin və Rusiya liderini birləşdirən digər bir amil isə, onların Trampa qarşı özlərini necə aparacaqlarını anlamamalarıdır. Və ya da ki, onların hər ikisi də, bunda özləri üçün bir mənfəət əldə etməyin mümkünlüyünü görürlər. Məsələn, aprel ayında Floridada keçirilən görüş zamanı ABŞ prezidenti Si Çzinpindən Şimali Koreya məsələsinin həllində yardımçı olmağı xahiş etmişdi. Sonradan o bildirimişdi ki, hər şey qaydasına düşüb.
Amma həmin görüşdən sonra Ağ Ev Pekinin kifayət qədər tədbir görmədiyindən şikayətlənib. İndi Trampın blefi ifşa olunub. Tramp özünün gurultulu döyüşkən bəyanatları ilə diplomatik qələbənin vacib olması arasında tələyə düşüb.

Trampa göstərilən yardımın əvəzinin ödənilməsi kimi Si Çzinpin Hamburqdakı görüş zamanı ondan ikitərəfli münasibətlərdəki mübahisəli məsələlərdə əlavə güzəştlər tələb edə bilər. Ancaq Trampın nə edəcəyi bəlli olmadığı üçün Si Çzinpin ehtiyatlı davranmalıdır.

Əgər Trampın Moskva ilə seçkiqabağı münasibətləriylə bağlı ABŞ-da aparılan müxtəlif təhqiqatları nəzərə alsaq, onda deyə bilərik ki, Putinlə müqayisədə onun mövqeyi daha zəifdir.

Putin və Si Çzinpin Hamburqda dünya miqyasında məsuliyyətli dövlət xadimi rolu oynamaqla yanaşı, həmçinin də mürəkkəb vəziyyətə düşümş Trampdan Ukrayna ilə əlaqədar Rusiyaya tətbiq edilmiş sanksiyaların götürülməsinə nail olmağı da istəyəcəklər.

Qeyri-peşəkar Tramp öz üzərində çalışmalı və oyunun səviyyəsini yuxarı qaldırmalıdır. Təcrübəli dzyüdoçu, güclü və əlində böyük hakimiyyət cəmləşdirən Rusiya liderinə qarşı mübarizədə onun tətbiq edə biləcəyi fəndlər səmərəsizdir.

(“The Guardian” – Böyük Britaniya)


loading...




Fikrinizi bildirin