“Azərbaycan və Rusiya strateji tərəfdaşdır” - Lavrov

“Praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, iki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, keçən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: “Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək”.

S. Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb: “Dünən iki rusiyalı jurnalist Ukraynada həlak olub. Bu, tezliklə atəşin dayandırılmasının və Cenevrə prinsipləri çərçivəsində danışıqların aparılmasının zəruri olduğunu göstərir”.

S. Lavrov Yaxın Şərqdə terrorçuluqdan narahatlığını ifadə edib: “Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükədir”.

Qonaq görüşdə Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığın da müzakirə olunduğunu vurğulayıb. S. Lavrov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladıb və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar