Gecə qara, küçə qara… Bakının ölüm gətirən zülməti - ARAŞDIRMA

Son vaxtlar həm paytaxtda, həm də rayonlarda piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Bakı şəhər DYPİ-nin məlumatına görə, əvvəllər piyada vurulmaları ümumi yol-nəqliyyat hadisələrinin 50 faizə qədərini təşkil edirdisə, artıq bu tipli qəzalar 60 faizdən çoxdur. İstər paytaxt, istərsə də rayon yollarında piyada ölümlərinin artmasının əsas səbəblərindən biri yolların gecə saatlarında kifayət qədər işıqlandırılmamasıdır.Hətta işıqlandırılan yollarda belə çox zəif lampalardan istifadə edilir ki, bu yolun hərəkət hissəsini görmək üçün yetərli olmur.

Məsələn, ötən gün gecə saat 4.00 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində piyada Soltan Bayramov vurulub və xəstəxanaya aparılarkən yolda ölüb. İyulun 7-də saat 23.00 radələrində Xətai rayonunun R.Quliyev küçəsində yolu keçən piyada Kamil Əsgərov vurulub və nəticədə, piyada hadisə yerində ölüb.

İyulun 5-də gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Seyid Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Səxavət Heybətovu vurub və nəticədə, piyada hadisə yerində ölüb.

İyulun 3-də saat 1 radələrində Xəzər rayonu ərazisində paytaxt sakini Yuri Filatov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Əslində, “Avtomobil yolları haqqında” Qanuna əsasən, bütün yollar, küçələr, xüsusən də, yaşayış məntəqələri, hətta ucqar kəndlər belə işıqlandırılmalıdır. Ekspertlər hesab edir ki, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən hər il dövlət büdcəsinə təxminən 100 milyon manat vəsait daxil olur ki, həmin pullar yolların cari təmirinə, işıqlandırmaya və digər bu kimi məsələlərə sərf oluna bilər. Bu baxımdan qənaət rejiminin tətbiq olunması anlaşılmazdır.

Yolları işıqlandırsaq, piyadaların 15-20 fazini qoruya bilərik…

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ən çox piyada ölümləri qaranlıq saatlarında, yollarda işıqlandırılmanın olmaması səbəbindən baş verir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, əgər yollar işıqlandırılsa, Azərbaycanda yollarda dünyasını dəyişən piyadaların 15-20 faizini qorumaq olar: “Əgər yolda hərəkət varsa, işıqlar söndürülməməlidir. Bu xüsusən yaşayış məntəqlərinin küçələrinə, ələlxüsus Bakı şəhərinin küçələrinə aiddir. Burada az qala 24 saat hərəkət var. Qənaət məqsədilə dünyada yeni texnologiyalar tətbiq olnur. Biz də o texnologiyalardan istifadə edə bilərik. Doğrudur, bu texnologiyalar bahalıdır, ola bilər ki, tətbiqi baha başa gəlsin. Əslində, bunlara da ehtiyac yoxdur. Əsas magistral əhəmiyyətli küçələr, istənilən küçənin piyada keçidi, avtomobil dayanacağı olan yeri, yolayırıcları, svetoforların qarşısı, dəmiryol keçidləri - harada təhlükəli nöqtələr var, mütləq həmişə işıqlandırılmalıdır. Əgər belə olsa, inanın ki, Azərbaycanda piyadaların 15-20 faizini qorumaq olar”, - deyə Ə. Hüseynov bildirir.

Sürücülər də narazıdır: “Qonaqlar vahiməyə düşür”

Yolların işıqlandırılmamasından ən çox zərər görən həm də sürücülərdir. Paytaxt küçələrində həmsöhbət olduğumuz sürücülərin əksəriyyəti qənaət rejimindən narazıdır. Məsələn, şəhərin mərkəzi küçələrindən birində - Zərifə Əliyeva küçəsində müştəri gözləyən sürücü Səttar Davudov deyir ki, qaranlıqda yola çıxmaq ikiqat təhlükə yaradır: “Əvvəllər bu ərazidə gecələr bütün işıqlar söndürülürdü. “Formula-1” yarışından sonra Hökumət evinin arxasındakı küçədə işıqlar yandırıldı, amma qalan əsas küçələr də daxil olmaqla Bakının, demək olar ki, bütün küçələrində gecələr işıqlar söndürülür. Biz də əziyyət çəkirik, piyadalar da. Xüsusiən də, şəhərimizə gələn qonaqlar belə qaranlıq küçələri görüb vahiməyə düşürlər”.

Digər bir sürücü Vadim Malikov deyir ki, əgər yolun qaranlıq olması səbəbindən sürücü qəza törədərsə, bunu heç kim nəzərə almayacaq: “Mən 2 ildən çoxdur ki, gecələr işə çıxmıram. Lap 3 qat pul təklif eləsələr də, çıxmıram. Çünki əgər yolun işıqlandırılmaması səbəbindən hər hansı qəza baş verərsə, sürücü günahkar sayılacaq. Əslində isə, yolun kənarları nə qədər geniş görünərsə, hərəkət daha təhlükəsiz olar. Sürücü ancaq faranın işıqlandırdığı hissəni görür”, - deyə sürücü bildirir.

Qaranlıq küçələr polisin də işini çətinləşdirir, amma…

Lakin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev piyada vurulmalarının günün qaranlıq vaxtlarında olması ilə razılaşmasa da, işıqların yandırılmamasının onların da işinə müəyyən qədər təsir etdiyini deyir: “Piyada vurulmalarının sırf günün qaranlıq saatlarında baş verdiyini demək düzgün deyil. Məsələn iyulun 7-si 3 piyada vurulması hadisəsi baş verib ki, onlardan ikisi günün işıqlı vaxtlarında, yəni saat 15 və 18-də, biri isə gecə saat 3-də qeydə alınıb. Doğrudur, işıqların söndürülməsi bizim işimizə müəyyən qədər təsir edir. Amma ümumilikdə piyada ölümləri bununla bağlı deyil”.

“Bakı küçələrinin 90 faizi işıqlandırılır” İşıqlandırma İdarəsi

Qənaət rejimi ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsi ilə də əlaqə saxladıq. İdarənin texniki şöbəsinin əməkdaşı Kamal Zeynalov da virtualaz.org-a işıqların söndürülməsi ilə bağlı şikayətlərin olduğunu təsdiqləyir.

Bakı küçələrinin 90 faizinin işıqlandırıldığını deyən K.Zeynalovun sözlərinə görə, qənaət rejimi daha çox kameraların olmadığı və nisbətən kənar küçələrə tətbiq edilir: “Qənaət rejimi ilə bağlı gecə saat 01:00-04:00 arası bəzi küçələrdə işıqlar kəsilir. Bundan əlavə, yollara qoyulmuş işıq dirəklərinin hər 5-10 dirəkdən 3-4-də işıqlar söndürülür. Bizə, əlbəttə ki, şikayətlər gəlir, insanlar narazılıq edir. Bəzən yol polisindən zəng vurub, bəzi kameralar quraşdırılmış küçələrdə işıqların söndürülməsinin təhlükəli olduğunu bildirirlər. Biz bunları nəzərə alırıq və çalışırıq ki, şikayətlər çox olan yerlərdə və kameralar olan küçələrdə işıqlar söndürülməsin”.

K.Zeynalov deyir ki, idarəyə kifayət qədər vəsaət ayrılsa, küçələrdə işıqlar ümumiyyətlə söndürülməz: “Büdcədən bizə pul az ayrılır. Əvvəllər hər kilovatt-saat enerjiyə görə 6 qəpik, sonra 9 qəpik ödəyirdik. İndi bu 11 qəpik olub. İdarənin balansında 90 minə yaxın işıq nöqtəsi var ki, bunların da əksəriyyəti 250-400 vattlıq lampalardır. Buna görə də, qənaət etməyə məcburuq. Qənaət rejiminin nə vaxta qədər davam edəcəyi isə məlum deyil”, - deyə K.Zeynalov bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar