“Balaca Zəhranın və nənəsinin qanı yerdə qalmadı”- İlham Əliyev

“Balaca Zəhranın və onun nənəsinin öldürülməsi hərbi cinayətdir və erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”.Virtualaz.org bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı daha sonra vurğulayıb: “Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq.

Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkincisi, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar