Çimərlikdə istirahət edərkən nələrə riayət etmək lazımdır? - MƏSLƏHƏT

istirahet_cimerlikİsti yay günlərində dəniz sahilində, çimərlikdə istirahət etməyin başqa ləzzəti var. Bu ləzzəti almaq üçün insanlar bəzən yüz kilometrlərlə yolu qət edib məzuniyyətlərini və tətillərini dəniz sahilində keçirməyə qərar verirlər. Ancaq təəssüflər olsun ki, bəzən çimərlik keyfini almaq istəyənlər xəstəliklərlə, xoşagəlməz problemlərlə geri dönürlər. Belə halların baş verməməsi üçün sadəcə adi qaydalara riayət etmək kifayətdir.

Çimərlikdə istirahət edərkən nələrə riayət etmək lazımdır?

1. Günəş şüalarını qəbul etmək, bədəni qaraltmaq üçün ən münasib vaxt səhər saatlarında 9-dan 11-ə qədər, günortadan sonra isə 16-dan 19-a qədərdir. Günəş şüalarının qəbulu birinci gün 10 dəqiqə, ikinci gün 20 dəqiqə, üçüncü gün 30 dəqiqə olmalıdır. Beləliklə günəş şüalarının altında olmaq vaxtını tədricən artırmaq lazımdır. Ancaq bu vaxt müddəti sutka ərzində 2 saatdan artıq olmamalıdır. Nəzərə alınmalıdır ki, günəş şüalarının altında həddindən artıq qalmaq dəri xərçənginə səbəb ola bilər.

2. Dəniz suyundan çıxdıqdan sonra yaxşıca qurulanmaq lazımdır. Daha yaxşı olar ki, dəniz suyunun bədəndən təmizlənməsi üçün duş qəbul edilsin.

3. Görmə qabiliyyətini qorumaq üçün çimərlikdə olarkən kitab və ya qəzet-jurnal oxumaqdan çəkinmək lazımdır. Günəş şüaları altında oxumaq görmə qabiliyyətində ciddi problemlər yarada bilər. Hökmən gün eynəklərindən istifadə edilməlidir.

4. Çimərlikdə istirahət edərkən qida rasionuna xüsusi diqqət yetirilməlidir. Rasiondan konservləşdirilmiş ərzaqlar çıxarılmalıdır. Daha çox meyvə və tərəvəzlərə, yüngül yeməklərə üstünlük verilməlidir.

5. Gün ərzində çimərlikdə olarkən ən əsas məsələlərdən biri orqanizmin su balansını tənzimləməkdir. Ən azı 1.5-2 litr adi qazsız su qəbul edilməlidir. Təbii meyvə şirələri, yaşıl çay içmək də faydalıdır. Şirin qazlı sulardan isə imtina etmək lazımdır.

6. Dəniz sahilində müxtəlif idman oyunları oynayarkən və ya gəzinti zamanı yay üçün nəzərdə tutulmuş baş geyimlərindən istifadə edilməlidir. Günorta saatlarında isə xüsusi çətirlərin altında istirahətə üstünlük verilməlidir.

7. Gün şüalarının yarada biləcək fəsadlarından qorunmaq üçün təbii bitki kremlərindən istifadə etmək tövsiyə olunur.

8. Çimərlikdə müşahidə olunan antisanitar hallara qarşı mübarizə aparılmalıdır. Gigiyenik qaydalara riayət etməməklə asanlıqla istənilən infeksion xəstəliyə yoluxmaq olar.

9. Çimərlik istirahətində alkoqollu içkilərlərdən istifadə etmək yolverilməzdir. Çimərliklərdə spirtli içkilərin qəbulundan sonra baş vermiş bir çox hadisələr bunu bir daha təsdiqləyir.

10. Nəhayət, üzməyi bacarmayanlar özlərini ətrafdakılara göstərmək və ya fiziki imkanlarını sınamaq üçün dənizin dərinliklərinə baş vurmaqdan vaz keçməlidirlər. Çimərlik yarış meydançası yox, istirahət məkanıdır. Əks halda belə insanları geriyə adi nəqliyyat vasitələri deyil, təcili tibbi yardım maşınları aparacaq.

Bu adi qaydalara riayət etməklə çimərlik istirahətinizi zövq və ləzzətlə keçirin, doğmalarınızla birgə həyatınıza yeni xoş günlər yazın.(Modern.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar