Son 15 ildə 101 milyondan çox ağac əkilib - Azərbaycanda 

Son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib.

"Report" xəbər verir ki, bunu iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında deyib.

O bildirib ki, son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub.

"Nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb, burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir.

Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq".

Nazirin sözlərinə görə, zeytun tinglərinə olan tələbatı xaricdən gətirməklə yox, daxili imkanlar hesabına ödəmək üçün “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində vaxtilə İtaliya və Türkiyədən gətirilmiş elit sortlar hesabına, çilikləmə və toxumla yetişdirmə yolu ilə 2 milyon 250 min zeytun tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunun da 800 min ədədi artıq 2016-cı ildə təmin edilib, 2017-ci ilin yazında əlavə olaraq 450 min ədəd çilik kökləndirilib və bu payızda artıq biz standarta uyğun 300 min ədəd zeytun materialını əkinə yönəldəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar