"MƏN PROSESDƏN ÇƏKİLMƏK NİYYƏTİNDƏ DEYİLƏM" - Rüstəm İbrahimbəyov

"20 ildən sonra yeni mərhələ başlatmışıq. Biz yolumuza davam etməliyik" 

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki kampaniyasının gedişini necə qiymətləndirirsiniz?

- Seçki prosesini izləyirəm. Nəinki izləyirəm, prosesin aktiv iştirakçısıyam. Hər gün Cəmil Həsənli ilə danışıram, məsələləri müzakirə edirik, qərarlar veririk. Hesab edirəm ki, Cəmil müəllim, Milli Şura çox effektiv kampaniya aparır.

Bir məsələni də qeyd edim ki, indiki prezident seçkisi demokratiya, insan hüquqları, ictimai rəyə əhəmiyyət verilməsi, şəffaflıq uğrunda apardığımız mübarizənin tərkib hissəsidir. Mübarizə davam edəcək. Mən də prosesdən çəkilmək niyyətində deyiləm. 20 ildən sonra yeni mərhələ başlatmışıq. Biz yolumuza davam etməliyik.

- Milli Şurada təmsil olunan EL hərəkatı Cəmil Həsənlinin seçki kampaniyasında fəal iştirak etmir...

- Sizinlə razı deyiləm, hərəkat rəhbərliyi də bununla bağlı mövqeyini bildirib. EL hərəkatının üzvləri çox aktiv təbliğat kampaniyası aparır, iş görürlər. Onlar əllərindən gələni edirlər. EL-in imkanlarının geniş, yoxsa məhdud olması başqa məsələdir. Hərəkat yeni yaradılıb, ayaq üzərində durmağa çalışır. Hesab edirəm ki, çox vacib təşkilatdır və inkişaf edəcək. Hələlik isə imkanları məhduddur.

EL hərəkatının üzvləri mitinqlərdə də iştirak ediblər. Paytaxtdakı sonuncu görüş-mitinqdə də olublar. Tribunada olmamalarının, çıxış etməmələrinin səbəbini soruşdum. Dedilər ki, mitinqlərdə əsasən Cəmil müəllim çıxış etməli, fikirlərini, platformasını insanlara çatdırmalıdır. Hesab edirəm ki, düzgün yanaşmadır. Çünki indiki aksiyalar siyasi partiyaların etiraz aksiyaları deyil, təbliğat mitinqləridir. Namizəd də Cəmil Həsənlidir. Mitinqlərdə namizədin özü, ziyalılar, ictimai xadimlər, gənc fəallar, bir sözlə, xalqın təmsilçiləri çıxış etsələr yaxşıdır. Tribunanı Cəmil müəllimə vermək lazımdır. Ona görə də EL hərəkatının bütün üzvləri sonuncu mitinqdə iştirak etsələr də nitq söyləməyiblər.

- Dağıstan Respublikasının rəhbəri, “Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipov prezident İlham Əliyevin namizədliyini dəstəkləyib, Azərbaycanda yaşayan Dağıstan xalqlarını YAP-ın namizədinə səs verməyə çağırıb. Sizin də üzvü olduğunuz Rusiya Azərbaycan Təşkilatları İttifaqı Azərbaycandakı prezident seçkisi haqda müzakirələr aparıbmı?

- Ramazan Abdulatipovun bəyanatını oxumamışam. Amma gözlənilən addımdır. Bir neçə dəfə demişəm, yenə də vurğulamaq istəyirəm ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının məqsəd və planları Azərbaycanla bağlı deyil, bir təşkilat olaraq ölkənin daxili işlərinə qarışmır. İttifaq ona görə yaradılıb ki, diaspor məsələləri ilə məşğul olsun, Rusiyada yaşayan azərbaycanlıların problemlərini həll etsin. Ramazan Abdulatipovun bəyanatı bir daha təsdiqləyir ki, “Milyarderlər ittifaqı”nın kimlərinsə sifarişi ilə yaradılması, Azərbaycanda hakimiyyət çevrilişi hazırlaması, ölkəyə zərər vurmağa çalışması, iqtidarı devirmək istəməsi haqda deyilənlərin hamısı uydurma, yalandır. Hamıya bir daha aydın oldu ki, ittifaq belə işlərlə məşğul olmur. Ramazan Abdulatipovun bəyanatı da bunu göstərir.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini davam etdiririmi? Son zamanlar Koordinasiya Şurasının toplantısı olubmu?

- İttifaq fəaliyyətini davam etdirir. Amma son zamanlar geniş tərkibdə toplantımız, Koordinasiya Şurasının iclası olmayıb. Təşkilatın rəhbəri Abbas Abbasov həm də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin – “AzərRos”un Ağsaqqallar Şurasının sədridir. İki təşkilat aktiv işləyir, tez-tez tədbirlər keçirir, azərbaycanlıları bir araya toplayır. Abbas Abbasov tədbirlərdə iştirak edir.

Rusiya Azərbaycan Təşkilatları İttifaqı və “AzərRos” Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olur, çox böyük işlər görürlər. Əgər Nazim İbrahimovun rəhbərlik etdiyi Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olsaydı, buna maraq göstərsəydi, onda Rusiya Azərbaycan Təşkilatları İttifaqı və “AzərRos”la sıx işləyərdi. Çünki Rusiyada bizim soydaşlarımızla bağlı iş görən əsasən bu iki təşkilatdır, imkanları da çox genişdir. Bunu etməmələri bir yana, Diasporla İş üzrə Dövlət Komitəsi “AzərRos”u əməkdaşlıq etdiyi təşkilatlar siyahısından çıxarıb. Hesab edirəm ki, çox yanlış qərardır. Axı hamı bilir ki, burada yaşayan, işləyən azərbaycanlıların böyük problemləri var, onlara kömək lazımdır. Bu problemləri aradan qaldırmaq üçün ciddi işlər görülməlidir, fəal işləmək lazımdır, danışmaqla iş düzəlmir. Rusiya Azərbaycan Təşkilatları İttifaqı və “AzərRos” da bunun üçün çalışır. Təşkilatların rəhbərliyində təmsil olunan insanların Rusiya hakimiyyəti ilə yaxşı münasibətləri, əməkdaşlıqları var. Ona görə də soydaşlarımızın köməyinə çata bilirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar