Benzini bahalaşan SOCAR istiqrazlarının faizini ödədi

Azərbaycanın qiymətli kağızlar bazarında ən çox tələbat göstərilən qiymətli kağız olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

“SOCAR Capital” şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, iyulun 17-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.

İyulun 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına köçürüləcək və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

Xatırladaq ki, bu, SOCAR İstiqrazları üzrə artıq üçüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində baş tutub. İyulun 17-də həyata keçirilən faiz ödənişini də nəzərə aldıqda, SOCAR İstiqrazları öz sahiblərinə indiyədək 3,75 milyon dollar gəlir gətirib.

SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazları üzrə faiz ödənişlərinin qrafikə uyğun olaraq həyata keçirilməsi şirkətin sabit maliyyə vəziyyətinin və öhdəliklərinə intizamlı şəkildə əməl olunmasının göstəricisidir:

"Bir qədər əvvəl açıqlanan 2016-cı ilin maliyyə nəticələri SOCAR-ın maliyyə durumunun kifayət qədər sabit və etibarlı olduğunu bir daha göstərdi. Digər fəaliyyətləri ilə yanaşı, kapital bazarlarının da aktiv iştirakçısına çevrilmiş SOCAR, istiqrazlara yatırım edən investorların etimadını doğrultmağa böyük önəm verir. Faiz ödənişləri 11 iyul tarixində artıq Milli Depozit Mərkəzinin hesabına göndərilmişdi ki, investorlarımız heç bir problemlə üzləşməsinlər və vaxtlı-vaxtında vəsaitlərini götürə bilsinlər".

Xatırladaq ki, SOCAR İstiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR İstiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.

Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib.

2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar