“Cənub Qaz Dəhlizi mühüm rol oynayır” – İlham Əliyev

Dərc olunub: 17/07/2017 - 23:58

ilham12“Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də latviyalı həmkarı Raymonds Veyonisin adındanonun şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.
O, Azərbaycan və Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb:
“Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik.

Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır”.

Prezident bildirib ki, bu gün iki ölkə arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

“Əminəm ki, sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan və Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcək”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı regionda təhlükəsizlik məsələlərinə də toxunub:
“Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə sizə minnətdaram”.

İlham Əliyev iki ölkənin tarixində oxşar məqamların olduğunu qeyd edib:
“1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi.
Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar.

Humanitar əlaqələrimizin də zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa edib. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaradıblar”.


loading...


Fikrinizi bildirin