BİZƏ ZƏHƏR YEDİRƏNLƏR İFŞA OLUNDU - Baş Prokurorluqdan açıqlama

Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyədək artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

GÖMRÜK KOMİTƏSİ EKSPERTİZA KEÇİRDİYİNİ BƏYAN ETMİŞDİ

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Ukraynadan idxal edilərək Azərbaycanın müxtəlif bazar və dükanlarında satılan "Qualiko" əmtəə nişanlı dondurulmuş toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olduğuna dair məlumatlar yayılıb.

Yayılan informasiya ilə bağlı açıqlama verən Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir:

"Qualiko" əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan müvafiq sənədləri - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatını, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını, bir sözlə qanunvericilikdə nəzərdə tutulan sənədləri müvafiq gömrük orqanına təqdim edib. Bundan sonra yükün qida təhlükəsizliyinin təyin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhsulun təyin olunmuş normativlərə uyğun olduğu da müəyyən edilib. Eyni zamanda, idxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb və laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliliyin normaya uyğun olduğu göstərilib. Qanunvericilikdə nəzərdə tutulan bütün prosedurlar həyata keçirildikdən sonra "Qualiko" əmtəə nişanı adı altında ölkəyə idxal olunan toyuq əti məhsulları gömrük rəsmiləşdirilməsindən keçirilib".

[gallery columns="4" size="full" ids="340330,340331,340332,340333"]

Qurumun Mətbuat Xidməti gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanına təqdim olunan sənədlərin surətini də ictimaiyyətə açıqlayıb.

DÖVLƏT BAYTARLIQ XİDMƏTİ CİDDİ NƏZARƏT OLDUĞUNU DEMİŞDİ 

Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur

Bir sıra kütləvi informasiya vasitələrində Ukrayna Respublikasından gətirilən "Katkut” və "Ular” adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a verilən məlumata görə, respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunur.

Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. O cümlədən Ukrayna Respublikasından gətirilən "Katkut” və "Ular” adlı dondurulmuş toyuq əti və budlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli 25 saylı əmrinə əsasən ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə uyğun olaraq müayinələr aparılmışdır. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmamışdır.

Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən Ukrayna Respublikasından gətirilən "Katkut” və "Ular” adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyyən edilmişdir. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməmışdir. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur.

Azərbaycanda insan həyatı üçün təhlükəli toyuq ətinin satıldığı haqda məlumat yayılmışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov (AİB) bildirib ki, məhsullar Ukraynadan ölkəmizə gətirilib.

O bildirib ki, keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, “Qualiko” (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur.

E. Hüseynovun sözlərinə görə, AİB-in ekspertizası müəyyən edib ki, həmin məhsullarda nəmliyin miqdarı normadan çoxdur, norma 4% olduğu təqdirdə bu məhsullarda nəmlik 40% olub. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunub.

AİB sədri qeyd edib ki, təzəlikcə “Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub. Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib: “Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. AİB bununla bağlı sənədləri Baş Prokurorluğa göndərib. Lakin bizdə olan məlumata görə, “Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır. Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur”.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar