Prezident Pirallahıda balıqyetişdirmə fermalarının təməlini qoyub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısına müəssisə barədə məlumat verilib.

Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulub. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən iki il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Çökə balığından kürünün çıxarılması müddəti isə təxminən üç il təşkil edəcək. Qapalı tipli ferma Avropa ölkələrində istehsal edilən ən son texnologiyalarla təchiz olunacaq.

Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır.

Prezident İlham Əliyev Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə də tanış olub.

Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - balıq bazarı yaradılıb. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıq qurulub. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.

Bildirildi ki, kompleksin ətrafındakı ərazi yaşıllaşdırılıb, sahil zonası abadlaşdırılıb. Burada park salınıb, əhalinin istirahəti üçün yüksək şərait yaradılıb. Parkda oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur.

İndi Pirallahı rayonunun simasının mühüm elementinə çevrilən bu parkda yaradılan şərait bir daha təsdiqləyir ki, əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması, onların sosial tələbatının nəzərə alınması hər zaman diqqət mərkəzindədir və bununla bağlı ardıcıl tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar