“Prezident seçiləcək şəxsin legitimliyinin 100% tanınmasına nail olmaq lazımdır” – Müsahibə

Əbülhəsən Abbasov: “Hakimiyyət daxilində müəyyən qüvvələr var ki, onlar prezident İlham Əliyevin hakimiyyətdə qalmasını bir şərtlə istəyirlər ki, onun hakimiyyəti qeyri-legitim və kövrək olsun”

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca seçkilərdə iştirak edən namizədlər tərəfindən ölkənin gələcək inkişafı, milli təhlükəsizliyi, Qarabağ probleminin həlli yolları və s. prioritet məsələlərlə bağlı səsləndirilən fikirlərin rəng və çaları da yüksələn mübarizə tempinə uyğun şəkildə artmaqdadır. Hazırda cəmiyyəti narahat edən bir çox problemlərin həlli ilə bağlı ictimai-siyasi sferada kifayət qədər ideya rəngarəngliyi müşahidə edilsə də, bu fikirlərdən hansının Azərbaycanın dövlət və milli maraqlarına daha çox cavab verdiyi, hansı ideyaların gələcəkdə müəyyən fəsadlara səbəb ola biləcəyi xalqın geniş təbəqələri üçün o qədər də aydın deyil. Məhz bu səbəbdən də tanınmış alim, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru Əbülhəsən Abbasovla söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə, namizədlər tərəfindən səsləndirilən başlıca ideyaların müsbət və mənfi tərəflərini şərh etməyə, optimal çıxış yollarını araşdırmağa çalışdıq.

- Əbülhəsən müəllim, öncə prezidentliyə namizədlərin keçirdiyi debatlarla bağlı fikirlərinizi bilmək istərdik. Bu debatların səviyyəsi sizi qane edirmi və sizcə keçirilən debatlarla bağlı mübət və mənfi məqamlar nədən ibarətdir?

- Əlbəttə, bu debatları birmənalı şəkildə qiymətləndirmək çətindir və bu, bəlkə, mümkün də deyil. Əgər debatların təfərrüatlarını və orda iştirak edən siyasətçilərin ideya-siyasi, elmi-nəzəri, əməli-praktiki və mənəvi-əxlaqi yetkinliyindən tutmuş leksikalarına, irəli sürdükləri ideya, təklif və töfsiyələrə qədər bir çox amilləri nəzərə alsaq, görərik ki, təhlilin özü çoxçeşidli yanaşma tələb edir. Bu debatlarda xoşagəlməyən tərəflər kimi müsbət tərəflər də çoxdur. Debat iştirakçılarının əksəriyyəti çalışır ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı konkret fikirlər səsləndirsin. Şübhəsiz, burada da fərqlilik çoxdur. İqbal Ağzadənin bu debatlarda iştirakı məndə müsbət təəssürat yaradır. O, debatlarda konkret görəcəyi işlərə toxunur, habelə müasir dövrün siyasi meyarlarına riayyət etməyə çalışır. Onun istər danışığı, istərsə də davranışı daha çox sivil və konstruktiv xarakter daşıyır. Sərdar Cəlaloğlunda da bu cür məqamlar özünü hiss etdirir. Doğrudur, onun səsləndirdiyi bəzi məsələlər var ki, onları anlamaq bir qədər çətindir. Məsələn, sosial dövlət məsələsini götürək. Bu, Azərbaycan konstitusiyasında öz əksini tapan bir məsələdir. Bununla belə, Sərdar bəyin mülahizələrində də maraqlı məqamlar yetərincədir. O, siyasi yetkinlik baxımından da özünü doğruldur. Fərəc Quliyev və digərlərinin fikirlərində də maraqlı məqamlar az deyil. Zahid Orucun çıxışları da mənə xoş təsir bağışlayır. Bu şəxs daxili hiyləgərlik olmadan çıxış edir. O, daxili inam və vurğunluqla, habelə məntiqə əsasən çıxış edir. Rəqibə qarşı qurşaqdan aşağı zərbələrə meyillənmir. Bu cür insanlar gələcəkdə də Azərbaycan siyasi mühitində, idarəetmə sistemində pozitiv rol oynaya bilərlər. Bu məsələlərə hansısa cəbhə, tərəflilik mövqeyindən yanaşmaq doğru deyil. Qüdrət Həsənquliyevin də çıxışlarında maraqlı məqamlar var. Lakin elə məqamlar var ki, mən bunu qəbul etmirəm.

- Maraqlıdır, Qüdrət Həsənquliyevin hansı fikrini Azərbaycanın maraqları baxımından zərərli hesab edirsiniz?

- Bilirsiniz, onun çıxışlarında sanki cəmiyyətə belə bir mesaj verilir ki, əgər Rusiya Qarabağ məsələsində Azərbaycana birmənalı şəkildə dəstək olarsa, o zaman biz bunun qarşılığında Rusiyanın maraqları çərçivəsində olan ittifaqlara, məsələn Avrasiya İttifaqına, Gömrük İttifaqına və s. daxil ola bilərik. Zənnimcə bu, düzgün mesaj deyil. Ölkə başçısının da buna gedəcəyinə inanmıram. Ola bilsin ki, hakimiyyət daxilində hansısa qüvvələr bunu istəsin. Ancaq bu, Azərbaycan üçün məqbul variant deyil. Çünki bu variant Azərbaycanın son 20 ildə əldə etdiyi uğurların da itirilməsinə səbəb ola bilər. Üstəlik də, Rusiya etibar ediləcək dövlət deyil. Biz bir neçə yüz ildən sonra müstəqillik əldə edən dövlətik və buna görə də istənilən problemin həllini bu müstəqilliyin, suverenliyin çərçivəsində axtarmalıyıq. Suverenliyimizə qarşı olan təhdidlər qarşısında baş əyməməliyik. Qüdrət bəyin təkidlə vurğuladığı “Şimali Azərbaycan” ifadəsini də məqbul saymıram. Bir çox taleyüklü problemlər ortada olduğu halda, birdən-birə, iki yüzillik böyük məsələnin ağır yükünün iyirmi illik mərhələnin üzərinə qoymaq düzgün deyil. Belə yanaşma ilə biz olanımızı da itirərik.

- Hafiz Hacıyev və Araz Əlizadənin debatlarda iştirakını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu şəxslər seçkiyə qədər debatlardan uzaqlaşdırılmalı, onların namizədliyi geri götürülməlidir. A. Əlizadənin bioqrafiyasında Azərbaycan dövlətçiliyi ilə bağlı xoşagəlməyən, qaranliq məqamlar var. İkincisi, onun həm davranışı, həm də danışığı siyasi mədəniyyət çərçivəsinə sığmır. A.Əlizadə özünü cığal Bakı yeniyetməsi kimi aparır. H.Hacıyev isə pis formada Jirnovski rolunu oynayır. Ağzına gələni danışır və faktiki olaraq millətin 70%-ni erməni edib. Bu şəxsin çıxışlarında özünə yönəlik ittihamlar da kifayət qədərdir. Belə şübhəli şəxslərin seçki prosesində iştirakı milli maraqlar baxımından arzuedilən deyil. Bu, həm daxili, həm də beynəlxalq ictimai rəydə mənfi təəssürat yaradır. Unutmaq olmaz ki, seçkilərdə iştirak edən namizədlər həm də millətin səviyyəsini göstərir. Şükürlər olsun ki, millətin səviyyəsi bu səviyyədə deyil. 9 oktyabr tarixinə qədər bu insanların namizədlikləri geri götürülməlidir. Bunun üçün yetərincə əsaslar da mövcuddur. Bu biabırçılığı sona qədər aparmağa ehtiyac yoxdur. Dünya da görər ki, biz millət və dövlət olaraq yol verdiyimiz hər hansı səhvi operativ şəkildə aradan qaldıra bilirik. Mən istəməzdim ki, seciləcək prezidentin adı tarixə bu şəxslərlə bir yerdə düşsün.

- Lakin bir çoxları hesab edir ki, əslində hər iki şəxsin debatlarda iştirakı iqtidarın “xeyir-duası” əsasında reallaşır və hakimiyyət bunu öz maraqları baxımından məqbul hesab edir. Bu variant sizə inandırıcı görünürmü?

- H.Hacıyevlə A.Əlizadənin debatlarda iştirakı iqtidarın da tam ziyanına işləyir. Bu, prezidentin gördüyü işlərə də kölgə salır, ona qarşı mənfi münasibət formalaşdırır. Düşünürəm ki, hakimiyyət daxilində müəyyən qüvvələr var ki, onlar prezident İlham Əliyevin hakimiyyətdə qalmasını bir şərtlə istəyirlər ki, onun hakimiyyəti qeyri-legitim və kövrək olsun. Onlar İ.Əliyevin prezidentliyi ilə bağlı qeyri-legitimlik ab-havasının mövcudluğunda, şübhəli məqamların çoxluğunda maraqlıdırlar. Onlar çalışırlar ki, ölkə başçısı cəmiyyətin gözlədiyi radikal, çoxçeşidli islahatları lazımi səviyyədə və miqyasda apara bilməsin. Başqa sözlə, ölkə başçısı hakimiyyət daxilindəki bu məkrli dairələrdən asılı olsun. Beləliklə də, öz istəklərini, talançılıqlarını, özbaşınalıqlarını cəmiyyətə diktə eləsinlər. Onlar öz dəbdəbəli həyatlarını, tükənməz sərvət toplamaq arzularını bu şəkildə təmin etməyə çalışırlar. Mənim gəldiyim qənaət bundan ibarətdir. İnanmıram ki, cənab İlham Əliyev H.Hacıyev və ya A.Əlizadə kimi insanların dırnaqarası qulluğuna ehtiyac duysun. İ.Əliyevin 10 illik prezidentliyi dövründə xeyli işlər görülüb. İ.Əliyevin özü insanların qarşısında bu şəxslərdən qat-qat yaxşı danışır və fikirlərini də daha səlis formada çatdırır. Hesab edirəm ki, iqtidar və ya müxalifət mövqeyində dayanmasından asılı olmayaraq, bütün sağlam qüvvələr bu məsələyə çox ciddi yanaşmalıdır. Söhbət hakimiyyətdə olub hakimiyyətə, dövlətə qarşı məkrli iş görənlərdən gedir.

- Sizcə seçkilərdə qalib gələn şəxsin legitimlik problemi olacaqmı? Əgər olacaqsa, belə bir problem Azərbaycanın dövlət və milli maraqlarına mənfi mənada təsir göstərə bilərmi?

- Prezident seçiləcək şəxsin legitimliyinin 100% tanınmasına nail olmaq lazımdır. Çalışmalıyıq ki, prezident seçiləcək şəxsin legitimliyi nə daxili, nə də beynəlxalq müstəvidə hər hansı bir şübhə doğurmasın. Dünyada gedən bəşəri böhranı nəzərə alsaq, Suriya, Misir, Liviya və s. dövlətlərin müxtəlif adlar altında qurban getdiyini diqqətə alsaq, aydın olar ki, biz bu proseslərdən ehtiyatlanmağa hər kəsdən daha çox məcburuq. Kim təminat verir ki, maliyyə-sələmçi qlobal kapitalizm Azərbaycanı qurbanlıq toğlusuna çevirməyəcək? Əgər prezidentin legitimliyi birmənalı qəbul edilməsə, bu, ölkədə köklü iqtisadi islahatların aparılmasına da imkan verməyəcək. Buna birinci növbədə hakimiyyətdəki bəzi oliqarxik qüvvələr mane olacaq. Hansı ki, onların Rusiyanın müəyyən dairələri ilə əlaqələrə malik olduğu istisna deyil. Biz bu gedişlə Qarabağ problemini də həll edə bilmərik. İstənilən zaman Azərbaycanda vətəndaş qarşıdurmasını da tətikləyə bilərlər. Bu baxımdan, millət də, cəmiyyət də, dövlət də ayıq-sayıq olmalıdır. Xırda hislər, keçici qazanclarla yaşamaq olmaz.

- Bəzi namizədlər hesab edir ki, Azərbaycan prezident respublikasından imtina etməli və parlamentli respublika qurulmalıdır. Onlar bunu demokratik prinsiplər baxımından da daha məqsədəuyğun hesab edir. Siz necə, Azərbaycanda parlamentli respublikanın formalaşmasını zəruri hesab edirsinizmi?

- Bu fikrilər daha çox Qüdrət Həsənquliyev və bir də İlyas İsmayılovun vəkilləri, həmçinin, səhv etmirəmsə, Cəmil Həsənlinin çox istedadlı, qabiliyyətli vəkili Erkin Qədirli tərəfindən səsləndirilib. Yuxarıda söylədiyim fikirləri nəzərə alsaq, deməliyəm ki, bu gün bu variantın özünü də məqbul hesab etmirəm. Çünki hal-hazırda çox ciddi bəşəri böhrandan söhbət gedir. Bu böhran elə maliyyə-sələmçi qlobal kapitalizmin və onun aparıcı ideya-siyasi daşıyıcısı olan liberalizmin böhranıdır. Hədsiz dərəcədə təbəqələşmə, fəlakətli proseslərin baş alıb getməsi, ayrı-ayrı regionlarda mənfi tendensiyaların formalaşması, hətta Avropada belə, müxtəlif ölkələrin ciddi böhranla qarşılaşması bir faktdır. Bu, bəşəriyyətin qlobal böhrandan xilasını aktuallaşdırır və Azərbaycanın bütün potensialını ağır bəşəri yükün altına vermək olmaz. Indiki məqamda olduqca ağıllı davranmaq lazımdır. Dövlət idarəetmə formasını parlamentli respublika ilə dəyişməyə qətiyyən getmək olmaz. Bu, Azərbaycanı daha da zəiflədər. Cəmiyyətin ayrı-ayrı strukturlarının enerjisini də aparır, hakimiyyətin monolitliyinə, vahidliyinə də ziyan gətirər. Eyni zamanda, onsuz da xaotik olan dünyada ölkə üçün əlavə xaotizasiya faktorları yaradar, məkrli qüvvələr üçün fürsət imkanları formalaşdırar. Bu baxımdan bu gün belə bir dəyişikliyə lüzum görmürəm. Ola bilsin ki, gələcəkdə belə bir dəyişiklik məqbul olsun. Lakin söhbət bu gündən gedirsə, parlamentli respublikaya keçmək düzgün deyil. Bu, nə Qarabağ probleminin həllinə, nə dövlətçiliyin möhkəmlənməsinə, nə suverenliyin artmasına, nə də iqtisadi problemlərin həllinə xidmət edə bilməz. Əksinə, bu, fəlakətli olaylarla sonuclana bilər.

- Namizədlər arasında daxili saflığına, səmimiyyətinə və eyni zamanda səriştəsinə şəksiz əmin olduğunuz kimsə varmı?

- Əslində, qeyri-korrekt sualdır. Debatda iştirak edən namizədlərin, demək olar ki, əksəriyyəti siyasi məsələlərdə naşı olmayan insanlardır. Debatda prezident İ.Əliyevin səlahiyyətli nümayəndələri də iştirak edir. Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov da öz sahələrində zəhmət çəkmiş, bu yöndə kamilləşmiş insanlardır. Onlar ölkə başçısının siyasi kursunu həyata keçirməklə məşğul olublar. Indi hansısa partiya mövqeyindən çıxış edib bu insanları birmənalı şəkildə qara rənglə boyamağın özü də düzgün və ədalətli deyil. Ölkədə baş verən müsbət proseslərdə onların da rolu var. Nələrinsə çatışmaması, hansısa problemlərin mövcudluğu və s. bu, tamam başqa məsələdir. Əslində seçkidə öz namizədliyini irəli sürən Zahid Orucun dəstəklədiyi siyasi kurs da prezident İ.Əliyevin kursudur. Burada fərq sadəcə bu inkişafı daha optimal və qısa müddətdə təmin etməklə bağlı fərqli baxışlardan gedir. Fərəc Quliyevin özü də peşəkar siyasətçidir. O, uzun müddətdir ki, siyasətdə olan şəxsdir, mülahizələrində milli məqamlara ciddi diqqət yetirir. Mən nə bu insanları, nə də başqa namizədləri Azərbaycanın gələcək inkişafı ilə bağlı məsələlərdə qeyri-səmimilikdə suçlaya bilmərəm. Bunun üçün əsas da yoxdur.

- Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçkidə iştirakı ilə bağlı düşüncəniz nədən ibarətdir. Sizcə hörmətli professor debatlarda Milli Şura və bu qurumda təmsil olunan qüvvələri yetərincə təmsil edə bilirmi?

- Cəmil müəllim üzərinə hansısa bir missiya götürüb və çalışır ki, müəyyən məsələləri diqqətə çatdırsın. Lakin hörmətli Cəmil müəllimin çıxışlarında konkret kurs, ciddi işlənilmiş hansısa fərqli alternativ ortaya qoyulmur. İnqilabçılıq ruhu, ittihamçılıq və təkzibetmə var, ancaq əməli işlərə əsas ola biləcək sistemli nəzəriyyə, fərqli yeni quruculuq naminə ideya və prinsiplər yoxdur. Bütün tərəflərin gələcək ictimai quruculuqda fəal iştrakına bir etibarlı təminat da verilmir. Vəd edilən cənnətə kor-koranə, nəzəriyəsiz-konsepsiyasız getmək olarmı? Üstəlik, getdiyin yol da, reallaşdırmağa çalışdığın proyekt də özününki deyilsə!?

- Belə çıxır ki, qaneedici kurs yoxdur.

- Bütövlükdə saf-çürük edəndə bəlli olur ki, Cəmil müəllimin kursu elə prezident İlham Əliyevin kursudur. Baxın, Cəmil müəllim və vəkilləri demirlər ki, biz kapitalizmdən o tərəfdə nə isə qurmalıyıq. Onlar demirlər ki, biz bazar iqtisadiyyatını istəmirik və s. Kapitalizmin özünün atributları var. Kapitalizm bir quruluş kimi kökündən fərqliliyə söykənir. Inkişaf daha çox potensiallar fərqi hesabına baş verir. Kapitalimzdən söhbət gedirsə, bərabərçilikdən söhbət gedə bilməz. Bu başqa məsələdir ki, inkişaf etmiş kapitalizm ölkələrində qeyri-qanuni varlanmanın, sui-istifadələrin qarşısını kifayət qədər uğurla ala bilirlər. Hüquqi dövlət mexanizmləri bu məsələlərdə kifayət qədər yaxşı işləyir. Hüquqi dövlət mexanizmlərinin tətbiqi üçün onun zaman-məkan konteksində və milli səciyyə daşıyan fəaliyyətini nəzərdə tutan nəzəriyyəyə ehtiyac var. Lakin bunu görmədim. Mən də bu gün deyə bilərəm ki, həddindən artıq ağır şərtlər altında yaşayanlar var və ya son dərəcədə dəbdəbəli həyat sürən varlılar var. Lakin bunu demək yetərli deyil. Madam ki, bu problemlərə toxunursan, gərək o zaman bu problemlərdən çıxış yollarını da göstərəsən. Əgər hesab ediriksə ki, hüquqi dövlət modeli öz reallaşmasını tapmalıdır, bunun üçün gərək bu hüquqi dövləti öz beynimizdə özümüzünküləşdirək. Bunu ilk növbədə təfəkkürümüzdə, nəzəri olaraq, özününküləşdirməliyik. Funtamental nəzəri-konseptual bilgi sərgiləmək baxımından çox böyük çatışmazlıqlar var. Bu gün hüquqi dövlətdən danışan insanların fikirlərində bu konsepsiyanın prinsip və mexanizmlərinin etibarlı fəaliyyətini nəzərdə tutan nəzəri lay görünmür. Yadımdadır, hələ o vaxtlar Heydər Əliyev xarici müxbirlərin birinin müxalifətlə bağlı sualına belə cavab vermişdi ki, mən onların nəzəriyyələrini, prinsiplərini görmürəm, hansı nəzəriyyə ilə hərəkət etdikləri mənim üçün qaranlıqdır. Bu məsələ, eləcə də, cəmiyyət üçün qaranlıqdır. Bu gün də problem öz aktuallığını saxlayır. Niyyət, arzu yaxşı şeydir, ancaq ictimai praktika real təminat tələb edir. Mən hələ əməli səriştə və peşəkarlıqdan danışmıram.

- Sizcə bu debatlar cəmiyətin siyasi baxımdan, az da olsa, maariflənməsinə kömək edəcəkmi?

- Şübhəsiz ki, bu debatların xalqın psixologiyası və şüuruna təsiri var. Bu, xüsusilə də gəncliyin düşüncəsinə daha çox təsir edir. Bu baxımdan debatlar cəmiyyətdə müəyyən qədər detanator rolunu oynayır. Əlbəttə, cəmiyyətdə böyük bir qisim də var ki, onlar bu proseslərə tamamilə biganədirlər. Lakin baş verənləri aktiv surətdə izləyən, bu proseslərə münasibət bildirən insanlar da az deyil. Debatlarda diqqət çəkən məsələlərdən biri Qarabağın azadlığı ilə bağlı müxtəlif təkliflərin səslənməsidir. Hələ debatlardan da öncə belə bir fikir vurğulanırdı ki, biz bu məsələdə kimsəyə arxayın olmamalı, məlum problemi öz imkanlarımız hesabına həll etməliyik. Çünki Qarabağ probleminin həllində iştirakını nəzərdə tutduğumuz dövlətlərin hər birinin öz məqsəd və planları var. Bu səbəbdən də iri güclər Qarabağ probleminin ədalətli həllində maraqlı deyillər. Bu, ümumən götürüləndə düzgün mövqedir. Lakin burda bir məqama diqqət yetirmək lazımdır. Hər bir dövlət qlobal müstəvidə nəhəng bir sistemin elementidir. Hətta özünə kifayət qədər güvənsən belə, yenə də öz işini qlobal aləmdə düzgün qurmalısan. Beynəlxalq hüquq, beynəlxalq münasibətlər səviyyəsində işi düzgün qurmaq lazımdır. İkincisi, torpalqarını azad etməyə çalışan cəmiyyət daxili hazırlığını bu formada, bu səviyyədə aparmır. Biz sözdə özümüzə güvənməkdən danışırıq, lakin əməldə, reallıqda iş başqa cürdür.

- Sizcə işğaldakı torpaqların azadlığına nail olmaq üşün konkret hansı addımlar atılmalıdır?

- Torpağın azadlıq məsələsi torpağın özündən gəlməlidir. Horadizdə muğam müsabiqəsi keçirilir, hansı ki, onu bir çoxları kimi mən də izləyirəm. Ancaq mən bu gün orda muğam məktəbi deyil, hərbi məktəb açmağı daha vacib hesab edirəm. Torpağını azad etmək istəyən millət gecə-gündüz hansısa muğamın hansısa guşəsinin, ayağının əyri və ya düz olmasını deyil, bu torpaqları nəyin bahasına olursa-olsun azad etmək haqqında düşünməlidir. Insanlara məhz belə bir ovqat aşılanmalıdır. Ola bilsin ki, Qarabağ bölgəsində hansısa muğam məktəbinin fəaliyyətinə ehtiyac var. Lakin ondan ehtiyaclısı hərbi təhsilin mövcudluğudur. Qarabağdan olan insanların hərbə daha çox yönləndirilməsi də vacibdir. Hər bir azərbaycanlı, xüsusən də qarabağlılar şou-biznesdə iştirakdan daha çox torpaqları azad etmək haqqında düşünməli, bunun üçün müəyyən bacarıq və səriştəyə yiyələnməlidirlər. Lakin görünən odur ki, hələ ki, proseslər bir qədər fərqli istiqamətdə cərəyan edir.

- Milli və dövlət maraqlarını daha yaxşı qorumaq üçün beynəlxalq sferada düzgün münasibətlər qurmaq və bacarıqla manevr etməyin önəmini vurğulayırsınız. Sizcə Azərbaycan diplomatiyası bu baxımdan öz işini səmərəli qura bilibmi?

- Reallıq bundan ibarətdir ki, biz beynəlxalq aləmdə hətta səfirliklərimiz səviyyəsində ciddi səhvlərə yol veririk. Bizim böyük dövlətlərdə fəaliyyət göstərən səfirlərimiz ard-arda ciddi səhvlər buraxır. Azərbaycanın Rusiyadakı səfiri atdığı addımlarla bağlı özünə hesabat vermir. Bu adam Qarabağ problemini, dövlət və milli maraqlarını nəzərə alıb öz fəaliyyətini bu istiqamətdə qurmaq əvəzinə, özünü sırf mədəniyyət işçisi, bəstəkar və müğənni kimi təqdim etməyə çalışır. Özünü hədsiz dərəcədə tolerant, humanist və s. insan kimi tanıtmağa cəhd edir. Belə bir məqsəd və fəaliyyət sərgiləyən adam səfir vəzifəsində çalışmamalı, gedib öz işi ilə məşğul olmalıdır. Səfir postunda çalışan şəxsin vəzifəsi öz humanizm və tolerantlığını nümayiş etdirmək deyil. O, Azərbaycan dövlətinin üzləşdiyi problemlərin həlli yolunda, onun maraqlarının daha yaxşı qorunması istiqmətində fəaliyyət göstərməlidir. Azərbaycana basqı göstərən Rusiyanın siyasi-oliqarxik dairələri ilə münasibətində də özünü tolerant və humanist bir şəxs kimi aparır. Onda nə Qarabağ probleminin həlli, nə də Rusiyanın Azərbaycana siyasi basqıları fonunda hər hansı bir narahatlıq özünü büruzə vermir. Səfir vəzifəsi özünü dünyaya daha mədəni, tolerant və humanist göstərmək üçün nəzərədə tutulan post deyil. Burada söhbət yalnız Polad müəllimdən getmir. Səfir vəzifəsi dövləti təmsil etmək, onun maraq və problemlərini diqqətdə saxlamaq, həll etmək üçün nəzərədə tutulan bir postdur. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda səfirlər səviyyəsində də ciddi işlər görülməlidir. Xüsusən də, “ştrafnoya” düşənləri səfir göndərmək praktikası kökündən düz deyil. Və ümumiyyətlə, bu sistem qətiyyən tanışlıq, qohumbazlıq, subyektiv mənfəətlər, qeyri-professionallıq yeri olmamalıdır. Azərbaycan XİN-in fəaliyyəti o qədər də ürəkaçan deyil. Əgər biz həqiqətən də Qarabağ probleminin həllinə nail olmaq istəyiriksə, iri dövlətlər tərəfindən bizə edilən basqıların qarşısında həqiqətən də möhkəm bir sipər formalaşdırmaq istəyriiksə, o zaman xarici diplomatiya sahəsində öz işimizi ağıllı şəkildə, olduqca yüksək səviyyədə və milli köklər üzərində qurmalıyıq. Ancaq təəssüflər olsun ki, mən hələ ki, bunu görmürəm.

Seymur Əliyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar