"Galendewagen"lə piyadanı öldürən şəxs həbs olundu - Silahlı insidentdə iştirakı araşdırılır

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Buzovnada "Mercedes Benz-Galendewagen" markalı avtomobillə yolu keçmək istəyən piyadanın vurulması ilə bağlı birgə məlumat yayıb.

"Report" xəbər verir ki, birgə məlumatda qeyd edilib ki, iyulun 20-də saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı - 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus “Mercedes Benz G63” markalı, 10 LJ 010 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürətin maksimum həddinin 90 km/saata qədər məhdudlaşdırıldığı sahədə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Bakı-Bilgəh yolu ilə saatda 100 km/saat sürətlə hərəkət edərkən yolu keçən piyada - 1959-cu il təvəllüdlü, Buzovna qəsəbəsində kirayədə yaşayan Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu yaradılaraq dərhal hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilib, hadisə yeri ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilib.

Bəhman Səfiyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işi üzrə, eləcə də Bəhman Səfiyevin bir qrup şəxslə 2015-ci ildə Nərimanov rayonu ərazisində baş vermiş silahlı insidentdə iştirakı ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin Bəhmən Şəfiyevin adı bundan əvvəl Bakının “Kral” restoranında baş vermiş silahlı insidentdə çəkilib. Belə ki, ötən il  Bakı Apellyasiya Məhkəməsində silahlı insident törətməkdə ittiham olunan Bakı şəhər sakini Sənan Dünyamalıyevin işi üzrə məhkəmə keçirilib. O, silahdan atəş açmaqda və xuliqanlıqda ittiham olunurdu. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 6 iyun, 2015-ci ildə ildə “Kral” şadlıq sarayının binasında baş verib. S.Dünyamalıyev özündə olan “Shurshill” markalı ov tüfəngindən atəş açıb, atəş nəticəsində şadlıq sarayının pəncərə şüşələri sınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb. Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından “Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar